Əbədi ehtiram və qürur abidəsi
Region

Əbədi ehtiram və qürur abidəsi

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi… Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə. Əbədilik qazanan qəhrəman şəhidlərin xatirəsinə, Goranboyun Xan Qərvənd kəndində yeni layihə əsasında inşa edilən Şəhidlər Abidəsinin açılış mərasimi keçirilmişdir.

Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, dövlət rəsmiləri, şəhid ailələri və qazilər, rayon fəalları, kənd ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Açılışdan sonra dövlət rəsmiləri, şəhidlərin ailə üzvləri ilə birgə abidə önünə tər gül dəstələri düzüblər. Şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri bir daha böyük ehtiramla anılıb. Bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Mərasimdə şəhidlər haqqında xoş xatirələr dilə gətirilib.

Qeyd olunub ki, bu gün Azərbaycan xalqı öz tarixinin ən qürurverici və tarixinin ən şanlı səhifələrindən birini yaşayır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, yenilməz iradəsi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə düşmən tərəfindən işğal olunmuş torpaqlarımız azad olundu. Bəli, 44 günlük müqəddəs Vətən savaşında qəhrəman oğullarımız günlərlə soyuq səngərlərdə ölümlə burun-buruna dayanaraq, canlarıyla sipər oldular ana torpağa… Qarabağda qanlarıyla yazdılar Azərbaycanın qürurverici zəfər tarixini… Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Dəmir Yumruq" əməliyyatı zamanı Azərbaycan Ordusu düşmənin belini qırdı, başını əzdi və şəhidlərin qisası lazımınca alındı. Bu igidlərin ruhu bu gün çox rahatdır. Bu da hamının ən böyük təskinliyidir.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev şəhid ailələrini dinləyib və bildirib ki, dövlət daim onların yanındadır. Şəhidlərin ailə üzvləri diqqət və qayğıya görə ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Zabit XƏLİLOV, 

"Respublika".