Düşmənə göz dağı olan yenilməzlər 
Region

Düşmənə göz dağı olan yenilməzlər 

Doğma  vətənimizin  bütövlüyü  uğrunda  44  gün  davam  edən  bu  savaş  milli  həmrəyliyimizin  rəmzinə  çevrildi, qürur  mənbəyimiz  kimi  şanlı  tariximizə  əbədi  həkk  olundu.  Bu  müharibədə  rəşadətlə  döyüşən,   düşmənə  göz  açmağa  imkan  verməyən   Azərbaycanın   igid  oğullarından  biri  də İmişli  rayonunda  anadan  olmuş  Cavadlı  Nemət  Cavid  oğludur. İmişli  şəhərinin  1 saylı məktəb-liseyində Nemət  Cavadlının  xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı oldu.

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev,  hüquq-mühafizə orqanlarının rəhbərləri,  şəhid valideynləri,  məktəbin müəllimləri  və  şagirdləri iştirak edirdilər. İmişli  Rayon  İcra  Hakimiyyətinin   başçısı   Elçin  Rzayev   Nemətin qısa,  lakin şərəfli ömür yolundan,  44 günlük Vətən müharibəsində  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən danışdı. Rayon  rəhbəri  qeyd  etdi  ki,  Nemət və onun kimi şəhidlərimizin qanı yerdə  qalmadı,  hər  birinin  qisası  döyüş  meydanlarında  alındı.  Hər  bir  vətən  övladı  igidliyin, cəsarətin, qorxmazlığın  nümunəsini  yaratdı,   qəhrəmanlıq  salnaməsi  yazdı.  Bu  gün  şəhid  ailələri,   övladları  dövlət  tərəfindən  diqqət  və  qayğı  ilə  əhatə  olunub.  Qazandığımız  böyük  zəfərə  görə  canından  keçərək  şəhidlik  zirvəsinə  ucalan  Nemət  Cavadlı  kimi  oğullarımız  hər  zaman  ürəyimizdə  yaşayacaq.  Çıxış edən şəhidin   atası  Cavid  ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə  və  Birinci vitse-prezident Mehriban xanım Əliyevaya   ailəsi  adından minnətdarlıqlarını bildirdi.

 Xatirə bulağının  önünə  əvvəlcə  tər  çiçəklər  düzüldü.  Sonra  bulaq  kompleksinin açılışında Nemətin təhsil aldığı məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda bədii kompozisiya da təqdim olundu.

Şəhidimiz  Cavadlı  Nemət  Cavid  oğlu  1995-ci il  iyunun 3-də  İmişli  rayonunda  anadan  olub.  2016-cı  ilin  2-5 aprelində  baş  verən  döyüşlərdə  iştirak  etmişdir. Azərbaycan  Ordusunun  Xüsusi  Təyinatlı  Qüvvələrinin  giziri  olan  Nemət  Cavadlı  2020- ci  il  sentyabrın  27-də  Azərbaycan  Silahlı  Qüvvələri  tərəfindən  Ermənistanın  işğalı  altında  olan  ərazilərin  azad  edilməsi  və  Azərbaycanın  ərazi  bütövlüyünün  təmin  olunması  üçün  başlanan  Vətən  müharibəsi  zamanı  Füzulinin,   Cəbrayılın,  Kəlbəcərin  və  Şuşa  şəhərinin  azadlığı  uğrunda  gedən  döyüşlərdə  iştirak  etmişdir.  Nemət  Cavadlı  oktyabrın  31-də  Şuşa  şəhərində döyüşlər  zamanı  qəhrəmancasına  şəhidlik  zirvəsinə  yüksəldi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq, hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti  İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nemət Cavadlı ölümündən sonra “Qarabağ” ordeni,  “Vətən uğrunda”,  “Şücaətə görə”,  “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

               Ərəstun  ABDULOV, 

              “Respublika”.