Edilli kəndində tapılan kütləvi məzarlıqla əlaqədar qazıntı işləri davam etdiriləcək
Digər xəbərlər

Edilli kəndində tapılan kütləvi məzarlıqla əlaqədar qazıntı işləri davam etdiriləcək

Dövlət başçısının tapşırığına əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birlikdə fevral ayından əsr və itkin düşmüş vətəndaşların axtarışına başlamışdır. Axtarışlar ilk olaraq Xocavənd rayonunun Edilli kəndində aparılıb. Fevralda bu ərazidə 7 şəxsə aid insan qalıqları qazılaraq götürülüb. Sentyabrın 14-dən qazıntı işləri davam etdirilib. 5 tam, 1 qarışıq skelet və 12 şəxsə aid kütləvi məzarlıq aşkar edilib. Geyimlərindən hərbçilərimizə aid olduğu güman olunur. Axtarışlar davam etdiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Xocavənd rayonunun Edilli kəndində aşkarlanan məzarlığa baxış zamanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun üzvü Namiq Əfəndiyev söyləyib.

Edilli kəndində jurnalistlərə açıqlama verən N.Əfəndiyev bildirib ki, aşkarlanan skeletlərin əlləri və ayaqları məftil və kəndirlə bağlanıb.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov isə bildirib ki, aşkarlanan 12 meyit qalığının ilk baxışdan Azərbaycan hərbi qulluqçularına aid olduğu görünür. Kütləvi şəkildə, qeyri-insani formada dəfn edilmələri onlara işgəncə və əzab verildiyini düşünmək üçün əsas verir: "Hər bir meyitin əlləri yuxarıdadır, lakin bunun səbəbini hələ deyə bilmərik. Sümüklərdə zədə və xəsarət izləri var. Küt alət təsirindən kəllə sümüklərinin sınıqları görünür. Odlu silahlarla olan təsirlər isə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Kriminalistika şöbəsində müayinə edildikdən sonra aydın olacaq. Onların cinsi, yaşı, boyu, torpaqda qalma müddəti təyin ediləcək. Hətta onların sağlığında keçirmiş olduğu xəstəliklər varsa, onlar aşkar ediləcək. Bunun tanınmada böyük əhəmiyyəti var. Hazırda meyitlərin dişlərinin quruluşundan aydın olur ki, onların hamısı cavan və orta yaşlı hərbi qulluqçular olub".

Bu skeletlərin Azərbaycan tərəfindən basdırılması ilə bağlı Ermənistanın gülünc iddialarına cavab verən Ədalət Həsənov deyib: "Sümüklə torpağın qarışığına nəzər salsaq görərik ki, onların sonradan qoyulmasından söhbət gedə bilməz. Sadəcə olaraq qalıqların hamısının üstü təmizlənib və eləcə saxlanılıb. Qalıqlar xüsusi qutulara şəxsi əşyaları, nömrələri ilə yığılaraq bu gün, ya sabah ərazidən götürüləcək. Sonra Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin kriminalistika şöbəsində müayinə ediləcək".

Qeyd edək ki, Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır. İstintaqla Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin, o cümlədən "Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxsin öldürülməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilməsi müəyyən olunub.

İstintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə bu il fevralın 23-26-da baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, sentyabrın 14-30-da isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək götürülüb.

İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib.

Həmin hadisələrin şahidi olmaqla 28 avqust 1993-cü il tarixdən 14 dekabr 1994-cü il tarixədək Ermənistanda əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

 AZƏRTAC