Ekofəalların mövqeyi dəyişməzdir
Digər xəbərlər

Ekofəalların mövqeyi dəyişməzdir

Son iki əsrdə xüsusi amansızlıqla davam edən erməni vandalizmi, terroru nəticəsində azərbaycanlılar öz doğma yurd-yuvalarından deportasiya olunub, ərazilərini itirib, təbii sərvətləri talan edilib. Əsasən də Qarabağın işğalından sonra  ermənilər Azərbaycanın suveren ərazilərində vəhşi qəbilələrə məxsus hərəkətlərlə bu yerləri tanınmaz hala salmışlar. Dünyanın ən gözəl təbiətinə, mədəni irsinə sahib olan Qarabağın otuz il ərzində meşələri qırılıb, yeraltı və yerüstü sərvətləri tar-mar olub. 2020-ci ildə  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  erməniləri məğlub edərək xalqımız indi də ekoloji terrorla bağlı mübarizəni davam etdirir.

İmzalanmış kapitulyasiya aktına əsasən Şərqi Zəngəzurda cəmlənən erməni separatçılar, rus sülhməramlı kontingentin yerləşməsilə bu əraziləri tərk etməli idi. Lakin erməni məkri, fitnəkarlığı yenə də özünü göstərir. İmza atdıqları bəyanata əməl etməyən ermənilər, suveren ərazilərimizi tərk etməməklə yanaşı, həmin ərazilərdə talançılıqla məşğul olurlar. Təbii sərvətlərin qanunsuz istismarı həm də  münbit torpaqların zədələnməsinə, ekoloji balansın pozulmasına səbəb olur. Həmçinin Şərqi Zəngəzurda yerləşən separatçı qurum humanitar məqsədlər üçün istifadə olunması nəzərdə tutulan Laçın-Xankəndi yolundan qanunsuz fəaliyyət göstərərək, silahların və bölgənin təbii sərvətlərinin daşınması məqsədilə istifadə edir. Bu səbəbdən 2022-ci il dekabr ayının 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa şəhəri ərazisində ekofəallar, QHT nümayəndələri, idman cəmiyyətləri və könüllülər dinc aksiyaya başlayıb. Artıq 58 gündür davam edən aksiyada iştirakçılar ekoloji terrora son qoyulmasını və tələblərinin yerinə yetirilməsini istəyirlər. Terrora son qoyulmayacağı təqdirdə, aksiyaların davam edəcəyini və ərazini tərk etməyəcəklərini bildirirlər.

Sənayenin inkişafı, neft və təbii qazın enerji mənbəsi kimi ön plana çıxması, təbii sərvətlərdən daha çox istifadə dünyada iqlim dəyişikliyinə, ekoloji balansın pozulmasına çox ciddi təsir göstərir. Beynəlxalq təşkilatlar bütün dünya ölkələrinə bu məsələ ilə bağlı xəbərdarlıq edir. Lakin Azərbaycan ərazisində həyata keçirilən bu qanunsuz istismara heç bir beynəlxalq birlik təzyiq göstərmir. 2022-ci il iyulun 28-də BMT Baş Assambleyası "Təmiz, sağlam və dayanıqlı ətraf mühitdə yaşamaq hüququ" adlı qətnamə qəbul edib. Azərbaycan beynəlxalq hüquqa əməl edən ölkə olaraq qəbul edilmiş qətnamələri qəbul edib və dəstəkləyir. Ermənilər isə heç bir beynəlxalq hüququn prinsiplərinə əməl etmir, özlərinə məxsus olmayan ərazilərdə talançılıqla məşğul olur, ətraf mühitə ziyan vururlar. 1988-ci il Avropa İqtisadi Komissiyasının Ətraf Mühit məsələlərində informasiya əldə etmək, qərarların qəbulunda ictimai iştirak və ədalət mühakiməsinə çatımlılıq haqqında Konvensiyanı ratifikasiya etmiş ölkələrdəndir. Azərbaycan dövləti ekoloji balansın qorunmasında ciddi addımlar ataraq son dövrlərdə yaşıl enerjinin inkişafını əsas məqsəd hesab edir və bununla bağlı ciddi addımlar atır. Belə bir ərəfədə qalib ölkənin ərazisində ekoloji terrorun baş verməsi qəbuledilməzdir. Xunta rejimi isə baş verən hadisələr fonunda cinayətkar əməllərinə son qoymaq əvəzinə, aksiyanı "humanitar böhran" adlandırır. Yerli televiziya kanalları bütün dünya ictimaiyyətinin canlı görməsi üçün günün 24 saatı ərzində ərazidən canlı bağlantı yaradaraq heç bir blokadanın və ya ermənilərin adlandırdığı kimi humanitar fəlakətin olmadığını göstərir. Aksiya başladığı gündən etibarən sülhməramlı kontingentə aid yük maşınlarının və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin keçidinə şərait yaradılır. Qeyd edək ki, Şərqi Zəngəzur ərazisi rus sülhməramlı kontingentin müvəqqəti nəzarətində olduğundan, baş verən bütün qanunsuzluqlara görə onlar məsuliyyət daşıyırlar. Səlahiyyətlərinə ciddi əməl etməyən sülhməramlılar Azərbaycan tərəfinin Şərqi Zəngəzurda aparmaq istədiyi monitorinqə şərait yaratmalıdır.

Terrorçu rejimin yalan bəyanatları, beynəlxalq aləmi çaşdırmaq cəhdləri yenə də iflasa uğradı. Dünyanın 12 ölkəsindən gələn 30-dan çox səyyah Azərbaycanın Qarabağ bölgəsinə səfər çərçivəsində baş verən hadisələri öz gözləri ilə gördülər. Səyyahlar bildiriblər ki, keçirilən aksiya dinc xarakter daşıyır və xoş haldır ki, insanlar öz sərvətlərinə sahib çıxırlar. Həmçinin qeyd edirlər ki, avtomobillər hərəkət edir və heç bir blokadadan söhbət gedə bilməz. Təbiətin qorunması vacibdir.

Soyuq və şaxtalı havada aksiyanı davam etdirən iştirakçılar bütün Azərbaycan xalqının sevgisini qazanıb.

Musa BAĞIRLI,

"Respublika".