... DÜŞÜNÜRDÜ Kİ, DÜŞMƏN GÜLLƏSİ ONA TUŞ GƏLMƏZ
Sosial həyat

... DÜŞÜNÜRDÜ Kİ, DÜŞMƏN GÜLLƏSİ ONA TUŞ GƏLMƏZ

Bəlkə də bir yuxu idi. Sirli, sehirli bir yuxu. Çözülməsi, yozumu olmayan bir yuxu. Elə bir yuxu ki, sanki kimsə ayılmayacaqdı bu yuxudan. Bu yuxu qorxulu, vahiməli, dəhşətli, əzab və işgəncələrlə dolu idi. Bu 30 ildə düşmənin zülmünə səssiz qalmağa məhkum edilmişdik sanki. Azərbaycan xalqının qanına susamış, əzab-əziyyətlə qurub-yaratdığımız xanimanları darmadağın edən erməni vandalları 30 il ərzində saysız-hesabsız qırğınlar törətmiş, işğal etdikləri əraziləri özününküləşdirməyə çalışmışdı. Bununla yanaşı, onlar qəsr və qalaları, ziyarətgahları, məbədləri darmadağın edərək Qarabağı Azərbaycan tarixindən silə biləcəklərini düşünürdülər. Onlar düşünmürdülər ki, yatmış aslan bir gün ayılar və elə nərə çəkər ki, erməni çaqqalları qaçıb gizlənməyə yer tapmazlar. Bəli, bu, belə də oldu. Yuxu sandığımız bu tilsim qırıldı.

Vətən haraylı oğullar bir yumruq kimi birləşərək, torpaqlarımızı yağı düşməndən təmizləmək üçün ayağa qalxdı, ölümün üzünə dik baxdı. Silaha sarılıb düşmən üstünə gedəndə elə bir nərə çəkdilər ki, sanki dağlar lərzəyə gəldi. Bu igid oğulların sırasında Xüsusi Təyinatlı Elvin Teymurov da vardı.

Füzuli istiqamətində şiddətli döyüşlər gedirdi. Elvin həmişəki kimi ön sırada idi. Düşmənin xeyli sayda canlı qüvvəsi və zirehli texnikası məhv edilmişdi. Yanmış hərbi maşınlar, ağır artilleriya nəticəsində tüstüyə bələnmiş boz çöllər, yalnız divarları qalmış və yüz illərin xarabalığını xatırladan yurd yerləri göz önünə gəldikcə, ermənilərin xalqımıza qarşı törətdiyi qırğınların, soyqırımların miqyası daha da böyüyürdü Elvinin gözündə. Düşüncələrə dalmışdı. Qəfildən kimsə çiyninə toxundu. Elvin xəyallar aləmindən ayılanda silahdaşı Sahili gördü yanında:

- Elvin, qardaş, bayaqdan səni izləyirəm. Xəyal qanadlarında idin, bəlkə də Qələbədən sonra atacağın addımları götür-qoy edirdin. Amma fikir etmə, ona vaxt tapacağıq. İndi hazır ol, Hadrut istiqamətində hücuma keçirik. Sənin o məğrur baxışın, qəlbində alovlanan vətən sevgisi, qisas hissi bundan sonra da ox olub düşmənin gözünə batacaq. Hələ neçə-neçə zirvəni birlikdə fəth edəcək, bayrağımızı o zirvələrdə dalğalandıracağıq:

 “İnşallah, Sahil, inşallah!” - demək istəyirdi ki, namərd gülləsi yağış kimi səpələnməyə başladı. Hər tərəf açıqlıq olduğu üçün daldalanmağa yer yox idi. Elə bu dəm güllə Sahili yaxaladı. Elvin onu təhlükəsiz yerə çəkməyə çalışsa da, artıq gec idi. 

Elvin dostunun nəbzini yoxladı. Al-qana bələnmiş vücud soyumaqda idi. Elvin göz yaşlarını saxlaya bilmirdi. Hıçqırtı ilə: “Sahil, qardaş, bizi belə tez tərk etmə. Axı biz birlikdə hələ çox zirvəyə bayraq sancacaqdıq”, – demək istəsə də, kəlmələr boğazına tıxandı. O, cəld silahını əlinə alıb döyüş yoldaşları ilə birgə düşmən üstünə şığıdı. Gözünü qan tutmuş Elvin mənfur düşməni əzib keçir, ölümə meydan oxuyurdu. Hətta düşünürdü ki, qisas almayınca düşmən gülləsi ona tuş gələ bilməz. Odur ki, irəli atılır, daha çox düşmən məhv etməyə çalışırdı. Çünki onun məqsədi həm intiqam almaq, həm də nəyin bahasına olursa-olsun işğalda olan torpaqları azad etmək idi. Beləcə, Hadrut istiqamətində bir çox kənd və yüksəkliklər ələ keçmişdi. Elvin azad edilən əraziləri telefonun kamerasına köçürməyi də unutmurdu. “Bu bir tarixdir, tarixi yaddaşlara köçürmək lazımdır ki, gələcək nəsillər baxıb fəxr eləsin ata-babaları ilə” - deyirdi. 

Elvin qorxmazlığı, cəsarəti ilə yanaşı, hər mənada  ibrət götürüləsi oğul idi. Son döyüşdəki uğuru da yaddaşa köçürərək qeyd etmişdi:  

- Yaxşı baxın, görün düşmənin leşləri necə də  bir-birinin ardınca düzülüb. Bax, bu, Azərbaycan oğullarının əl işi – sənət əsəridir. Bu oğullarla bütün Ermənistanı, daha dəqiq desəm, ata yurdumuz Dərələyəzi, Zəngəzuru, Göyçəni Vedibasarı, İrəvanı azad etmək olar. Sonra da üzünü yenicə ələ keçirilmiş posta tutaraq istehza ilə əlavə etdi: “Guya bura ermənilərin ən güclü müdafiə olunan postu idi. Biz onların müdafiə sədlərini bir göz qırpımında keçdik”.

22 oktyabr 2020-ci il... Hadrut istiqamətində növbəti qanlı döyüşlər başladı. Düşmənin səfi darmadağın edilsə də, ağır yaralanan igidimizi, - Elvin Teymurovu xilas etmək təəssüf ki, mümkün olmadı. Arzuları özü ilə birgə torpağa gömüldü, amma ən ali məqama – şəhidliyə ucalmağı bacardı Elvin.

AYSU TÜRKEL