Ehtiram borcu
Region

Ehtiram borcu

Vətən müharibəsindəki şərəfli Qələbəyə görə ordusu, əsgəri, generalı, cəngavər igidləri ilə fəxr edən, torpaqlarımızın azadlığı uğrunda həyatını qurban verən şəhidlərin əziz xatirəsini uca tutan, qaziləri öz övladları kimi sinəsinə sıxan xalqımızın qəti və birmənalı mövqeyi belədir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycana qarşı iki yüzillik erməni işğalı dayandırıldı və Qarabağla Şərqi Zəngəzur düşmən əsarətindən azad edildi. Tariximizin yeni səhifəsi yazıldı, itirilən qürurumuz, şərəfimiz geri qaytarıldı. Məhz buna görə də şəhid ailələrinə və qazilərə hər birimizin ehtiram borcu var.

Ağcabədi Rayon İcra Hakimiyyətinin və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin əməkdaşları Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş  Əmrah Səyyab oğlu Abışovun ailəsini ziyarət edib, onların vəziyyəti ilə maraqlanıb, qəhrəman oğul böyütdüklərinə görə ailəsinə təşəkkür ediblər. Rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov bildirib ki, şəhid ailələrinə, həmçinin müharibə əlillərinə  diqqət və qayğının dövlət qurumlarının əsas vəzifəsi olduğunu tövsiyə edən möhtərəm Prezidentimiz  İlham Əliyev hər zaman bildirib ki, mənim bu sahədəki siyasətim birmənalıdır. Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər diqqət, qayğı göstərilməyib.

Qeyd olunub ki, bu gün ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. GTM Qarabağ ofisinin rəhbəri Radə  Telmanqızı Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarını dərin ehtiramla yad edərək bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir.

Ailənin müraciətinə uyğun olaraq GTM Qarabağ ofisi və  Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən şəhidin atasına əlil arabası və sovqat təqdim edilib. Şəhidin ailə üzvləri övladları ilə bağlı xatirələrini bölüşərək, göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

                                                           Salman ALIOĞLU,

                                                             “Respublika”.