Əbədi ehtiram
Region

Əbədi ehtiram

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının  əməkdaşları və şəhid ailələri ilə birlikdə Şirvan şəhər Şəhidlər Xiyabanını ziyarət etdilər. Tədbir iştirakçıları I Qarabağ müharibəsi zamanı itkin düşənlərin xatirəsinə ucaldılmış abidəni və şəhid məzarlarının önünə tər qərənfillər düzüb, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilədilər. Şəhər məscidinin imamı şəhidlərin ruhuna dualar oxuyub.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəyə uyğun olaraq hər ayın sonuncu cümə axşamında olduğu kimi Şəhidlər Xiyabanında şəhid ailələri ilə görüşüb, onlara belə qəhrəman, cəsur, mərd oğullar böyütdükləri üçün minnətdarlığını bildirdi. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını, illər keçsə də, nəsillər dəyişsə də unudulmayacaqlarını vurğuladı. 30 ildən artıq erməni işğalı altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi ilə azad edilməsində Müzəffər Ordumuzun və Qalib Ali Baş Komandanımız cənab İlham Əliyevin tarixi xidmətlərindən danışdı. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açıb, bu qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirildiyini vurğuladı. Şirvan şəhərində şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarına göstərilən hörmət və ehtiramdan, olunan köməkliklərdən, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq işlərindən bəhs etdi. Şəhid ailələrini narahat edən məsələlərlə tanış olub, həll olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verdi.

Daha sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, şəhid ailələrinin və hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə şəhərin mərkəzi meydanında Şirvan şəhidlərinin xatirəsini əks etdirən yeni, müasir tipli monitorun açılışı oldu. Hər bir şəhidin şəkli və haqqında məlumatın silsilə şəkildə təqdim olunduğu monitor şəhid ailələri və tədbir iştirakçıları tərəfindən razılıqla qarşılandı.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Tofiq HÜSEYN,

“Respublika”.