Ekofəalların əzmkarlıq nümunəsi
Digər xəbərlər

Ekofəalların əzmkarlıq nümunəsi

"Qızılbulaq" və "Dəmirli" yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı gənclərin və ekoloqların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası 86 gündür ki, davam edir.

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması məqsədilə ekofəallarımız böyük ruh yüksəkliyi ilə dinc aksiyada iştirak edirlər. Aksiya iştirakçıları Rusiya sülhməramlı qüvvələrinin komandanı Andrey Volkovun əraziyə gələrək onların tələblərini dinləməsini istəyirlər. Ərazinin humanitar məqsədlər üçün bağlı olduğunu bildirən Ermənistan tərəfi isə regiondakı reallığı inkar etməkdə davam edir. Belə ki, sərbəst hərəkətin mümkünsüz olduğunu iddia edən ermənilərin həqiqəti görməzdən gəlməsinin növbəti xain plan olduğu həqiqətdir. Laçın-Xankəndi yolunda hər iki istiqamətdə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillər təhlükəsiz şəkildə hərəkət edir. Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin beynəlxalq ictimaiyyəti aldatma cəhdidir.

Martın 5-də Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan aksiya yerinə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünü işıqlandırmaq üçün ölkəmizdə olan xarici media nümayəndələri gəliblər. Onlar ekoaksiyanın gedişi barədə məlumatlandırıldıqdan sonra reportajlar hazırlayıblar. Qeyd edək ki, media nümayəndələri Rusiya sülhməramlılarına məxsus avtomobillərin Laçın-Xankəndi yolundan keçidinin də şahidi olublar.

Ötən il dekabrın 12-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlılar monitorinqin keçirilməsinə mane oldular.

Ekoloji terrorun sona çatması və Qarabağda yaşayan ermənilərin Azərbaycan Respublikasına reinteqrasiyası üçün dövlətimiz ciddi səy göstərir. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş millət vəkili Ramin Məmmədov martın 1-də Qarabağda yaşayan erməni sakinlərinin təmsilçiləri ilə görüşüb və onların konstitusional haqları barədə məlumat verib.

Nurlan ABDALOV,

"Respublika".