Düşünülmüş və çevik siyasət ölkəmizin davamlı inkişafını təmin edir
Siyasət

Düşünülmüş və çevik siyasət ölkəmizin davamlı inkişafını təmin edir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliliyin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik ölkə iqtisadiyyatının dayanıqlılığını şərtləndirən əsas amillərdir. Ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox böyük müvəffəqiyyətlə həyata keçirdiyi mühüm prioritetlərdən biridir. Əldə edilən gəlirlər hesabına qeyri-neft sektoruna böyük sərmayələrin yatırılması, beləliklə də, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin davamlı şəkildə inkişaf etdirilməsi başlıca hədəf kimi götürülmüşdür.

Bu baxımdan, bilavasitə, Prezident cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı hazırlanan və müvəffəqiyyətlə həyata keçirilən Dövlət proqramları olduqca təqdirəlayiqdir. Bütün incəliklərinə görə, yüksək dəqiqliklə işlənib hazırlanan, məntiqi ardıcıllıqla biri digərini tamamlayan bu proqramlar əhalinin yüksək iqtisadi fəallığını stimullaşdırır, bölgələrdə yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, Azərbaycanın regionlarının hərtərəfli tərəqqisinə yol açır.

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin edir. Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında" 2016-cı il 16 mart tarixli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarət olmuşdur. Son illərdə Azərbaycan dünyada iqtisadi artım tempinə görə ön sıralarda qərar tutmuşdur. Uğurla həyata keçirilən neft strategiyası əsasında əldə  olunmuş gəlirlər hesabına infrastruktur modernləşdirilmiş, qeyri-neft iqtisadiyyatı inkişaf etdirilmiş, sosial rifah yaxşılaşdırılmış, dövlətin balansında olan aktivlər artmış strateji valyuta ehtiyatları yaradılmışdır.

Azərbaycan ötən illər ərzində Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, xüsusilə insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə etmişdir.

Məlum olduğu kimi, BMT-nin təşəbbüsü ilə 2000-ci ilin sentyabrında "Minilliyin Forumu" keçirilmişdir. Bu Beynəlxalq Forumda iştirak edən dünyanın 147 ölkəsinin dövlət və hökumət rəhbərləri qlobal miqyasda davamlı inkişafa nail olmaq məqsədilə "Minilliyin Bəyannaməsi" sənədini qəbul etmişlər. Bununla da yoxsulluğun azaldılması məsələlərini özlərinin 2015-ci ilə qədər öhdəlikləri kimi müəyyənləşdirmişlər. Bəyannamədə göstərilən vəzifələri həyata keçirmək üçün 18 hədəfi və 48 göstəricini özündə əks etdirən 8 qlobal məqsəd müəyyənləşdirilmişdir. Minilliyin Bəyannaməsini Azərbaycan Respublikası adından xalqımızın ümummilli lideri Heydər Əliyev imzalamışdır.

Minilliyin Bəyannaməsinə qoşulan bir ölkə kimi, Azərbaycan Respublikasında da bu öhdəliyin ölkə şəraitinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 854 nömrəli Fərmanı ilə "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" təsdiq edilmişdir.

Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2003-2005-ci illərdə respublikada ümumi makroiqtisadi sabitlik qorunub saxlanılmış, dinamik iqtisadi artımın davamlılığı təmin edilmiş, inflyasiya və milli valyutanın məzənnəsi məqbul səviyyədə saxlanılmışdır. Bu isə ölkədə mövcud olan sosial problemlərin, о cümlədən yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaratmışdır. Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunan müsbət meyilləri davam etdirmək məqsədilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" (YADİDP) hazırlanmışdır.

Belə ki, respublikamız Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulmuşdur. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir. Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq BMT Baş Assambleyasının 2015-ci il 25 sentyabr tarixli qətnaməsi ilə növbəti 15 il müddətinə insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığının təmin edilməsinə təkan verəcək 17 məqsəd və 169 hədəfdən ibarət "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" ("Gündəlik--2030") təsdiq edilmişdir. DİM-lərin özünəməxsusluğu onların bütün ölkələri, о cümlədən yoxsul, zəngin və orta gəlirli ölkələri planetin mühafizəsini təmin etmək şərtilə, tərəqqini təşviq etmək üçün tədbirlər görməyə səsləməsində əks olunur. DİM-lər təsdiq edir ki, yoxsulluğun aradan qaldırılması iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilməlidir. Onlar təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çəkir. "Gündəlik-2030"-la müəyyən edilmiş qlobal məqsəd və hədəflər dayanıqlı inkişafın bir-biri ilə vəhdət təşkil edən iqtisadi, sosial və ətraf mühit sahələrində tarazlı idarəetmənin həyata keçirilməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən icrası zəruri hesab edilən kollektiv tədbirləri özündə əks etdirir. Xatırladaq ki, Azərbaycan BMT-nin digər 193 üzvü kimi, 2015-ci ilin sentyabr Sammitində "Gündəlik-2030"-u   imzalayıb kollektiv təşəbbüsə qoşularaq ölkəmizi daha da güclü edəcək təxirəsalınmaz, cəsarətli və transformativ tədbirlərin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürmüşdür.

Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alaraq, Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

Davamlı inkişaf konsepsiyasının fəlsəfi mahiyyəti planetin təbii ehtiyatlarından səmərəli və qənaətlə istifadə, ətraf mühitin qorunub  saxlanılması, indiki və gələcək nəsillərin həyat keyfiyyətinin yaxşılaşdırılmasından ibarət idi. Bununla yanaşı, davamlı inkişaf insanların tələbatının ağıllı şəkildə ödənilməsi və bütün planetdə sülhün saxlanılmasına yönəlmiş sosial-iqtisadi və ekoloji inkişafı nəzərdə tuturdu.

"Minilliyin Bəyannaməsi"ndə XXI əsrdə dünya ölkələri üçün Minilliyin İnkişaf Məqsədləri (MİM) müəyyən edilmişdir. Forumda qəbul edilən Minilliyin İnkişaf Məqsədlərində 2015-ci ilədək dünya əhalisinin həyat şəraitinin nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılmasına yönəldilən problemlərin həlli əsas prioritet kimi nəzərdə tutulmuşdur. BMT və onun tərəfdaşları Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində çalışırlar. Bu tərəfdaşlıq nəticəsində Azərbaycan dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 DİM-i, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib. 2017 və 2019-cu illərdə iki Könüllü Milli Hesabat (KMH) hesabatını təqdim etməklə Azərbaycan 2019-cu ilədək MDB məkanında ilk olaraq iki KMH təqdim edən ölkə olub.     

Son illər ərzində Azərbaycan "Gündəlik-2030"-a nail olmaq istiqamətinə sadiqliyini nümayiş etdirib. 2016-cı ilin oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT-nin Azərbaycan hökumətinə göstərdiyi dəstəyin əlaqələndirilməsi üçün əsas tərəfdaş kimi fəaliyyətdə olan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasına dair fərman imzalayıb. Eyni zamanda Azərbaycan, DİM-ləri milli səviyyədə sürətləndirmək məqsədilə atıla biləcək konkret siyasət və proqramlaşdırma addımlarını əks etdirən MAPS ( "Gündəlik- 2030" naminə aktuallaşdırma, sürətləndirmə və siyasətə dəstək) missiyasını həyata keçirən ilk ölkələrdən biri olub və ölkə təcrübəsini 2018-ci ildə keçirilən Dayanıqlı İnkişaf üzrə Bakı Forumunda təqdim edib. Sözügedən fərmanda eyni zamanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, sədrin müavini və 11 nəfərdən ibarət üzvləri təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Dayanıqlı  İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən Dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.

2019-cu ilin iyulun 2-də "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı" çərçivəsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təşəbbüsü və BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məlumatlandırma Portalının təqdimat mərasimi keçirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Fərmanına əsasən, Dövlət Statistika Komitəsi də daxil olmaqla aidiyyəti dövlət orqanlarının təmsil olunduğu Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın fəaliyyəti səmərəli təşkil edilib, bu istiqamətdə qarşıda duran vəzifələr konkretləşdirilib, 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər, milli səviyyədə DİM-ə nail olunmasına dair icra və hesabatlıq mexanizmi müəyyən edilib, ölkədə qəbul edilən Dövlət proqramları və strategiyalar DİM ilə uzlaşdırılıb. Sözügedən Fərmandan irəli gələn tapşırıqlar ölkəmizdə dayanıqlı inkişaf sahəsində aparılan islahatların başlıca istiqamətləri üzrə təkanverici rol oynayır.

BMT tərəfindən dayanıqlı inkişaf sahəsində müəyyən edilmiş məqsəd və hədəflər üzrə irəliləyişin ölçülməsi milli statistika məlumatlarına edilmiş əlçatanlığının təmin olunmasını tələb edir. Bu da, öz növbəsində, DİM üzrə göstəricilər barədə keyfiyyətli statistika məlumatlarının vaxtlı-vaxtında təqdim edilməsi sahəsində milli innovativ təşəbbüslərin irəli sürülməsinə zəmin yaratmışdır. Bu baxımdan DİM üzrə əldə ediləcək nailiyyətlərin mütəmadi izlənilməsi, məlumatların müasir texnoloji vasitələrlə daha effektiv üsullarla kütləvi şəkildə istifadəçilərə çatdırılması informasiya yayımının müasir tələblər səviyyəsində təşkilinə zəmin yaradır. Bu kontekstdə statistik potensialın gücləndirilməsi əsas vəzifələrdəndir. DİM-ə nail olunması ilə əlaqədar statistik məlumatların, habelə ölkə üzrə hazırlanmış hesabatların geniş istifadəçi kütləsinə açıqlanması milli statistik məlumat bazası və internet portalın yaradılmasını qaçılmaz etmişdir. Portalın funksional imkanları bütün maraqlı tərəflər üçün DİM üzrə milli səviyyədə şəffaf monitorinq və qiymətləndirmənin aparılmasına imkan verir. Bununla yanaşı, Portal milli statistika sistemindən qlobal statistika sisteminə rəsmi statistika məlumatlarının ötürülməsində virtual körpü rolunu oynayır.

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və çevik siyasəti, uzaqgörənliklə qəbul etdiyi qərarlar qarşıdakı illərdə ölkəmizin dayanıqlı və davamlı inkişafını təmin edəcəkdir. 

 M.MİRZƏ,

"Respublika".