Ekofəallar öz mövqelərindən dönməyəcəklər
Digər xəbərlər

Ekofəallar öz mövqelərindən dönməyəcəklər

BMT-nin Əhali Fondunun əsassız bəyanatı da bir işə yaramayacaq

Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yolunda başlayan etiraz aksiyaları hələ də davam edir. Aksiya ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması tələbi ilə başlamışdı. 

Soyuq, şaxtalı hava şəraitinin olmasına baxmayaraq, aktivistlər öz haqq mübarizələrindən bir addım belə geri çəkilmirlər. Ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ecoterror!", "Bereqite prirodu!", "Gkoüidu net! Monitorinqu da!" şüarlarını səsləndirirlər.

Hər zaman olduğu kimi, yenə də anti-Azərbaycan siyasəti yürütmək istəyən qüvvələr bu məsələdən də yan keçmədilər. BMT-nin Əhali Fondunun Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar qərəzli, həqiqəti əks etdirməyən bəyanatı isə təəssüf hissi doğurur. Bu bəyanatda həmin aksiya ermənilərə qarşı yönəlmiş bir yürüyüş kimi təqdim edilir. BMT-nin Əhali Fondu hətta ekofəalları geri çəkilməyə səsləyib. Maraqlısı odur ki, həmin fondun heç bir nümayəndəsi aksiyanın keçirildiyi yerə gəlməyib, oradakı etirazçılarla həmsöhbət olub məqsədlərini soruşmayıb.

Erməni mediası da yalan-yanlış xəbərlər yaymağa davam edir. Yaydıqları məlumatlara görə, Azərbaycan guya aksiya keçirilən yerdə yolu tam bağlayıb. Halbuki, orada yolun blokadaya alınmasından ümumiyyətlə söhbət gedə bilməz. Hətta, yoldan təcili yardım maşınları, mülki şəxslər sərbəst keçə bilir. Təbii ki, biz bu kimi qaralama kampaniyalarına alışmışıq. Azərbaycan media nümayəndələri həmin ərazidədir. Gecə-gündüz yatmayaraq dünyaya və anti-Azərbaycan qüvvələrinə yalnız həqiqətləri çatdırırlar. Yəqin düşmən qüvvələr unudublar ki, azərbaycanlılar əsla haqq mübarizələrindən dönməzlər. Biz acımızı unutmayıb 30 il sonra da olsa vuruşub, şəhidlər verib öz doğma torpağına qovuşmuş bir xalqıq. Biz öz mübarizəmizdən dönmərik. Heç bir maneə törətməyən, hətta getdikləri gündən bəri meşələrdə ekoloji təmizlik işləri görən könüllülərin aksiyası niyə belə narahatlıq doğurur? BMT-nin Əhali Fondunun verdiyi bu əsassız bəyanata XİN-in cavabı isə kəskin oldu. Qeyd olunur ki, Laçın yolunda nəqliyyat vasitələrinin və sakinlərin hərəkətinə etirazçılar tərəfindən heç bir maneə yoxdur və guya etirazların bölgədə "humanitar fəlakət" yaratdığı barədə iddialar əsassızdır. Azərbaycan hökuməti, həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Bütün bunlara baxmayaraq, özlərini erməni sakinlərin "liderləri" kimi təqdim edən şəxslər öz qanunsuz fəaliyyətlərini davam etdirmək məqsədilə yerli əhalidən sipər kimi istifadə etməyə davam edir və onların hərəkət azadlığına mane olurlar. Son olaraq onu da bildirək ki, XİN BMT-nin Əhali Fondunu qərəzsiz olmağa və təşkilatın nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalar verməkdən çəkinməyə çağırıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".