EKOFƏALLARIN AKSİYASI BLOKADA DEYİL
Digər xəbərlər

EKOFƏALLARIN AKSİYASI BLOKADA DEYİL

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Xankəndi  yolunda keçirilən etiraz aksiyası artıq 82 gündür ki, davam edir. Etiraz aksiyası ermənilərin qeyri-qanuni fəaliyyətlərinə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir. Etirazçıların tələbi Azərbaycanın suveren ərazisində təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması, monitorinq qrupunun, ekoloqların həmin ərazilərə baxış keçirmələrinə şərait yaradılmasıdır. Bu aksiya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən təşkil olunub. Azərbaycan həmişə olduğu kimi, sülhməramlı siyasətini davam etdirir. "Qızılbulaq" qızıl  və "Dəmirli" mis-molibden yataqlarına buraxılmayanadək, eləcə də qeyri-qanuni istismarla bağlı bu və ya digər tələblər yerinə yetirilməyənə qədər bu aksiya davam edəcəkdir.

Rəsmi İrəvanın qərəzli iddialarına gəlincə deyə bilərik ki,  bu,  əsassızdır. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtan xarakterli olduğundan, heç bir həqiqəti əks etdirmir. Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanılıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır.

Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur və bu cinayətlərlə hüquqi məsuliyyət yaradır.

Azərbaycan fəallarının keçirdiyi etiraz aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Keçirilən dinc aksiya səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib.  Erməni yalan və uydurmaları müasir dünyamızda artıq qəbulolunmazdır. Çünki bugünkü Azərbaycan ötən əsrin 90-cı illərindəki dövlət deyil. Güclü iqtisadiyyatı, modern ordusu olan, dünyada söz sahibi və beynəlxalq aləmə inteqrasiya edən bir dövlətdir. Azərbaycanın haqq səsi beynəlxalq tribunalardan bütün dünyaya çatdırılır.  Azərbaycan Prezidenti İlham Əliyev  fevralın 18-də Münxen Təhlükəsizlik Konfransında Laçın-Xankəndi yolundakı ekofəalların aksiyasının blokada olmadığını, sərvətlərimizin qanunsuz istismarının dayandırılmasına  xidmət etdiyini və buna nail olmayana qədər ictimai fəallarımızın şərəfli missiyadan əl çəkməyəcəklərini söylədi.

Bəli, bu gün regionda yeni reallıqlar yaratmış, haqsızlığa, ədalətin pozulmasına heç bir halda imkan verməyən Azərbaycanın mövqeyi, sülhsevər siyasəti ilə  dünya ölkələri hesablaşır. Xalq və iqtidar birliyi,  sarsılmazlığı isə istənilən vəziyyətdə özünü büruzə verir.

Nurəngiz ADİLQIZI,

“Respublika”.