Ekoloji terror dayandırılana qədər aksiya davam etdiriləcək
Digər xəbərlər

Ekoloji terror dayandırılana qədər aksiya davam etdiriləcək

Odlar yurdu Azərbaycan dünyada əsasən neft-qaz ölkəsi kimi tanınsa da, əlverişli təbii şəraiti, münbit torpaqları, yeraltı-yerüstü sərvətləri ilə də daim diqqət mərkəzində olmuşdur. Lakin təbiətin yurdumuza bəxş etdiyi zəngin torpaq fondu, bitki örtüyü, su resursları, faydalı qazıntılar, keçilməz meşələr tarix boyu mənfur qonşularımızın gözdağına çevrilmişdir. Elə vaxtilə ermənilərin əzəli yurd yerlərimizə məqsədyönlü şəkildə yerləşdirilməsinin səbəbi də bu idi. Onlar barlı-bərəkətli torpaqlarımıza sahiblənmək niyyəti ilə insanlıq adına yaraşmayan hər cür alçaqlıqlara əl atmış, müxtəlif illərdə ərazilərimizi işğal edib yerli camaatı ev-eşiyindən didərgin salmış, onlara qarşı qətliamlar, soyqırımları törətmişlər. 1988-1992-ci illərdə törətdikləri vandallıq əməlləri də Azərbaycanın dilbər guşələrini, xalqımızın sahib olduğu tükənməz nemətlərini ələ keçirmək üçün 200 illik işğalçılıq siyasətinin davamı idi.

Torpaqlarımızı 30 il əsarətdə saxlayan ermənilər bu müddət ərzində sərvətlərimizi talan etmiş, meşələrimizi yandırmış, ekologiyamıza ciddi ziyan vurmuşlar. İsğal olunmuş ərazilərdə erməni isğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə aidiyyəti qurumlar tərəfindən dəfələrlə  Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının Baş katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın İcraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin prezidentinə rəsmi müraciətlər edilsə, bu istiqamətdə təxirəsalınmaz tədbirlərin vacibliyi diqqətə  çatdırılsa da, heç bir beynəlxalq təşkilat tərəfindən talançı Ermənistanın bu əməllərinin qarşısı alınmamışdır.

İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Düşmən ölkə təslim olduğunu bəyan edərək kapitulyasiya aktı imzaladı. 2020-ci il noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanatın 3-cü bəndinə əsasən, erməni silahlı qüvvələrinin çıxarılması şərtilə Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti Qarabağda təmas xətti və Laçın yolu boyunca yerləşdirildi. Və bu sülhməramlıların missiyası vəziyyətə nəzarət edərək hər iki tərəf arasında sülhü, sabitliyi təmin etməkdir...

30 il beynəlxalq hüquq normalarına məhəl qoymayaraq işğalçılıq siyasətini davam etdirən Ermənistan bu gün də 10 noyabr Bəyanatını imzalayarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Düşmən hələ də öz məzhəbincə müharibəni davam etdirir və nə vaxtsa "zəfər" çalacağına ümid bəsləyir. Və çox təəssüf ki, işğalçılıq, talançılıq əməllərini "sülhü qoruyan" sülhməramlıların gözü qarşısında törədir. Belə ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində ermənilər tərəfindən filiz və qeyri-filiz yataqları qeyri-qanuni olaraq istismar edilir.

Qarabağ iqtisadi rayonunda rus sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində mövcud olan faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qeyri-qanuni olaraq istismar edilməsi səbəbindən Azərbaycan İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında ilkin monitorinqlər aparmaq və nəticələri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə  yataqların yerləşdiyi ərazilərdə olmuş, lakin sülhməramlılar tərəfindən əraziyə baxış keçirilməsinə şərait yaradılmadığından monitorinqlərin aparılması mümkün olmamışdır. Həmin vaxtdan etibarən azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, "Qızılbulaq" və "Dəmirli" yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələbləri ilə Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində etiraz aksiyasına başlamışlar. Vətəndaş cəmiyyətinin nümayəndələrinin, ekofəalların, QHT təmsilçilərinin Laçın-Şuşa yolunda keçirdikləri dinc aksiya havaların şaxtalı keçməsinə baxmayaraq, artıq iki həftədən çoxdur ki, davam edir. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin talan edilməsinə etirazlarını bildirən aksiya iştirakçıları ermənilərin qanunsuz fəaliyyətini əks etdirən şüarlar səsləndirirlər. Böyük ruh yüksəkliyi ilə, dinc şəraitdə aksiyalarına davam edən etirazçılar Laçın-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus humanitar məqsədli təminat avtomobillərinin keçməsinə maneə yaratmırlar. Lakin hər zaman olduğu kimi, riyakar, yalançı, ikiüzlü ermənilər aksiya iştirakçılarının Laçın-Xankəndi yolunu bağladıqları və humanitar məqsədli maşınların keçməsinə icazə vermədikləri barədə yerli mətbuatlarında informasiyalar yayırlar. Sözsüz ki, bu, onlar tərəfindən verilən növbəti dezinformasiyadır.

 Moskvada keçirilən brifinqdə Rusiya sülhməramlılarının öz missiyasını yerinə yetirdiyini bildirən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RF Müdafiə Nazirliyi və sülhməramlı kontingentin komandanlığı tərəfindən Laçın-Şuşa yolunda gərginlik yaranmaması üçün ciddi tədbirlər görüldüyünü və yaxın günlərdə vəziyyətin tənzimlənəcəyini bildirsə də, dinc etirazçılar "Qızılbulaq" və "Dəmirli" yataqlarında monitorinqin keçirilməsinə icazə veriləcəyi və ekoloji terrorun dayandırılacağı müddətə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər.

Mehparə ƏLİYEVA,

"Respublika".