Əhalinin alıcılıq qabiliyyəti yüksəlir
İQTİSADİYYAT

Əhalinin alıcılıq qabiliyyəti yüksəlir

2021-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 19383,1 milyon manatlıq, o cümlədən 10436,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8946,3 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 1,1 faiz artmışdır.

Hesabat dövründə alıcıların istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,4 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi avtomobil benzini və dizel yanacağının, 5,3 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

2021-ci ilin birinci yarısında istehlak mallarının dəyər ifadəsində 27,2 faizi ticarət müəssisələri, 50,1 faizi fərdi sahibkarlar tərəfindən, 22,7 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,7 faiz, fərdi sahibkarlar üzrə 1,2 faiz artmış, bazar və yarmarkalarda isə 11,7 faiz azalmışdır.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 322,7 manatlıq, o cümlədən 173,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,9 manatlıq qeyri-ərzaq malları almışdır.

Amma istehlakçıların tələbatlarının ödənilməsindən danışarkən ölkədə sahibkarlıq subyektlərinin say artımını xüsusi qeyd etmək lazımdır. Belə ki, iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 100 mini ötüb.

Dövlət Statistika Komitəsi məlumat verir ki, hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27,9 faiz), Lənkəran-Astara (9,8 faiz), Qazax-Tovuz (7,5 faiz) və Mərkəzi Aran (6,8 faiz) bölgələrində qeydiyyata alınıb. Fərdi sahibkarların 78,7 faizini kişilər, 21,3 faizini isə qadınlar təşkil edib.

Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 31,2 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 23,9 faizini, Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,9 faizini təşkil edir. Sahibkar qadınların 30,6 faizi Bakıda, 10 faizi Lənkəran-Astara, 8,6 faizi Qazax-Tovuz, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Gəncə-Daşkəsən (25,4 faiz), Qazax-Tovuz (24,6 faiz), Bakı (23,4 faiz), Naxçıvan Muxtar Respublikası (22,8 faiz) və Lənkəran-Astara (21,6 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Göründüyü kimi, Azərbaycanda sahibkarlar təbəqəsi artıq formalaşıb. Ona görə də Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti yüksəlir, alıcılar arasında isə qeyri-dövlət subyektlərinin, fərdi sahibkarların xüsusi çəkisi artır.            

2021-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-iyun aylarına nisbətən 104,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,5 faiz təşkil etmişdir.

2021-ci ilin iyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin iyun ayına nisbətən 104,6 faiz təşkil etmişdir. Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, boyaların, divar kağızlarının, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, parketin, sementin, mebellərin, soyuducuların, kondisionerlərin, tozsoranların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, velosipedlərin, boşqab, fincan və nəlbəkilərin, ucuzlaşma isə əsasən paltaryuyan maşınların, televizorların, mobil telefonların və kompüterlərin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2021-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 104,0 faiz təşkil etmişdir.

Nəriman CAVADOV,

“Respublika”.