Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib
Digər xəbərlər

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib

Avqustun 14-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin nümayəndələrinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında konsulluq funksiyalarını həyata keçirən məsul əməkdaşların iştirakı ilə konsulluq xidmətləri üzrə onlayn müşavirə keçirilib.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında edilmiş dəyişikliklərə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı məsələlər, pandemiya dövründə Azərbaycan Respublikası vətəndaşları, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hava, yerüstü və dəniz yolları ilə ölkə ərazisinə giriş-çıxış qaydaları müzakirə edilib, Azərbaycan Respublikasında COVİD-19 xəstəliyinə qarşı mübarizə sahəsində həyata keçirilən cari tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra konsulluq xidmətlərinin elektronlaşdırılmasını nəzərdə tutan layihələr barədə məlumat verilib, eləcə də əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında vizaların rəsmiləşdirilməsi üzrə yeni proqram təminatı üzərində işlərin yekunlaşdırıldığı və test mərhələsi keçdikdən sonra mərhələli şəkildə tətbiqinə başlanılacağı elan edilib.

Müşavirənin sonunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, həmçinin diplomatik nümayəndəlik və konsulluqlarımızda pandemiya şəraitində vətəndaş müraciətlərinin icrası zamanı operativliyin təmin olunması və müştərək işin keyfiyyətinin yüksəldilməsi məqsədilə qarşılıqlı müzakirələr aparılıb və bu istiqamətdə zəruri təlimatlar verilib.

AZƏRTAC