Düşmən üçün ibrət dərsi
Digər xəbərlər

Düşmən üçün ibrət dərsi

İki il bundan əvvəl, 2020-ci il dekabr ayının 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradının mahiyyətini açıqlayan ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu tarixi hadisə barədə demişdir: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır". Həqiqətən də Zəfər paradı xalqımız, bütün dünya azərbaycanlıları və ümumilikdə Türk dünyası üçün yeni başlanğıcın simvoludur. Bu parad uzun illərdən bəri torpaqlarımızın ermənilər tərəfindən davam edən işğalının sonunu bəyan etməklə həm ölkəmizin, həm də bütün Türk dünyasının gücünə güc qatmış tarixi Qələbəmizin təntənəli nümayişi oldu.

Otuz il ərzində davam edən işğal dövründə bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar təkidlə bildirirdilər ki, münaqişənin hərbi yolla həll variantı mövcud deyil. Yalnız Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə bunun əksini söyləyirdi. Dövlət başçımız bütün bu illər ərzində bəyan edirdi ki, münaqişənin hərbi yolla həlli mümkündür və Azərbaycan bu hüququndan istənilən an istifadə edə bilər. Nəhayət, 2020-ci ilin sentyabr-noyabr aylarında bütün dünya növbəti dəfə Azərbaycan Prezidentinin haqlı olduğunu gördü. Vətən müharibəsinin davam etdiyi 44 günün hər biri şanlı tariximizin silinməz bir səhifəsinə çevrildi.

Hər gün Azərbaycan Ordusu irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın hücum əmrini və Qələbə gününü gözləyən Azərbaycan xalqı öz ordusunun və rəhbərinin ətrafında sıx birləşərək dəmir yumruq yaratdı. Vətənə və öz əsgər andına sadiq olan qəhrəman Azərbaycan hərbçiləri arasında müharibə dövründə bir dəfə də olsun fərarilik halı baş vermədi. Hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.

Bakıda keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə qəbul etmişdilər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Türkiyənin cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan müharibənin ilk saatlarından Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Ümumiyyətlə, Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır.

Vətən müharibəsində qələbə münasibətilə "Zəfər" və "Qarabağ" ordenləri, həmçinin 15 yeni medal təsis olunmuşdur. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub. Bakıda, Yeni Bulvar ərazisində salınmış Hərbi Qənimətlər Parkında nümayiş etdirilən ələ keçirilmiş düşmən texnikası Azərbaycan Ordusunun gücünü və Ali Baş Komandanımızın düşməni diz çökdürən polad iradəsini bir daha bütün dünyaya göstərir. Hərbi Qənimətlər Parkı Azərbaycan tarixinin ən şərəfli səhifələrini özündə əks etdirən açıq havada yaradılmış əsl muzey kompleksidir və eyni zamanda da bu kompleks bundan sonra Azərbaycan torpaqlarına göz dikməyə cəsarət edə biləcək hər kəs üçün bir tarixi ibrət dərsi olacaq.