ƏBƏDİ qürur mənbəyimiz
Digər xəbərlər

ƏBƏDİ qürur mənbəyimiz

Hər bir xalqın dövlət rəmzlərindən olan bayraq onun varlığının, mövcudluğunun sübutu, dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricilərindən biridir. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının göründüyü ən şəffaf və dəqiq meyarıdır. Azərbaycan xalqının azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağı xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Məhz onun üçün də atributlardan məna və məzmun etibarilə ən güclü təsir qüvvəsinə malik olan rəmz - məhz Bayraqdır. O bayraq ki, xalqın öz düşüncəsində daşıdığı idealları, onun milli mənsubiyyətini, siyasi dünyagörüşünün miqyasını, bir sözlə, millətin bütün özünəməxsus keyfiyyətlərinin məcmusunu xarakterizə edir. Lakin tarixi həqiqət ondan ibarətdir ki, ən ali dəyərlərini özündə ehtiva edən bayrağını dalğalandıra bilmək hər xalqa nəsib olmur. Bu baxımdan Azərbaycan xalqı xoşbəxtdir.

Azərbaycan xalqının bu gün müstəqil bayrağa malik olması da onun xoşbəxtliyi və həm də mənəvi haqqıdır. Çünki o bayrağı yenidən dalğalandıra bilmək səadəti xalqımızın azadlığa bəslədiyi sevgidən qaynaqlanan əzmkar və davamlı mübarizəsi ilə gerçəkliyə dönmüşdür.

Azərbaycanın Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci il aprel ayının 28-dək dövlət statusuna malik olub. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra bayrağımız düz yetmiş il ərzində unudulmadı, ürəklərdə yaşadı, xatirələrdə canlandırıldı, yaddaşlarda dərin iz buraxdı.

1990-cı il iyunun 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı Naxçıvandan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olunmağa başlamışdı. Xalqımızın təfəkkür və mənəvi dünyasının meyarı olan üçrəngli bayrağımız ikinci dəfə sovet hakimiyyətinin hələ mövcud olduğu dövrdə Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edildi, qədim Azərbaycan diyarı Naxçıvanda dövlət bayrağı olaraq qəbul edildi, yüksəklərə ucaldıldı. Beləliklə, çağdaş dövrümüzün müdrik siyasi xadimi, ulu öndər Heydər Əliyev üçrəngli bayrağımızı yaşatmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırması üçün gərgin iş gördü. Azərbaycan Respublikası Ali Soveti 1991-ci il fevralın 5-də "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu"nu qəbul etdi. Və bu aktla milli bayrağımız Azərbaycan üzərində dalğalanmağa başladı.

Bu tarixi hadisəni dəyərləndirən ümummilli lider Heydər Əliyevin söylədiyi fikirlər diqqətəlayiqdir: "Tariximizin hər bir səhifəsi - istər lap qədim dövrə, orta əsrlərə, istərsə də XIX əsrə, XX əsrə aid olsun, - bizim üçün qiymətlidir". Naxçıvanda Xalq Cümhuriyyətinin bayrağının dövlətimizin bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı və ölkəmizdə gedən proseslərə güclü təkan verdi.

2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirildi. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının tamhüquqlu üzvüdür. Üçrəngli milli bayrağımız Avropanın mərkəzində dalğalanır, bizim varlığımızı, qüdrətimizi, gücümüzü bütün dünyaya nümayiş etdirir. Dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə bağlı keçirilən təntənəli mərasimdəki çıxışında milli bayrağımızın çox böyük önəm daşıdığını qeyd etmişdir.

Azərbaycanın Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində, o cümlədən beynəlxalq təşkilatlarda ucalır, mühüm tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq müstəqilliyimizi və milli birliyimizi təcəssüm etdirir. Prezident cənab İlham Əliyevin respublikamızın dövlət atributlarına, o cümlədən üçrəngli bayrağımıza göstərdiyi böyük ehtiram, bu məqsədlə həyata keçirilən tədbirlər ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edən başlıca amillərdir. Azərbaycan Respublikasının Dövlət Bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biri olduğunu nəzərə almaq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının ən gözəl nümunəsidir. Bununla bağlı ölkə Prezidenti cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də sərəncam imzalamış, özünün iştirakı ilə 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət Bayrağı Meydanının təməli qoyulmuşdur.

Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" sərəncam imzalamışdır. Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Xalqımız bu il Dövlət Bayrağı Gününü coşqu, təntənə ilə qeyd edir. 2020-ci ildə Müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etmiş, Vətən müharibəsində düşmən ağır məğlubiyyətə uğramışdır. Qürur hissi keçiririk ki, bu gün üçrəngli Azərbaycan Bayrağı Şuşada, Ağdamda, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Füzulidə, Laçında, Kəlbəcərdə və digər ərazilərdə dalğalanır.

Məhəbbət ƏSGƏROVA,

Nərimanov rayonundakı

37 saylı məktəbin direktoru.