Əfsanəvi döyüşçü
Region

Əfsanəvi döyüşçü

Hər bir xalqın hörmətlə yanaşdığı əsrlər boyu yaddan çıxarmadığı igid oğulları olmuşdur. Xalqımızın da elinin-obasının təəssübünü çəkən adları dillər əzbəri olmuş xalq qəhrəmanları var. Milli dəyəri hər şeydən üstün tutan gənclərimiz yaşadığımız dövrdə də saysız-hesabsızdır. 2016-cı ilin Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsi, Qisas əməliyyatı, sentyabrın 13-dən 14-nə keçən gecə erməni təxribatının qarşısını almaq üçün Əks-hücum əməliyyatı zamanı qorxmaz Azərbaycan əsgərlərinin göstərdikləri igidliklər bunu bir daha sübut etdi.

Belə cəsur döyüşçülərdən biri də Səmədov Elgün Dilqəm oğlu olmuşdur. Bu günlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Elgün Səmədovun Şəmkir rayonu Mehirli kəndində yaşayan ailəsinə baş çəkdik. Şəhid atası Dilqəm Səmədov və şəhid anası Əsmər İbişova bizi səmimi qarşıladı. Şəhid valideynləri övlad itkisinin ağır olduğunu bildirdilər. Lakin övladları Elgünün göstərdiyi igidliklərdən danışaraq ondan qürur duyduqlarını, belə oğul valideynləri olduqları üçün fəxr etdiklərini bildirdilər. Valideynlərlə söhbət zamanı, eləcə də qəhrəmanın döyüş yoldaşları ilə telefon əlaqəsi yaradarkən sözün əsl mənasında 19 yaşlı, sadə bir ailədə dünyaya göz açmış bir gəncin vətənpərvərliyi, igidliyi və qorxmazlığı bizi heyrətə gətirdi. Yeri gəlmişkən, döyüş yoldaşları Elgünü Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova bənzədərək onu 2-ci Mübariz deyə çağırırdılar.

Anası Əsmər xanım deyir ki, telefon danışığı zamanı Elgün bildirdi ki, vəziyyət çox yaxşıdır. Bəzən 3 silahla, qumbaraatan, avtomat və pulemyotdan istifadə edərək düşmənin üzərinə gedir. Elgün manqa komandiri kimi daim öndə getmişdir. Həmişə anasına deyərdi ki, mən şəhid olacağam, sizə qürur yaşadacağam. Anası onun sözlərinə əsəbləşəndə şəhid olmasa qələbə əldə etmək olmaz söyləyərdi, müharibəni biz udacağıq. O uşaqlıq illərində təmkinli, işgüzar kənd caamatı arasında böyük hörmətə malik olmuşdur. Elgün 3 qardaş və 1 bacının ilki olmuşdur. Həqiqi hərbi xidməti zamanı Elgün dəfələrlə komandanlıq tərəfindən təltif olunmuşdur. Hətta mətbuat səhifəsində onun haqqında yazı dərc olunmuşdur. Həqiqi hərbi xidmətdə Goranboy rayonunun Ballıqaya istiqamətində olmuşdur. 27 sentyabr 2020-ci ildə ordumuz əks -hücumlara başlayanda Elgün də silaha sarılaraq vətənin müdafiəsinə getmişdir. Cəsur əsgərin döyüş yolu Tərtər istiqamətində başlamışdır. Əvvəlcə Həsənqaya kəndi düşməndən azad olunmuşdur. Sonra strateji əhəmiyyətə malik olan Suqovuşanın azad olunması uğrunda gedən şiddətli döyüşlərə qatılmışdır.

Döyüş yoldaşı əslən Gədəbəy rayonundan olan Çingiz İsmayılov deyir ki, Elgün əsl qəhrəmandır. O hər an irəliyə can atır, əsla ölümdən qorxmurdu. Ağır döyüşlərdən birində mən və bir neçə döyüş yoldaşım ağır yaralandıq. Biz şəhid olacağımızı düşündüyümüz bir vaxtda Elgün həyatını risk altında qoyaraq hamımızı döyüş meydanından çıxarmaqla bizi ölümün pəncəsindən xilas etdi. Suqovuşan uğrunda gedən döyüşlərdən birində cəsur əsgər çiynindən qəlpə yarası almışdır. Həkimlərin səyinə baxmayaraq, o yaralı halda yenə döyüşlərə qatılmışdır. Suqovuşan azad olunduqdan sonra o əsgər yoldaşları ilə birlikdə Ağdərə istiqamətinə yollanmışdır. Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, Suqovuşanda Azərbaycanın üçrəngli bayrağını Elgün və 6 nəfər döyüş yoldaşları taxmışdır. Suqovuşan uğrunda gedən döyüşlərdə 2-ci Mübariz ləqəbli igid əsgər ermənilərin bir hərbi hissəsini darmadağın etmişdir. Məhv olunan hərbi hissədə əsgərlərlə yanaşı, yüksək rütbəli hərbçilər, hətta bir nəfər erməni generalı olmuşdur. Ermənilər Elgünü əsir tutmaq üçün can atırdılar. Onlarda cəsur əsgər haqqında kifayət qədər məlumat var idi. Lakin ermənilər onu əsir götürməyə müvəffəq ola bilmədilər. O, iki ədəd əl qumbarasını həmişə ehtiyat üçün özündə saxlayırdı ki, əsir düşsə özünü partlatsın. Döyüş yoldaşlarının dediyinə görə əfsanəvi döyüşçü Elgün Səmədov ermənilərin 46 nəfər şəxsi heyətini məhv etmişdir. Ağır döyüşlərdən birində cəsur döyüşçü Şəmkir torpağının yetirməsi Elgün Səmədov əsir düşəcəyini hiss etdiyi üçün ehtiyat üçün saxladığı qumbaraları düşmənin üzərinə atılaraq partlatmışdır. Bir neçə düşmən əsgərini məhv etmiş, özü isə ən uca zirvəyə, şəhidlik zirvəsinə ucalmışdır.

Elgün Səmədovun xatirəsini əbədiləşdirmək üçün kəndin görməli yerlərindən birində xatirə bulaq-kompleksi inşa edilmişdir. Elgün İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Bu günlərdə bulaq kompleksinin açılışı olmuşdur. Açılışda rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev, kənd sakinləri, şəhidin valideynləri və yaxınları iştirak etmişdir. Elgün Səmədov 6 oktyabr 2020-ci ildə Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Vəli VƏLİYEV,

"Respublika" .