Ədalətin, qürurun və əyilməz ruhun təntənəsi
Siyasət

Ədalətin, qürurun və əyilməz ruhun təntənəsi

Bu vəhdət Azərbaycanın yeni tarixi, şanlı bugünü və parlaq gələcəyidir

Bu dəfə 26 iyun tarixini Azərbaycan xalqı ilk dəfə olaraq tam fərqli əhvali-ruhiyyədə qeyd etdi. Dövlətimizin öz ərazi bütövlüyünü bərpa etməklə tarixi Zəfərin yaxınlaşdırılması baxımından ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli ordu quruculuğunu Prezident İlham Əliyevin uğurla davam etdirməsi, bu prosesin məntiqi nəticəyə çatdırılması xüsusilə qeyd edilməlidir.

Dövlət başçısı demişdir: “Hər il bu bayramı qeyd edərkən, biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək, düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi  ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.

Hər bir ölkənin müdafiə qabiliyyəti onun milli maraqlarının təmin edilməsində başlıca amillərdən biridir. Ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə Azərbaycana rəhbərlik etməsindən sonra dövlətimizin müdafiə siyasəti hər zaman milli resurslara və gerçək təhlükəsizlik vəziyyətinə, demokratik nəzarət altında olan müdafiə qabiliyyətinin inkişaf etdirilməsinə və qorunub saxlanılmasına əsaslanırdı. Xüsusilə 2003-cü ildən başlayaraq, artıq Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasına daxil olmaqla öz hərbi potensialını yüksək səviyyədə gücləndirmiş, ən mütərəqqi və qabaqcıl silahlarla silahlanmışdır. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu ölkəmizin müdafiə qabiliyyətinin əsasını təşkil edir.

Azərbaycan Respublikasının milli müdafiə siyasətinin əsas istiqamətlərindən olan bütün ölkələrlə dinc yanaşı yaşama, digər dövlətlərin suverenliyinə və müstəqilliyinə hörmət və onların daxili işlərinə qarışmama, mövcud dövlət sərhədlərinin bütövlüyü və onların dəyişməzliyi, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsini qeyd edə bilərik.

Dövlətimizin apardığı milli müdafiə siyasətinin əsas məqsədləri həmişə ölkəmizin müstəqilliyinin və suverenliyinin qorunması, ərazi bütövlüyünün bərpa edilməsi və bütün əraziləri üzərində nəzarətin təmin olunması, xarici hərbi işğalın qarşısının alınması və dəf edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin döyüşə və səfərbərliyə hazırlıq səviyyəsində saxlanılması, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramının müvafiq mexanizmlərində iştirakının davam etdirilməsi, NATO dövlətləri və digər tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əsaslara söykənən ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlığın həyata keçirilməsi, ölkəmizin müdafiə sahəsində öz üzərinə götürdüyü beynəlxalq hüquq öhdəliklərinin yerinə yetirilməsi, eləcə də müvafiq tədbirlərin həyata keçirilməsi yolu ilə beynəlxalq təhlükəsizliyə töhfə verməkdən ibarət olmuşdur.

Bu gün də belədir, lakin artıq Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında 44 günlük müharibədə qazandığı qələbə, dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq əməliyyatları həyata keçirmək sayəsində bütün dünya ölkələrinin silahlı qüvvələri üçün nümunəyə çevrildi. Bu gün Silahlı Qüvvələrimiz Azərbaycanın çoxəsrlik tarixi ərzində heç zaman olmadığı qədər xalqının qürur və iftixar mənbəyidir. Buna görə biz cənab İlham Əliyevə, Ordu sıralarında xidmət edən bütün hərbçilərimizə minnətdarıq. Müzəffər Ali Baş Komandan, Rəşadətli Ordu, Qalib Xalq - budur çağdaş Azərbaycanın reallığı, tariximizin ən şanlı səhifəsi!

Respublikamızın Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev 2003-cü ildən etibarən hər dəfə erməni hərbi birləşmələrinin işğalı nəticəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış hərbçilərimizin və həlak olmuş mülki vətəndaşlarımızın qisasının mütləq alınacağı, torpaqlarımızın işğaldan azad ediləcəyini deyirdi. Çox da uzaq olmayan keçmişimizdə cənab Prezident bildirmişdi: “...Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməlidir. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz tam şəkildə bərpa ediləcəkdir. Mən buna şübhə etmirəm. Biz həm iqtisadi sahədə, həm beynəlxalq aləmdə güclənirik. Hərbi potensialımız da güclənir. Bu sahəyə daim böyük diqqət göstərilir və göstəriləcəkdir. Biz güclü hərbi sənaye yaradırıq, eyni zamanda, böyük həcmdə hərbi texnika, silah, sursat alırıq və alacağıq. Mən hələ hava hücumuna qarşı silahlardan danışmıram, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri, müxtəlif silahlar, döyüş aparmaq üçün lazım olan bütün müasir ləvazimatlar alınır və alınacaqdır. Deyə bilərəm ki, hər bir yerdə olduğu kimi, bu sahədə də biz şaxələndirilmiş siyasət aparırıq, bir istehsalçıdan asılı deyilik”.

Uzun zaman keçmədi ki, bu ilin 26 iyun tarixində Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə dedi: “Biz bu günü yaxınlaşdırmaq üçün hazırlaşırdıq. Mən öz çıxışlarımda dəfələrlə demişdim ki, hər gün biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırdıq. Görəndə ki, dünyada beynəlxalq hüququn norma və prinsipləri kobudcasına pozulur, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoyulmur, işğalçı Ermənistan daha da azğınlaşır, bizim torpağımızdan çıxmaq istəmir, əlbəttə, biz daha ciddi hazırlaşmalı idik. Bu hazırlıq hərtərəfli olmalı idi. Bu hazırlıq işlərinə biz vahid konsepsiya çərçivəsində yaxınlaşırdıq və bunu müəyyən edirdik”.

Bu gün Azərbaycan ordusu böyük imkanlara malikdir. Bizim Silahlı Qüvvələrimiz bölgədə ən güclüdür, maddi-texniki təchizat yüksək səviyyədədir, ən müasir silahlar, texnikalar, döyüş helikopterləri, döyüş təyyarələri, raketlər, artilleriya qurğuları – bütün bunlar alınır və Azərbaycanla hərbi sahədə əməkdaşlıq edən ölkələrin coğrafiyası da genişlənir. Eyni zamanda, Azərbaycanda istehsal olunan hərbi məhsulların sayı və çeşidi də son illərdə əhəmiyyətli dərəcədə artmışdır. Bütün bunların müsbət nəticəsidir ki, bu gün Azərbaycan Ordusu ən çətin hərbi əməliyyatları uğurla həyata keçirməyə qadirdir.

Azərbaycanın müdafiə qabiliyyətinin artırılması istiqamətində hərbi-siyasi və hərbi-texniki sahədə beynəlxalq əlaqələrin və əməkdaşlığın inkişafı da müstəsna əhəmiyyət kəsb edir. Avratlantik məkanın təhlükəsizlik sisteminə inteqrasiya, NATO dövlətlərinin qüvvələri ilə qarşılıqlı surətdə uzlaşan hərbi əməliyyat qüvvələrinin yaradılması, böhranların aradan qaldırılması məqsədilə müvafiq beynəlxalq təşkilatların mandatı əsasında aparılan sülhməramlı missiyalarında iştirak etmək Azərbaycanın müdafiə siyasətinin əsas istiqamətlərindən hesab olunur. Bununla yanaşı, Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması, bu təşkilata daxil olan ölkələrin Azərbaycanı birmənalı şəkildə dəstəkləməsi mühüm rol oynayır.

Vətən müharibəsi dövründə BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana qarşı təşəbbüslər irəli sürülsə də, dövlətimiz tərəfindən atılmış düzgün diplomatik addımlar nəticəsində onların qarşısı alınmışdır. Bu, bir daha onu göstərir ki, Prezident cənab İlham Əliyev təkcə hərb meydanında deyil, həm də diplomatiya müstəvisində də müdrik və uzaqgörən liderdir.

Emin QASIMOV,

 “Respublika”.