ƏBƏDİYYƏT YAŞINDA…
Region

ƏBƏDİYYƏT YAŞINDA…

Erməni faşizmi üzərində tarixi qələbəmizdə payı olan igidlərimizdən biri Vətən yolunda canını qurban vermiş Vüsal Tofiq oğlu Rzayevin doğum günü böyük izdiham və şəhidin ölməz ruhuna sayğı ilə keçirildi.

Vüsal 1996-cı ilin 14 aprelində Şabran rayonunda dünyaya göz açıb. Sonra Rzayevlər ailəsi paytaxta köçdüyündən 2003-cü ildə 5 saylı liseydə ibtidai təhsilə başlayıb. Orta məktəb illərində dərsləri ilə yanaşı, idmana da maraq göstərib, güləşlə məşğul olub. 2015-ci ildə Bakı Peşə Liseyini bitirib və iyulun 3-də həqiqi hərbi xidmətə çağırılıb. Təlimdə çevikliyinə, fiziki göstəricilərinə görə fərqlənib, baş atıcı vəzifəsində peşəkarlığı, nizam-intizamı ilə seçilib, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirib. Murovda ən yüksək mövqe sayılan Koroğlu postunda erməni kəşfiyyatçıların yaxalanıb zərərsizləşdirilməsi onun ayıq-sayıqlığı sayəsində baş tutub. 2016-cı il Aprel savaşına qatılıb - Lələtəpə, Cocuq Mərcanlı və digər strateji məkanların azadlığı sevincini yaşayıb. Fəal döyüş qabiliyyətinə görə komandanlığın təşəkkürnamələri və Fəxri fərmanı ilə təltif edilib.

2020-ci il oktyabrın 14-də Füzuli uğrunda döyüşlərdə şəhadət zirvəsinə yüksəlib, mübarək nəşi 54 gün sonra tapılaraq dekabrın 10-u torpağa tapşırılıb.

Şəhid Vüsal Tofiq oğlu Rzayev “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Xətai Rayon İcra Hakimiyyəti Vüsalın təhsil aldığı Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, valideynlərinin çalışdığı Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi rayon ictimaiyyətinin nümayəndələri ilə birgə şəhidin doğulub-böyüdüyü ünvanda “Şəhid bulağı” xatirə kompleksini və Dədə Qorqud qəbiristanlığındakı müqəddəs məzarını ziyarət edərək, üzərinə gül dəstələri düzdülər.    

Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, Peşə Təhsil Mərkəzinin direktor əvəzi Kifayət Bayramova, humanitar təmayüllü məktəb-liseyin müəllimi Təhminə Hacıyeva, Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Əflatun Məmmədov və Cəfər Xələfov, şəhidin atası Tofiq Rzayev çıxış edərək Vüsal Rzayevin döyüş yolundan söhbət açdılar, Vətən, xalq uğrunda əbədiyyətə qovuşanların heç zaman unudulmayacaqlarını bildirdilər.

Tərbiyə işləri üzrə direktor müavini Zibaxanım Cəfərlinin yaxından iştirakı ilə Peşə Təhsil Mərkəzinin tələbələri və humanitar təmayüllü məktəb-liseyin şagirdlərinin hazırladığı “Cənnətdəki mövludun mübarək, Vüsal” adlı ədəbi-bədii kompozisiya böyük maraqla qarşılandı.

Qurban MƏMMƏDLİ.