“Ekoloji aksiyanı dəstəkləyirik
Türk dünyası

“Ekoloji aksiyanı dəstəkləyirik" - Türk Dövlətləri Təşkilatının Katibliyindən bəyanat

Türk Dövlətləri Təşkilatının Katibliyi Azərbaycanın Qarabağ iqtisadi zonasında vətəndaş cəmiyyəti nümayəndələrinin dinc etirazlarına səbəb olan Ermənistan və cinayətkar elementlər tərəfindən təbii sərvətlərin qanunsuz istismarından ciddi narahatdır. Təşkilat ətraf mühitə ciddi zərər vuran, beynəlxalq hüququ pozan bu cür halları pisləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatı Katibliyinin Azərbaycanın Qarabağ iqtisadi zonasında təbii ehtiyatların qanunsuz istismarı ilə bağlı bəyanatında qeyd olunub.

Bəyanatda vurğulanır ki, Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı və Ermənistana daşınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının qanunsuz mövcudluğu və Azərbaycan ərazisində minaların yerləşdirilməsi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirir. Bu cür hallar regionda sülh və sabitliyin əldə olunmasına xidmət etmir.

Katiblik bu cür qanunsuz hərəkətlərə dərhal son qoymağa çağırır. Bəyanatda, həmçinin bildirilir ki, Türk Dövlətləri Təşkilatının Katibliyi ekofəalların və QHT nümayəndələrinin Azərbaycanın Laçın-Xankəndi yolunda dinc etirazlarını dəstəkləyir.

"Türk Dövlətləri Təşkilatının Katibliyi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş sülh gündəliyini dəstəkləyir", - deyə bəyanatda qeyd olunub.