Ədliyyə Nazirliyində amnistiyanın icrasının yekunlarına dair mətbuat konfransı keçirilib
Digər xəbərlər

Ədliyyə Nazirliyində amnistiyanın icrasının yekunlarına dair mətbuat konfransı keçirilib

Martın 11-də Ədliyyə Nazirliyində kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, ötən il 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunmuş amnistiya aktının icrasının başa çatmasına həsr olunan tədbirdə nazirliyin aidiyyəti qurumlarının rəhbərləri, Bakı Apellyasiya Məhkəməsinin hakimi, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.

Nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edərək Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən noyabrın 5-də qəbul olunmuş Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında aktın icrası dörd ay ərzində başa çatdırılıb.

Bildirib ki, ulu öndər Heydər Əliyevin memarı olduğu müasir müstəqil dövlətçilik tariximiz çoxsaylı xoşməramlı addımlarla, hər kəsin rəğbətini qazanan humanizm nümunələri ilə zəngindir. Ölkədə insan hüquq və azadlıqlarının qorunması, eyni zamanda, cinayət törədən şəxslərin yenidən cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımların miqyası çox böyükdür. Məhz Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkə kimi tarixə düşüb. Əvvəlcə ölüm hökmü üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilib. Humanizm siyasətinin vacib istiqamətlərindən biri cinayət törətmiş, cinayətini etiraf etmiş və peşman olmuş şəxslərin əfv edilməsi, bağışlanmasıdır. Heydər Əliyevin həyata keçirdiyi humanizm siyasəti nəticəsində əfv və amnistiya təsisatları yaradılıb. 1995-2003-cü illərdə qəbul olunmuş 7 amnistiya aktı 77 mindən çox insana şamil edilib. İmzalanmış 32 əfv fərmanı ilə 3100-dən çox məhkum bağışlanıb.

İdarə rəisi deyib ki, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük tərəqqiyə nail olub, dünya birliyində yerini möhkəmləndirib. Eyni zamanda, ulu öndər Heydər Əliyevin humanizm ənənələrinə və siyasətinə sadiqlik Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib. Ümummilli Liderin əsasını möhkəm təməllər üzərində qoyduğu humanizm siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib, hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək, cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini yaşadıb, inkişaf etdirib. Törətdiyi cinayət əməlindən peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı müraciətlərini hər zaman həssaslıqla nəzərə alan dövlətimizin başçısı bayram və əlamətdar günlərdə əfv sərəncamları imzalayıb. Azərbaycan Prezidentinin son 18 ildə imzaladığı 35 əfv sərəncamı ümumilikdə 5672 nəfərə tətbiq olunub.

"Ulu Öndərin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək Heydər Əliyev Fondunun da başlıca məramlarından biridir. Fondun prezidenti, respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ötən dövrdə qəbul edilmiş 4 amnistiya aktı 40 min 412 insana şamil olunub. Bu da cinayət törətmiş şəxslərin islah olunmasına və cəmiyyətə yenidən inteqrasiyasına xidmət edib", - deyə Aynur Sabitova vurğulayıb.

Məlumat verilib ki, Vətən müharibəsində böyük Qələbəmizi təmin edən Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə 2021-ci il noyabrın 5-də qəbul edilmiş Zəfər amnistiyası da Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür. Amnistiya aktının icrası prosesində ədliyyə orqanlarının üzərinə düşən mühüm vəzifələrin vaxtında icrasını təmin etmək məqsədilə noyabrın 5-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən əmr imzalanıb və amnistiya aktı dürüst və mütəşəkkil qaydada icra olunub. Aktın icrası martın 5-də başa çatdırılıb.

İdarə rəisi diqqətə çatdırıb ki, digər humanist aktlar kimi, Zəfər amnistiyası da respublikamızın humanizm prinsipləri əsasında uğurlu inkişaf yolu keçdiyini bir daha nümayiş etdirib.

Tədbirdə amnistiya aktının icrası ilə bağlı Ədliyyə Nazirliyi üzrə daxil olmuş şikayətlərin araşdırılması məqsədilə monitorinq qrupu yaradıldığı və ötən müddətdə daxil olmuş şikayətlərin nəzarətə götürülərək araşdırıldığı bildirilib.

Həmçinin qeyd olunub ki, vaxtından əvvəl şərti azadetmə institutu da effektiv fəaliyyət göstərir. Bununla əlaqədar yaradılan xüsusi komissiyanın işində vətəndaş cəmiyyətinin nümayəndələri də fəal iştirak edirlər. Pandemiya şəraitinə baxmayaraq, komissiya fəaliyyətini intensiv davam etdirib, işlərə videokonfrans formatında baxılması təmin olunub. Komissiya tərəfindən məhkumların islah prosesinə qədəm qoyması, o cümlədən davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti ətraflı araşdırılır, fərdi qaydada söhbətlər aparılır. Həmçinin məhkumlarla zərərçəkmiş şəxslər arasında barışığa nail olunması, onların sosial adaptasiyası məsələlərinin həllində vətəndaş cəmiyyətinin nümayəndələri ilə birgə əməli kömək göstərilir. Məhkumların cəmiyyətə reinteqrasiyasına böyük töhfə verən bu humanist institutun tətbiqi onların ailələrinə və yaxınlarına yüksək sevinc hissi bəxş etməklə yanaşı, cəza çəkən digər məhkumların səmərəli islah olunmasına müsbət təsir göstərir, onları qanunazidd hərəkətlərdən çəkinməyə sövq edir, haqqa, ədalətə inamlarını daha da artırır.

Aynur Sabitova əlavə edib ki, Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni müəssisə inşa olunub. Bina ən müasir standartlara uyğun tikilib. Burada yetkinlik yaşına çatmayan məhkumlara psixoloji xidmətlər üçün də şərait yaradılıb. Yeni müəssisə yaxın günlərdə istifadəyə veriləcək və yetkinlik yaşına çatmayan məhkumlar oraya köçürüləcəklər.

Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov məlumat verib ki, son iki ildə nazirliyin Penitensiar Xidmətində yaradılmış xüsusi komissiya tərəfindən sənədlərin məhkəmələrə göndərilməsi nəticəsində 3560 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib. Komissiyanın fəaliyyəti nəticəsində 840 məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. İki mindən çox təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbiri məhkəmələr tərəfindən dəyişdirilib.

Malik Ələkbərov bildirib ki, 2000-ci ildən indiyədək Cinayət Məcəlləsinə minə yaxın dəyişiklik edilib. Dövlətimizin başçısının tapşırığı ilə cəzaların icrasına da 200-dən artıq dəyişiklik olunub. Bu dəyişikliklər nəticəsində qərarlardan şikayət verilmək, məhkumların ödənişsiz müayinələrdən keçirilməsi, onların telefonla danışmaq hüququ və digər hüquqlar təmin edilib. Bu prosesdə, həmçinin 2200-ə yaxın məhkum cəzadan azad olunub.

"Amnistiya aktı 15 min 450 nəfərə şamil edilib. Onlardan 8626 nəfər cəzadan tam azad edilib, 6490 nəfərin cəza müddəti azaldılıb. Amnistiya aktı tətbiq edilənlərin 86 nəfəri Vətən müharibəsi iştirakçısı olub. Amnistiya aktı ilə 1200 nəfər məhkum pul cərimə cəzasından azad edilib. Cərimələrin miqdarı ümumilikdə 1 milyon 500 min manat olub. Amnistiya aktı 735 qadına şamil edilib ki, onların 45-i yetkinlik yaşına çatmayan, 491 nəfəri 60 yaşına çatmış, 83-ü isə əcnəbi vətəndaşdır", - deyə Malik Ələkbərov bildirib.

Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəis müavini Musa Hümbətov deyib ki, amnistiya aktı Probasiya xidməti üzrə 8575 məhkuma tətbiq olunub. Onlardan 5738 nəfər cəzadan azad olunub, 2837 nəfərin isə cəza müddəti azaldılıb.

Tədbirdə iştirak edən Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının sədri Elmar Rəhimov, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri - "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əlməmməd Nuriyev, "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyinin sədri Səadət Bənənyarlı aidiyyəti ədliyyə orqanları və müvafiq məhkəmələr tərəfindən amnistiya qərarının icrasından, amnistiya aktının nəticələrindən danışıb, onun tətbiqini yüksək qiymətləndiriblər.

Mətbuat konfransında jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

AZƏRTAC