ECAZKAR VƏ FÜSUNKAR: TƏBİİ SƏRVƏTLƏTİMİZ
Ekologiya

ECAZKAR VƏ FÜSUNKAR: TƏBİİ SƏRVƏTLƏTİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından Bərdə Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

Bərdə Dövlət Təbiət Yasaqlığı

Azərbaycanın qədim yaşayış yerlərindən biri olan Bərdə rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Rayon Kür-Araz ovalığının şimal-qərb hissəsində, Qarabağ düzünün mərkəzi ərazilərində yerləşir. Səthi azmeyilli və dalğalı düzənliklərdən ibarətdir. Rayonun ərazisindən Tərtər və Xaçın, şimal sərhədboyu isə Kür çayı keçir. Tərtərçay öz mənbəyini Kiçik Qafqazda 3120 metr yüksəklikdən götürür.

Bərdə Dövlət Təbiət Yasaqlığı 1966-cı ilin mayında Bərdə və Ağdam rayonlarının ərazisində təşkil olunmuşdur. Yasaqlığın yaradılmasında əsas məqsəd Kürətrafı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. Ərazisi 7500 hektardır.

Yasaqlığın iqlimi mülayim isti və quru subtropikdir. Ərazidə boz və boz-çəmən torpaqları yayılmışdır. Təbii bitki örtüyü quru bozqır və yarımsəhra tipidir. Kür çayı sahillərində seyrək tuqay meşələri vardır. Regionun əsas xüsusiyyətlərindən biri burada yarımsəhra bitki örtüyü zonasında düzən palıd və palıd-qarağac meşələrinin yayılmasıdır. Vaxtilə Qarabağ düzündə düzən meşələri geniş ərazini tuturdu. Bu gün isə kiçik sahələrdə düzən meşələri qalmışdır. Relyefin çökək yerlərində tut və yulğun bitir. Meşə altında yemişan, əzgil, nar və bəzən qaratikan bitir. Burada həmçinin çala və bataqlıq bitki qruplaşmaları geniş yayılmışdır. Çökəkliklərin daha çox rütubətli yerlərində südləvən, böyürtkən və başqa bitkilərə rast gəlinir.

Çala bitki qruplaşmalarında biyan, dəvətikanı, şovis yovşanı və s. üstünlük təşkil edir. Kürqırağı tuqay meşə ərazisində ağyarpaq qovaq, söyüd, uzunsaplaq palıd, qarağac, tut ağacları, yulğun kolları vardır. Meşəaltı kollardan yulğun, iydə, nar, yemişan, qaratikan, göyəm və s. göstərmək olar. Tərtərçayın Kürə qarışdığı yerin yaxınlığında kiçik sahədə saqqız ağac meşəsi qalmışdır. Burada saqqız ağacına uzunsaplaq palıd qarışır. Meşəaltı kolları sıx olub, əsasən qaratikandan ibarətdir. Ot örtüyü tərkibində qırtıc, topal, yovşan üstünlük təşkil edir. Tək-tək zəncirotu, ətirşah və tikanlı kəvərə rast gəlinir.

Yasaqlıqda çöl donuzu, çaqqal, tülkü, meşə pişiyi, qamış pişiyi, porsuq, meşə dələsi, dovşan, quşlardan qırqovul, turac, harayçı qu quşu, fitçi cürə, qırmızı ördək, meşə cüllütü, alabaxta, kiçik və böyük qarabattaq və s. məskunlaşmışdır.

Kamil İSMAYIL,

"Respublika".