Müasir texnologiyaya əsaslanan yeni yanaşma bu sahədə böyük əhəmiyyət daşıyır
Abşeron regionunda ekoloji problemlərin planlı surətdə həll edilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 28 sentyabr 2006-cı il tarixində “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilmişdir. Bakı və Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılmasında bu tədbirlər planının böyük əhəmiyyəti vardır. Sənəddə ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapmışdır.
Abşeron yarımadasında məişət tullantılarının toplanması, daşınması, yerləşdirilməsi ilə bağlı məsələlərin həll olunması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi qarşıya məqsəd qoyulub. Dövlət başçısının “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 2008-ci il 6 avqust tarixli Sərəncamına əsasən təsis olunan “Təmiz Şəhər” ASC Bakı ərazisində bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsinin səmərəli şəkildə və müasir standartlara uyğun qurulması, tullantıları təkrar emala cəlb etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir.
“Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası çərçivəsində Bakı bərk məişət tullantılarının yandırılması zavodu yaradılıb. Zavod istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Müəssisə dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində normativlərə tam cavab verir. İllik gücü 500 min ton məişət və 10 min ton tibbi tullantı olan zavodda tullantıların yandırılması nəticəsində 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etmək mümkündür.
Dövlət başçısının “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” imzaladığı Sərəncamla Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi poliqonu 2009-cu ildə “Təmiz Şəhər” ASC-yə təhvil verilib. İqtisadiyyat Nazirliyi ilə Dünya Bankı arasında Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsi icra olunaraq ekoloji problemin müşahidə edildiyi 120 hektar ərazidə ətraf mühitə zərərli təsirlər əhəmiyyətli dərəcədə azaldılıb. 1963-cü ildən fəaliyyət göstərən Balaxanı poliqonu beynəlxalq ekoloji standartlara və texniki normalara cavab verən yeni sanitar poliqona çevrilmişdir. Poliqonda tullantı daşıyan maşınlar davamlı olaraq yuyulur və dezinfeksiya edilir. Məntəqədə maşınlar yuyulmaqla yanaşı, bakteriya və virusları neytrallaşdırmaq üçün nəzərdə tutulan maddələrdən istifadə edilərək təmizlənir. Yuyulma zamanı sərf olunan su isə müxtəlif dezinfektantlar vasitəsilə bir neçə mərhələdə təmizlənərək yenidən istifadəyə yönləndirilir.
Məişət tullantılarının çeşidlənməsi və ölkədə təkrar istehsal sahibkarlığının inkişaf etdirilməsi məqsədilə 2012-ci ildə istifadəyə verilən “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu Alman texnologiyası əsasında qurulub il ərzində 200 min ton tullantı qəbul etmək gücündədir. 2012-ci ildə Prezident İlham Əliyevin açılışında iştirak etdiyi müəssisə “yaşıl iqtisadiyyat”ın inkişafında və Balaxanı Sənaye Parkının rezidentlərinin xammalla təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Ekosahibkarlığın inkişafına dəstək verən zavodda çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı materiallar ayrılır ki, bu da tullantıların ümumi həcmini azaldır, eləcə də Balaxanı Sənaye Parkında istehsal üçün ucuz xammal formalaşır. Ölkədə təkrar istehsal sahəsinin inkişafında mühüm rol oynayan zavodun yaradılması təbii resurslara, enerjiyə qənaət edilməsinə, “yaşıl biznes”in genişlənməsinə, ən önəmlisi isə ətraf mühitə mənfi təsirlərin azaldılmasına xidmət edir.
Azərbaycan Prezidentinin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, ölkədə təkrar istehsalı inkişaf etdirmək məqsədilə Balaxanı Sənaye Parkı yaradılmış və 2017-ci ildə dövlət başçısının iştirakı ilə açılışı olmuşdur. İlkin mərhələdə 7 hektar sahəsi olan Sənaye Parkının ərazisi sahibkarların marağı nəzərə alınaraq 10,15 hektara çatdırılmışdır.
Balaxanı Sənaye Parkının yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına xidmət edir.
Müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən Balaxanı Sənaye Parkı ekosahibkarlıqla məşğul olmaq istəyənlər üçün əlverişli məkandır. Burada fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad edilir. Eyni zamanda, istehsal məqsədi ilə idxal edilən texnoloji avadanlıqlar 10 il müddətinə ƏDV-dən, 7 il müddətinə isə idxal rüsumundan azaddır.
Balaxanı Sənaye Parkında indiyə qədər 22 rezident qeydiyyatdan keçib və artıq 16 rezident fəaliyyətinə başlamışdır. Sənaye Parkı ərazisində rezidentlər tərəfindən tikinti materialları, işlənmiş qida və mühərrik yağları, kağız, plastik, rezin və s. tullantılar təkrar emala cəlb olunmaqla, yeni məhsul istehsalı həyata keçirilir.
Sənaye Parkının fəaliyyəti dövründə rezidentlər tərəfindən 44 milyon manat investisiya qoyulmuş və 800-dən çox insan işlə təmin edilmişdir. Ötən müddət ərzində 67 milyon manatlıq məhsul istehsal olunmuşdur. Məhsulun bir hissəsi Niderland, İsveçrə, ABŞ, Qazaxıstan, Gürcüstan, Rusiya və Belarusa ixrac edilmişdir.
Bərk məişət tullantılarının idarə olunması sahəsində təcrübəsi nəzərə alınaraq “Təmiz Şəhər” ASC-yə yeni və çox vacib missiya tapşırılıb. Prezident İlham Əliyev tərəfindən 22 iyun 2021-ci ildə imzalanan Sərəncama əsasən qurumun fəaliyyət dairəsi genişləndirilib və işğaldan azad edilən Şuşa şəhərinin ərazisində bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi ASC-yə həvalə edilib.
İlkin mərhələdə şəhər ərazisində təmizlik işləri aparılması üçün xüsusi texnika və işçi qüvvəsi cəlb olunmuş, küçələrdə atılmış, yararsız nəqliyyat vasitələri kənarlaşdırılmış, hərbi hissələrin və müxtəlif təyinatlı binaların təmizlənməsi həyata keçirilmişdir. Tullantılar üçün 200 ədəd xüsusi konteyner gətirilərək, müəyyən olunmuş tullantı meydançalarına yerləşdirilmişdir. İşğal altında olduğu zaman dağıdılan və tullantıların toplandığı tarixi binaların təmizlənməsi hazırda ASC-nin əməkdaşları tərəfindən davam etdirilir.
Kamil İSMAYILOV,
“Respublika”.