Ekofəalların Laçın yolundan ucalan haqq səsi
Digər xəbərlər

Ekofəalların Laçın yolundan ucalan haqq səsi

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə keçirilən aksiyaların 91-ci günüdür. Gənc ekoloqlar gecə-gündüz yüksək fəallıq göstərirlər. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirirlər.

Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər. Etirazçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır. Buradan Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus bir neçə avtomobillər keçir. Aksiya iştirakçıları yoldan çəkilərək keçid üçün dəhliz açır. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gün ərzində heç bir insident baş verməyib.

Qeyd edək ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar. 91 gündür davam edən haqlı etirazlar isə onu deməyə əsas verir ki, heç bir kənar təzyiq aksiyanı dayandıra bilməz.

Jalə QASIMZADƏ,

"Respublika".