Ekofəallar xalqımızın mübarizə əzmini nümayiş etdirir
Digər xəbərlər

Ekofəallar xalqımızın mübarizə əzmini nümayiş etdirir

Postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Azərbaycanın bir sıra konstruktiv, ədalətli təşəbbüslərinə baxmayaraq, Ermənistan tərəfindən prosesə davamlı şəkildə müxtəlif təxribatlarla maneçilik törədilir.

Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat üzrə öhdəliklərin kobud şəkildə pozulmasına, Laçın yolundan hərbi təxribatlar, o cümlədən minaların qanunsuz daşınması və yerləşdirilməsi, qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin talanması, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi məqsədilə istifadə olunması kimi faktlar müşahidə olunur. 30 ilə yaxın davam etmiş ərazilərimizin işğalı zamanı və son dövrlər intensivləşmiş qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan vətəndaş cəmiyyətinin Laçın yolunda etiraz aksiyasının haqlı tələbləri hələ də yerinə yetirilməyib.

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının gənc iştirakçıları barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib: "İlk növbədə o gənclərə "eşq olsun" demək istəyirəm. Onlar bizim fəxrimizdirlər, gecə-gündüz, şaxtalı-qarlı havada ordadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətə malik olduğunu bütün dünyaya göstərirlər". Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda etiraz aksiyası davam edir.

Yanvarın 10-u Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı zamanı nazir Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin "blokada"ya alınması, bölgədə "humanitar fəlakət" yaranması barədə iddiaların tamamilə əsassız olduğunu bildirib. Gündəlik əsasda çox sayda Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya sülhməramlı kontingenti və digər humanitar məqsədli nəqliyyat vasitələrinin yoldan istifadə etdiyi barədə məlumat verilib. Erməni sakinlərin yoldan istifadə etməklə sərbəst hərəkətinə heç bir maneə olmadığı, ehtiyac olacağı təqdirdə ermənilərə yardım göstərmək niyyətləri barədə Azərbaycan tərəfinin bəyanatlarına baxmayaraq, yerli ermənilərin rəhbərləri kimi özlərini təqdim edən şəxslərin əhalinin yoldan istifadəsinə qarşı olması faktları diqqətə çatdırılıb.

ÖIkəmizin üçüncü müharibəni başlamaq fikri yoxdur. Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər. Onu da qeyd edək ki, indi bəzi qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Ölkə Prezidenti vurğulayıb: "Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik".

M.MUSTAFAYEV,

"Respublika".