ƏBƏDİYYƏT ÜNVANI - ŞƏHİDLİK
Region

ƏBƏDİYYƏT ÜNVANI - ŞƏHİDLİK

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması Yevlaxda ənənə halını alıb. Ənənənin davamı olaraq şəhid Bərxudarov Toğrul Məmməd oğlunun doğum günündə xatirəsi anılıb.

Şəhid Toğrul Bərxudarov 29 sentyabr 2020-ci il tarixdə Tərtər-Ağdərə istiqamətində düşmənə qarşı aparılan döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhidimiz döyüşlər zamanı göstərdiyi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilibdir.

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, YAP Yevlax rayon təşkilatı aparatının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, dostları Şəhidlər Xiyabanında onun məzarını ziyarət edərək, tər gül-çiçək dəstələri düzüblər. Anım mərasimində döyüş yoldaşları, dostları və qohumları Toğrul Bərxudarovun şərəfli həyat yolundan ətraflı söhbət açıblar. Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını bir daha vurğulayıblar. Sonra, şəhidin ailəsinə baş çəkiblər. Qeyd ediblər ki, şəhid Bərxudarov Toğrul Məmməd oğlunun şərəfli ömür yolu gənclərə örnəkdir.

Şəhid Toğrulun ailə üzvləri və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, ölkə Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Yevlax Şəhər İcra Hakimiyyətinin tövsiyəsi ilə şəhidin təhsil aldığı şəhər 9 saylı tam orta məktəb şəhidin xatirəsinə inşa müsabiqəsi, Şəhər Uşaq-Gənclər İdman Şahmat məktəbi isə onlayn şahmat turniri keçirmiş, qaliblərə fəxri fərmanlar şəhidin ailə üzvləri və yaxınları tərəfindən təqdim edilmişdir.

Zabit XƏLİLOV,

“Respublika”.