Düşmənə sipər oğullar
Region

Düşmənə sipər oğullar

Şanlı Qələbə ilə başa çatan Vətən müharibəsində Azərbaycan əsgəri sözün əsl mənasında xalqımızın hərb və qürur tarixini yazdı. Torpaqlarımızı işğal edərək otuz ilə yaxın əsarətdə saxlayan Ermənistan ordu hissələrinə sarsıdıcı zərbələr vuraraq doğma yurd yerlərimizi işğalçılardan xilas etdi. Hərbi qulluqçularımızın, əsgər və zabitlərimizin hünəri sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi, torpaqlarımız qan və can bahasına azad edildi.

Azərbaycan ordusunun giziri, Vətən müharibəsi şəhidi Hüseyn Kamil oğlu Qasımov düşmənə qarşı aparılan şiddətli döyüşlərdə igidlik və şücaət göstərib. Şəhidin qısa və şərəfli ömür yolu heç də hamar olmayıb. Hüseynin valideynləri 1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində Füzuli rayonunun Qaraxanbəyli kəndindən məcburi köçkün düşüb, doğma kənddən, el-obadan ayrı yurda qayıdacaqları günlərin həsrəti ilə yaşayıblar. Valideynlərinin yurd həsrəti Hüseynin qəlbində dərin və silinməz bir iz qoyub, qəlbində torpaqlarımızı işğal edən düşmənə qarşı nifrət yaranıb, onu hərbçi olmağa səsləyib.

Hüseyn Kamil oğlu 1984-cü il mayın 13-də Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. Qaraxanbəyli kənd orta məktəbini bitirib. Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü zamanı Hüseyn ailəsi ilə birlikdə Beyləqan rayonunun Qəhrəmanlı kəndində məskunlaşıb. 2002-ci ildə həqiqi hərbi xidmətə çağırılan Hüseyn nümunəvi xidməti ilə seçilib. Ordudan tərxis olduqdan sonra Ağcabədi Dövlət Pedaqoji Kollecinə qəbul olunub. 2008-ci ildə həmin kolleci bitirdikdən sonra 2010-cu ildə könüllü olaraq ordu sıralarında müddətdən artıq hərbi xidmətə başlayıb. Xidmət illəri Bərdə, Ağdam və Beyləqan rayonlarında yerləşən "N" saylı hərbi hissələrin kəşfiyyat taborunda davam edib. Hüseyn hərbi xidmətdə göstərdiyi nümunəvi xidmətinə görə 2014-cü ildə gizir rütbəsinə layiq görülüb. 2016-cı il Aprel döyüşlərində igidlik göstərərək öz taqımı ilə düşmənin bir neçə canlı qüvvəsini məhv edib.

Cəsur kəşfiyyatçı Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb, taqım komandiri Hüseyn döyüş yoldaşları ilə birlikdə ön cəbhənin yarılmasında xüsusilə fərqlənib. Azərbaycan Ordusunun giziri Hüseyn Qasımov Vətən müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə igidliklə vuruşub. Düşmənə göz açmağa macal verməyib, işğalçılara ağır zərbələrin vurulmasında xüsusilə fərqlənib. Gizir Hüseyn Qasımov 2020-ci il oktyabrın 2-də Cəbrayıl rayonu uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıqla həlak olub. Beyləqan rayonu Qəhrəmanlı kənd qəbiristanlığında dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə milli ordumuzun giziri Hüseyn Qasımov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Hərbi xidmətlərə görə" və "Füzulinin işğaldan azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin doğum günü məzarı başında qeyd olunub, ruhuna dualar oxunub. Anım mərasimində şəhidin ailəsi ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər. Şəhidin döyüş yolundan söz açanlar bildiriblər ki, Vətən müharibəsində şiddətli döyüşlər Füzuli və Cəbrayıl istiqamətində aparılıb. Uzun illər boyu düşmənin yaratdığı müdafiə xətlərini dağıtmaq üçün əsgər və zabitlərimiz sözün əsl mənasında qəhrəmanlıq nümayiş etdiriblər. Adını andığımız, qəhrəmanlığı ilə qürur duyduğumuz Hüseyn Qasımov da bu müqəddəs yolda öz canını fəda edib. Torpağı Vətən edən igidlərin xatirəsi hər zaman uca tutulacaq, gələcək nəsillər onların igidliyi ilə fəxr edəcəklər.

Salman ALIOĞLU,

"Respublika".