Ekofəalların aksiyası Azərbaycan gəncliyinin iradəsini nümayiş etdirir
Digər xəbərlər

Ekofəalların aksiyası Azərbaycan gəncliyinin iradəsini nümayiş etdirir

Ermənistan 30 il torpaqlarımızı işğal altında saxladığı müddətdə ölkəmizə hərtərəfli zərər vurmuşdur. Düşmənlərimiz təkcə azərbaycanlıları yer-yurdlarından didərgin salmaqla kifayətlənməmiş, eyni zamanda Qarabağ torpağını, təbiətini, yeraltı, yerüstü sərvətlərimizi də məhv etmişlər.

 Qiymətli təbii sərvətlərimizi dünya bazarlarına çıxararaq gəlir əldə etmişlər. Onları yalnız bir şey maraqlandırıb, bu yerlərin sərvətlərindən milyonlar qazanmaq. Elə bu məqsədlə də Zəngilan rayonu ərazisində dünyada ən qiymətli ağac növlərindən olan çinar meşələrini kəsib xarici ölkələrə satıblar. "Vejnəli", "Zod" qızıl yataqlarını talayıblar. Çaylarımızı, şirin su hövzələrimizi zəhərli maddələrlə, kimyəvi tullantılarla çirkləndiriblər. Oxçuçay çayının ermənilər tərəfindən çirkləndirilməsi hələ də davam edir. Belə ki, Ermənistanın Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları bu çaya axıdılır. Oxçuçay çayı Araz çayına töküldüyü üçün Arazın da su ehtiyatlarının keyfiyyətinə mənfi təsir göstərir.

44 günlük Vətən müharibəsində məğlubiyyətə uğrayan Ermənistan yenə də öz əməllərindən əl çəkmədi. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarını davam etdirdilər. Ermənistanın qanunsuz əməllərinə etiraz olaraq Azərbaycanın ekofəalları və QHT təmsilçiləri Laçın-Xankəndi yolunda dinc aksiyaya başladılar.

Qışın qarlı, çovğunlu havasına baxmayaraq, aksiya iştirakçıları öz mübarizələrini qətiyyətlə aparırlar. Yüksək əzm və iradə nümayiş etdirən ekofəallar tələbləri yerinə yetirilənə kimi aksiyanı davam etdirəcəklərini bildirirlər. Artıq ekofəalların dinc aksiyası təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerlərində dəstəklənir. Qardaş Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədr müavini, Türkiyə Böyük Millət Məclisinin Ərzurum millət vəkili Kamil Aydın Qarabağda ermənilərin qanunsuz istismarına qarşı azərbaycanlı fəalların başladıqları etiraz aksiyasını dəstəkləyərək demişdir: "Mən son iki ildə Şuşaya iki dəfə səfər edəndə orada çox böyük inkişafın şahidi oldum. Bunları niyə deyirəm? Çünki Vətən torpağına yaraşan quruculuqdur. Bir tərəfdə dağıdıcı, digər tərəfdə qurucu qüvvə var. Təbii ki, quran, yaradan qalib olacaq. Türkiyə də bu mübarizəsində haqlı olan qardaş Azərbaycanın daim yanındadır. Əminəm ki, Azərbaycanın ekofəalları, aktivistləri Qarabağdakı sivil və haqlı mübarizəsində də qalib olacaq".

Gənc ekofəallar haqlı mübarizələrini dinc və sivil yolla aparırlar. Burada heç bir blokadadan söhbət gedə bilməz. Azərbaycanlı gənclər öz ərazilərində öz təbii sərvətlərinin talanmasına qarşı mübarizəyə qalxıblar. Onların işi haqq işidir. Dövlət başçısı İlham Əliyev də yanvar ayının 10-da yerli telekanallara müsahibəsi zamanı aksiya iştirakçılarına münasibətini demişdir: "İlk növbədə o gənclərə eşq olsun!". Bu dəstəkdən sonra gənclərin mübarizə əzmi və ruh yüksəkliyi daha da artmışdır. Artıq 80 gündür ki, gənclərin mübarizəsi davam edir. Və onlar inanırlar ki, başladıqları aksiyaları uğurlu sonluqla bitəcək.

Ermənistan isə dünya ictimaiyyətinə aksiyanı Xankəndidəki ermənilərin blokadaya alınması kimi təqdim etməyə çalışır. Lakin aksiya keçirilən əraziyə gələn xarici ölkə jurnalistləri də birbaşa şahidi oldular ki, burada heç bir blokada yoxdur. Yolda Rusiya sülhməramlıları və Qırmızı Xaç Komitəsinin avtomobilləri heç bir maneə görmədən, sərbəst şəkildə hərəkət edir. Ermənistanın isə yersiz narahatlığı boş hay-küydən başqa bir şey deyil. Ekofəallar hər zaman sadə erməni vətəndaşlarının bütün tələbatlarına və ehtiyaclarına olduqca həssas yanaşmışlar. Ancaq Ermənistan tərəfinin həyasızlığı bununla bitməmiş, onlar Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək Laçın-Xankəndi yolundakı aksiyanın saxta olduğunu iddia etmişlər. Lakin 2023-cü il fevral ayının 21-də məhkəmə Ermənistanın aksiyanın Azərbaycan hökuməti tərəfindən təşkil olunması ilə bağlı şikayətini ləğv etmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".