Əbədi qəhrəmanlıq nümunəsi
Sosial həyat

Əbədi qəhrəmanlıq nümunəsi

Ərəstun Mahmudovun adı Azərbaycanın qəhrəman zabitlərinin sırasında ən önəmli yerlərdən birindədir. İsmayıllı rayonunun cəsur oğlu sözün əsl mənasında bu günümüzün qəhrəmanı idi. Onu gözəl gələcək gözləyirdi. İdarə etdiyi helikopteri ilə müharibənin ağır günlərində həmişə səmada oldu, sıx dumanlarla qarşılaşdı.

Ərəstun az yaşasa da çox işlər görə bildi. Vaxt olacaq bu işlər cığıra, yola dönəcək. Bu yoldan Azərbaycan əsgərlərinin addım səsləri eşidiləcəkdir.

Ərəstun Birinci Qarabağ döyüşlərində erməni daşnaklarına qarşı gedən qanlı döyüşlərdə əbədiyyətə qovuşdu. Elə bir nəğməyə döndü ki, zaman-zaman dodağımızda titrəyəcək bu nəğmə... El-obanın ürəyində, yaddaşında Azərbaycanın Milli Qəhrəmanı kimi yaşayacaq...

Ərəstun İspəndi oğlu Mahmudov 23 fevral 1957-ci ildə gözəl təbiəti, sıx meşələri ilə insanı məftun edən İsmayıllı rayonunun Pirəbilqasım kəndində dünyaya göz açmışdır. Məktəb illərində idmana böyük maraq göstərirdi. "Uzaq sahillərdə" filminə baxmaqdan doymazdı. Mehdinin almanlara qarşı göstərdiyi qəhrəmanlıqdan qürur duyardı...

İş elə gətirdi ki, Ərəstun ailəsi ilə birlikdə Bakı şəhərinə köçdü. O, 1974-cü ildə paytaxtın Nizami rayonundakı 220 nömrəli orta məktəbdə təhsilini başa vurdu. Dəfələrlə olimpiadalarda iştirak etdi.

Ərəstun Mahmudov valideynlərinin xeyir-duası ilə bir müddətdən sonra Leninqrad vilayətinə üz tutdu. Vıborq şəhərində yerləşən Mülki Aviasiya Məktəbinə daxil oldu. Tədris olunan fənlərə böyük maraq göstərir, təhsilini başa vurub bacarıqlı aviasiya işçisi kimi Vətənə dönəcəyi günü səbirsizliklə gözləyirdi.

Ərəstun 1978-ci ildə təhsilini başa vurub, Azərbaycan Hava Yollarının Zabrat Aviasiya hissəsində texnik-mexanik kimi "AN-2" təyyarəsində əmək fəaliyyətinə başlamışdır. O, idmanın ağır atletika növü ilə də məşğul olurdu. Azərbaycanda, keçmiş SSRİ məkanında və eləcə də xarici ölkələrdə keçirilən mötəbər yarışların iştirakçısı olmuş, müxtəlif mükafatlara layiq görülmüşdür.

Ərəstun Mahmudov 1989-cu ildə Omsk şəhərində ixtisasartırma kursu keçmiş, Mİ-8 vertolyotunun bort-mexaniki olmuşdur. O, özünü işgüzar və aviasiya texnikasını yaxşı bilən mütəxəssis kimi tanıtmış və 1990-cı ildə Ukraynanın Kremençuk şəhərində növbəti ixtisasartırma kursuna göndərilmişdir. Bundan sonra o, Mİ-8 vertolyotunun bort-mexaniki təyin edilmişdir. Daha sonra Ərəstun Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd olan rayonlarda döyüş əməliyyatı keçirilən ekipajın tərkibinə daxil edilmişdir.

O, Mİ-8 vertolyotunun heyəti ilə dəfələrlə döyüş bölgəsinə ezam edilmiş, dinc əhalinin köçürülməsində, döyüş bölgələrinə ərzaq və müəyyən ləvazimatların çatdırılmasında yaxından iştirak etmişdir.

Onun cəbhə bölgələrinə son uçuşu 28 yanvar 1992-ci ildə olmuşdur. Ağdam və Şuşa marşrutu üzrə yerli əhalini daşıyarkən Mİ-8 vertolyotu erməni yaraqlıları tərəfindən raketlə vurulur. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı Fərmanı ilə Ərəstun İspəndi oğlu Mahmudov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Oxuduğu 220 saylı məktəb Milli Qəhrəmanın adını daşıyır.

Ərəstun Mahmudovun adı əbədiləşdirilmiş, yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

O, Vətən yolunda şəhid oldu. Əbədiyyətə qovuşdu. Canından artıq sevdiyi 3 övladının, bütün doğmalarının, əzizlərinin xatirəsində əbədi qəhrəmana döndü.

Qədir ASLAN,

"Respublika".