“E-köşk
Digər xəbərlər

“E-köşk" qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimatı ilə bağlı tədbir keçirilib

Noyabrın 24-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və Media Təhlil Mərkəzinin tərəfdaşlığı ilə "E-köşk" qəzet və jurnalların rəqəmsal yayım platformasının ictimaiyyətə təqdim olunması ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ümummilli lider Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimini giriş sözü ilə açan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib ki, dövlət yazılı medianın inkişafına hər zaman dəstək göstərir. "E-köşk" qəzet və jurnalların rəqəmsal yayım platforması bu dəstəklərdən biridir. Müasirlik, yenilik günün tələbidir və buna uyğunlaşmaq lazımdır.

MEDİA-nın rəhbəri qeyd edib ki, "E-köşk" qəzet və jurnalların rəqəmsal yayım platforması qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi və digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar, müşahidə edilən müasir tendensiyalar nəzərə alınaraq hazırlanıb.

Əhməd İsmayılov qəzet saytlarının yenidən qurulması prosesinin artıq başa çatdığını vurğulayıb. Diqqətə çatdırıb ki, media subyektlərinin iqtisadi cəhətdən gücləndirilməsi MEDİA-nın başlıca məqsədlərindəndir. O deyib ki, "E-köşk" platforması vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daim xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana bilərlər.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov çıxışında bildirib ki, "E-köşk" qəzet və jurnalların rəqəmsal yayım platforması müasir tələblərə cavab verə biləcək bir platformadır. O, Prezident İlham Əliyevin media sahəsində islahatlarla bağlı verdiyi Fərmandan ötən iki il ərzində bu sahədə xeyli dəyişikliklər baş verdiyini, o cümlədən "Media haqqında" Qanunun qəbul edildiyini bildirib.

Çap mediasının üzləşdiyi problemlərə diqqət çəkən Prezident Administrasiyasının məsul əməkdaşı son bir il ərzində ölkədə bu sahədə müəyyən müsbət işlər görüldüyünü də diqqətə çatdırıb.

Kamran Həsənov media sahəsində həyata keçirilən islahatların tərkib hissəsi olaraq çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi, media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Sonra "Rəqəmsal dövrdə ənənəvi çap mediası: Müasir oxu vərdişləri və transformasiya perspektivləri" mövzusunda panel sessiya keçirilib.

Sessiyaya moderatorluq edən Milli Məclisin deputatı, "Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılova bildirib ki, "E-köşk" platforması cəmiyyətdə oxu vərdişlərinin inkişaf etdirilməsinə, ənənəvi medianın rəqəmsallaşdırılmasına dəstək göstərəcəkdir.

Mətbuat Şurasının sədri Rəşad Məcid bu platformanın çap mediası subyektlərinin iqtisadi dayanıqlılığının artırılması, ənənəvi çap mediasının rəqəmsal mühitə uyğunlaşması istiqamətində innovativ addım olduğunu qeyd edib. Bildirilib ki, qəzetlər daha çox analitik və araşdırma yazılara yer ayırmalıdırlar. Çünki reallıq bunu tələb edir.

Mətbuat Şurasının sədri "E-köşk" platformasının çap mediası subyektlərinin iqtisadi dayanıqlılığının artırılması, ənənəvi çap mediasının rəqəmsal mühitə uyğunlaşması istiqamətində innovativ addım olduğunu qeyd edərək informasiya sahəsində çevikliyin, operativliyin təmin edilməsi istiqamətində mühüm islahatların aparıldığını vurğulayıb.

"Media Təhlil Mərkəzi" İctimai Birliyinin baş mütəxəssisi Yunis Orucov texniki imkanlar baxımından onlayn media ilə bərabər çap mediasının inkişafına kömək məqsədilə "E-köşk" platformasının yaradılmasının təqdirəlayiq addım olduğunu diqqətə çatdırıb. Bildirib ki, informasiyaların ötürülməsində milli kimlik qorunmalıdır. Çap mediasının əsas silahı maraqlı olmaq, oxucunun tələblərinə cavab verməkdir. Bu, çap mediasının yaşaması üçün mühüm amildir. İnformasiya və texnologiyanın müsbət tərəflərindən danışan "Media Təhlil Mərkəzi" İctimai Birliyinin baş mütəxəssisi onun mənfi təsirlərini də qeyd edib. Vətən müharibəsi dövründə kiberhücumları xatırladan Y.Orucov risklərin nəzərə alınmasının vacibliyini vurğulayıb.

Bugünkü çap mediasının informasiya yükünü daşıya bilmədiyini diqqətə çatdıran "Respublika" qəzetinin baş redaktoru Hümbət Musayev qəzetlərdə ən çox analitik yazılara, araşdırmaya yer verilməsinin daha məqsədəuyğun olduğunu diqqətə çatdırıb. Baş redaktor keyfiyyətli informasiyanın çatdırılması üçün ənənəvi media ilə elektron medianı birləşdirməyin vacibliyini vurğulayıb.

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev "E-köşk" platformasının ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan etməsindən, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından istifadə etməyə şərait yaratmasından danışıb.

Panel sessiya başa çatdıqdan sonra Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri şöbəsinin müdiri Ləman İsgəndərova platformanın üstünlüklərini, əhatə dairəsini, məqsədlərini əks etdirən təqdimatla çıxış edib.

"Mass Solution" şirkətinin dəstəyi ilə hazırlanan "E-köşk" platformasının istifadə təlimatı, eyni zamanda, indiyədək platformada hesab yaratmış redaksiyalara dair videoçarxlar nümayiş etdirilib.

Sonra "Hürriyet" qəzetinin xəbər koordinatoru Fırat Karadeniz çap mediası məhsullarının təkmilləşdirilməsi və mediada peşəkarlığın artırılması üçün yeni tendensiyaların öyrənilməsi ilə bağlı çıxış edib. Tədbir çərçivəsində Fırat Karadenizin çap mediası subyektlərinin nümayəndələri üçün "Çap mediasında yeni texnologiyaların tətbiqi: innovativ biznes modelləri, müasir inkişaf tendensiyaları"; "Çap mediasında yayımlanan məzmunun yeni formatlara uyğunlaşdırılması" mövzularında təlimi də keçirilib.

Qeyd edək ki, "E-köşk" platformasının yaradılma məqsədi çap mediasının ekoloji və iqtisadi dayanıqlılığını artırmaq, ənənəvi medianın rəqəmsallaşmasını təşviq etmək, informasiya cəmiyyətinə keçidi sürətləndirməkdir.

AZƏRTAC