Ədəbiyyatşünas alim, pedaqoq, tədqiqatçı - Firudin bəy Köçərli
Tarixi şəxsiyyətlər

Ədəbiyyatşünas alim, pedaqoq, tədqiqatçı - Firudin bəy Köçərli

Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872-1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almış, 1876-cı ildə isə Şuşada rus məktəbinə daxil olmuşdur. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya Müəllimlər Seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gəlir və Firudin bəyi Qori Müəllimlər Seminariyasında oxumağa aparır. Firudin bəy Köçərli 1879-1885-ci illərdə Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın dost olur. 1884-cü ildə seminariyada təhsil alarkən "Təlimi-Sokrat" əsərini yazır. 1885-ci ildə seminariyanı bitirən Firudin bəy Köçərli İrəvan gimnaziyasına təyinat alır. O, 1885-1890-cı illərdə gimnaziyada ana dili, hüsnxət fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsində çalışmışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə Firudin bəy Köçərli 1899-cu ildə III dərəcəli "Müqəddəs Anna" ordeni, 1902-ci ildə isə II dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir.

İrəvan gimnaziyasında çalışdığı illərdə A.Zöhrabzadə ilə birlikdə "Təlimi-lisani-türkü" adlı dərslik tərtib etmiş, 1886-cı ildə isə ilk teatr tamaşasını qoymuşdur. 1890-cı ildə İrəvanda tamaşaya qoyduğu "Müsyö Jordan və dərviş Məstəli şah" komediyası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilmişdir. 1895-ci ildə Firudin bəy Köçərli İrəvan şəhərini tərk edir. Elə həmin ildə Qori Müəllimlər Seminariyasının "tatar şöbəsi"nin Azərbaycan dili və şəriət müəllimi təyin olunur və 1918-ci ilə qədər Qoridə pedaqoji fəaliyyətini davam etdirir. 1897-ci ildə Vəkilovlar nəslindən olan Badisəba xanım ilə ailə həyatı qurur. 1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təminatçısı olmuş, sonradan isə seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərmişdir.

XIX əsrin ortalarında Azərbaycanın, o cümlədən Şuşanın mədəni həyatında böyük yüksəliş, inkişaf dövrü idi. Ədəbiyyatşünas alim Firudin bəy Köçərli Şuşanı "Zaqafqaziyanın Şirazı" adlandıraraq Azərbaycan ədəbiyyatı kitabında yazmışdır: "Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürafə, üdabə və şüarə vücuda gəlibdir. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzərəsindən olub, ərbabi-zövqü səfa və əhli-hal və sahibi-dil yatağı hesab olunur".

F.Köçərli yaradıcılığı boyu bir sıra istiqamətlər üzrə tədqiqatlar aparmış, tərcüməçi, pedaqoq, tarixçi və folklorşünas kimi böyük işlər görmüşdür. Hələ gənc yaşlarından insanların maariflənməsi istiqamətində əsl fədakarlıq göstərmişdir. Xüsusilə, milli-mənəvi dəyərlərin təbliğində, milli mətbuatın, milli ədəbiyyatın inkişafında mühüm işlərə imza atmışdır. O, bir çox mətbu orqanlarla əməkdaşlıq edərək cəmiyyətdəki problemləri işıqlandırmışdır. "Kaspi", "İrşad", "Tərəqqi", "İqbal" və başqa qəzetlərlə sıx əməkdaşlıq etmişdir. Firudin bəy Köçərlinin uşaq folkloru sahəsində olduqca böyük xidmətləri var. Ədibin "Balalara hədiyyə" kitabı uşaq folklorunun toplanılıb nəşr etdirilməsi yolunda atılmış ən böyük addımdır.

F.Köçərli 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürmüş, bunun əsasında isə Qazax Müəllimlər Seminariyasını yaratmışdır. Bir müddət sonra isə Firudin bəy Qazaxda ilk uşaq evi açır.

1928-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilir və istiqlal bəyannaməsini imzalayır. Firudin bəy Köçərli Azərbaycanda sovet hakimiyyəti qurulana kimi Qazax Müəllimlər Seminariyasına rəhbərlik edir. "Vətən dili"nin I hissəsinin (VII nəşr) yenidən işlənməsində onun böyük xidmətləri olmuşdur. O, 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını dəyişərək zənginləşdirmişdir.

1920-ci ilin may ayında Qazax kommunistləri Köçərlini və digər "Müsavat" funksionerlərini "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə", general-qubernator Ə.Xoyskinin etibarlı şəxsləri olmaqda ittiham edirlər. Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinin təqdimatına əsasən Firudin bəy Köçərli həbs olunur. 20-ci diviziyanın 7-ci xüsusi bölməsinin xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılır. Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov tərəfindən təsdiq edilmiş və hökm yerinə yetirilmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".