Ehtiramla və qürurla anırıq
Sosial həyat

Ehtiramla və qürurla anırıq

27 sentyabr - Anım Günü ilə əlaqədar saat 12:00-da ölkə ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti Mərkəzi İdarə Aparatının əməkdaşları şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir ki, tədbirdə "Azərsu" ASC-nin sədr müavini Köçərli Həsənov 27 sentyabrın Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu qeyd edib. Bildirib ki, 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz doğma Qarabağı işğaldan azad edib. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və xalqımızın yenilməz birliyindən ruhlanaraq düşmənə sarsıdıcı zərbələr endirıblər.

Vətən müharibəsində "Azərsu" ASC-nin əməkdaşları da səfərbər olunmuşlar. Hələ döyüşlər başlamazdan əvvəl gənc əməkdaşlarımızın bir qismi səfərbərlik şöbələrinə müraciət edərək könüllü şəkildə cəbhəyə yollanmışlar. Ümumilikdə 188 əməkdaşımız müharibədə iştirak etmiş və onlardan 3 nəfəri şəhid olmuş, 23 nəfəri isə yaralanmışdır. Eyni zamanda, torpaqlarımızın azadlığı uğrunda gedən amansız döyüşlərdə kollektivimizin 21 nəfərinin ailə üzvü şəhid olmuş, 45 ailə üzvü isə yaralanmışdır. Şəhid olmuş və yaralanmış, eləcə də müharibənin iştirakçısı olmuş "Azərsu" ASC əməkdaşları müxtəlif təltiflərə layiq görülmüşlər. Əməkdaşlarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan kollektivimizin hər bir üzvü qürur hissi keçirir.

Vətən müharibəsi iştirakçısı, "Azərsu" ASC-nin Su təchizatı sistemlərinin istismarı şöbəsinin rəis müavini Ramil Səmədov, YAP Yasamal Rayon "Azərsu" ASC üzrə ərazi partiya təşkilatının sədri Günay Məmmədli çıxış edərək bildiriblər ki, bu zəfər hərbçilərimizin fədakarlığı, müzəffər Ali Baş Komandanın qətiyyəti, qalib Azərbaycan xalqının birliyi nəticəsində əldə olunub. Qeyd olunub ki, torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərimiz daim qəlblərdə yaşayacaq, onların xatirəsi hər zaman əziz tutulacaq.

Kamil İSMAYIL,

"Respublika".