ƏGƏR BAKI NEFTİ OLMASAYDI...
Tarix

ƏGƏR BAKI NEFTİ OLMASAYDI...

1941-45-ci İLLƏR MÜHARİBƏSİNDƏ HƏLAK OLMUŞ VƏ İTKİN DÜŞMÜŞ HƏMVƏTƏNLƏRİMİZİN ƏBƏDİ XATİRƏSİNƏ

İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında Azərbaycanın çox böyük, danılmaz rolu olmuşdur. Əvvəla, respublikamızdan 650 mindən çox adam səfərbərliyə alınaraq cəbhəyə göndərilmişdir. İkincisi və ən əsası, xalqımız müharibə dövrünün bütün çətinlikləri və məhrumiyyətlərinə dözərək, arxa cəbhədə də gecə-gündüz çalışmışdır. Bu sahədə ən böyük fədakarlığı isə Bakı neftçiləri göstərirdi.

Onlar yaxşı bilirdilər ki, “mühərriklər müharibəsi” adlanan bu savaşda hər şey neftdən asılıdır. Dəhşətli müharibənin səbəbkarı olan Hitler də əmin idi ki, Bakı neftini ələ keçirmədən qalib gəlmək mümkün deyildir. Ona görə də Şimali Qafqazda Qroznı ətrafındakı neft mədənləri ələ keçirildikdən sonra düşmənin əsas hədəfi Bakı idi və 1942-ci il sentyabrın axırlarında onun işğalına nail olmağı planlaşdırmışdı. Hətta Berlində Xəzər dənizi və Bakının təsvir edildiyi xüsusi tort da hazırlanmış və onun Bakının əks olunduğu əsas dilimi fürerə verilmişdi. Bakı neftinin müharibənin gedişi üçün həlledici rolu olduğunu bilən Hitlerin tapşırığı ilə Almaniyanın 1-ci tank ordusu 1942-ci ilin sentyabrında Bakını tutmalı idi. Qafqaza hücuma başlayanda Hitler feldmarşal Manşteynə demişdi: “Biz mütləq Bakını tutmalıyıq. Əgər Bakı neftini ələ keçirməsək, müharibəni uduzacağıq”.

İngiltərə və Birləşmiş Ştatlarda da Bakı neftinin almanların əlinə keçməsinin nə ilə nəticələnəcəyini yaxşı başa düşürdülər.

Sovet komandanlığı həmin vaxtlarda Şimali Qafqazda və Stalinqrad ətrafında gedən döyüşləri SSRİ-nin taleyi baxımından həlledici sayır və bunu Moskvanın müdafiəsi ilə müqayisə edirdi. Çünki Bakının işğalı və Volqa yolunun əldən getməsi sovet ordusu və iqtisadiyyatını iflic vəziyyətinə salardı. Lakin Şimali Qafqazda düşmənin hücumunun dayandırılması Hitlerin arzusunu ürəyində qoydu. Bununla belə, SSRİ Dövlət Müdafiə Komitəsi 1942-ci il sentyabrında Bakının müdafiəsinə dair xüsusi qərar qəbul etmiş, cəbhə xəttindən xeyli uzaqdakı Azərbaycanda hərbi vəziyyət elan olunmuşdu.

Müharibə illərində Azərbaycanda 75 milyon ton neft çıxarılmışdı ki, bu da bütün SSRİ-dəki hasilatın dörddə-üçünə bərabər idi. Benzin, sürtkü yağları isə əsasən Bakıda istehsal edilirdi. Cəbhədə hər 5 təyyarə və tankdan 4-ü Azərbaycandan göndərilən yanacaqla işləyirdi.

Bakıda 130 növdən çox silah və döyüş sursatı, o cümlədən məşhur “Katyuşa” istehsal olunurdu. Müəssisələrdə və kolxozlarda işləyənlərin 70 faizə qədəri qadınlar idi.

Faşizm üzərində qələbədə neft Bakısının həlledici rolunu keçmiş SSRİ-nin görkəmli şəxsiyyətləri, məsələn, əslən bakılı olan, uzun müddət Dövlət Plan Komitəsinə rəhbərlik etmiş Nikolay Baybakov, marşallardan G.Jukov, K.Rokossovski, A.Qreçko və başqaları da xatırlatmışlar. Məsələn, Baybakov demişdir: “Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir”. Sovet İttifaqı Qəhrəmanı, general-polkovnik Stepan Krasovski 1945-ci il avqustun 14-də “Kommunist” qəzetində dərc olunmuş məqaləsində yazırdı: “Belqorod-Kursk əməliyyatının təkcə 14 günü ərzində bizim birləşmə 17.500 ton benzin və 1.000 ton yağ, Lvov əməliyyatında 13.200 ton benzin və 800 ton yağ işlətmişdi”.

İkinci Dünya müharibəsindəki qələbədə Azərbaycanın çox böyük rolu olduğunu vurğulayan ulu öndər Heydər Əliyev isə qətiyyətlə deyirdi ki, əgər Bakı nefti olmasaydı, müharibədə Sovet İttifaqının qələbəsi mümkün deyildi.

Bəli, sovet hakimiyyətinin ilk illərində Bakı neftinin satışından gələn valyuta Rusiyanın fəlakətlə üzləşən iqtisadiyyatını dirçəltməyə imkan vermiş, təxminən iyirmi il sonra isə Azərbaycanın “qara qızılı” bəşəriyyətin faşizm taunundan xilas olmasında həlledici rol oynamışdır. Lakin bütün bunlara baxmayaraq, Bakıya nəinki “Qəhrəman şəhər” adı verildi, ordenə belə layiq görülmədi.

Bəşər tarixinin ən dəhşətli müharibəsi Azərbaycan xalqına da çox böyük bəlalar gətirmişdir. Cəbhəyə gedənlərin yarıya qədəri döyüşlərdə həlak olmuş və ya itkin düşmüşdür. Lakin 1990-cı illərin əvvəlində Azərbaycanda hakimiyyətdə olan bəzi “demokratlar” bütün bunlara göz yummaqla əslində, cəbhədə həlak olmuş və itkin düşmüş yüz minlərlə həmvətənimizin xatirəsini təhqir edərək, Bakı neftçilərinin misilsiz zəhmətinə kölgə salaraq, 1941-45-ci illər müharibəsindən söz düşəndə deyirdilər ki, o, bizim müharibəmiz deyildi. Belələrindən “ibrət götürən” dardüşüncəli adamlar isə fürsət düşdükcə müharibə veteranlarına açıq-aşkar hörmətsizlik edirdilər. Elə vəziyyət yaranmışdı ki, döyüşlərin od-alovundan salamat çıxmış bu insanlar sinələrində orden-medallarla küçələrdə görünməkdən belə çəkinir, hətta bəzən təhqir də olunurdular. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu biabırçı vəziyyətə son qoyuldu, Azərbaycan hökuməti müharibə veteranlarına, arxa cəbhənin fədakar insanlarına layiq olduqları qiyməti verdi.

Həmin müharibənin veteranlarına indi də çox böyük diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 29 aprel taixli növbəti Sərəncamı bunu bir daha təsdiq edir.

İkinci Dünya müharibəsindən sonra keçmiş SSRİ-nin şəhər və kəndlərində saysız-hesabsız xatirə abidələri ucaldılmışdır. Belə abidələr Azərbaycanda da az deyil.

Ötən əsrin, səhv etmirəmsə, 80-ci illərində Bakıda həmin müharibədə həlak olmuş, itkin düşmüş həmvətənlərimizin xatirəsinə abidə ucaldılması qərara alınmış və indiki Dənizkənarı Milli Parkda yeri müəyyənləşdirilərək lövhə də qoyulmuşdu. Lakin sonralar nədənsə, bu məsələ unudulmuşdur.

Paytaxtımızda əzəmətli bir abidənin qoyulması həm İkinci Dünya müharibəsi cəbhələrində həlak olmuş, itkin düşmüş həmvətənlərimizin xatirəsinə böyük ehtiram, həm də Böyük qələbənin qazanılmasında neft Bakısının əvəzsiz rolunun əbədiləşdirilməsi olardı.

Vaqif MUSAYEV,

Əməkdar jurnalist.