Dünyaya örnək humanizm
Digər xəbərlər

Dünyaya örnək humanizm

Azərbaycanın İkinci Qarabağ savaşında qazandığı qələbə tariximizə qızıl hərflərlə həkk olundu. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında qalan torpaqlarımızı azad etdi. Zəfərimizin yekunu kimi 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanat düşmənin məğlubiyyətini təsdiqlədi.

Azərbaycan bu qələbə ilə 30 il kağız üzərində qalmış BMT qətnamələrini təkbaşına icra etməklə yanaşı, tarixi ədalətin bərpasına da nail oldu. Xüsusi vurğulamaq lazımdır ki, düşmənin amansızlığına baxmayaraq, Azərbaycan münaqişəni daim sülh yolu ilə həll etməyin tərəfdarı olduğunu bəyan etmişdir. Lakin ipə-sapa yatmayan Ermənistan ölkəmizin bu təkliflərinə məhəl qoymamaqla öz xain xislətini həyata keçirməyə çalışmışdır. Ermənistanın bu əməlləri, əslində ölkənin yerlə bir olan "nüfuzunu" demək olar ki, yox dərəcəsinə gətirmişdir. Sülh mövzusu açıldığı zaman hər zaman sərsəm iddialarla prosesdən boyun qaçıran Paşinyan nəinki öz ölkəsində, hətta beynəlxalq platformalarda da rəzil duruma düşmüşdür. Bunu istər Praqa, istər Brüssel, istərsə Moskvadakı görüşlərdə cərəyan edən hadisələr sübuta yetirmişdir. Baş tutan görüşlərdə tərəflərin Azərbaycanın təşəbbüslərinə dəstəyi görən Paşinyan vəziyyətdən yaxa qurtarmaq üçün fərqli bəhanələr gətirmişdir. Amma Ermənistan tərəfi artıq fərqinə varmalıdır ki, bıçaq sümüyə dirənib. Düşmən mövcud reallığı qəbul etməyə, dövlətimizin əleyhinə təxribatlardan, işğalçılıq siyasətindən əl çəkməyə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcburdur. Üzdəniraq Ermənistan ölkəmiz tərəfindən təklif edilən sülh sazişini imzalamalıdır. Əslində, Ermənistanın bütün vəhşiliklərinə rəğmən hələ sülh təklifinin qüvvədə olması Prezident İlham Əliyevin humanistliyinin göstəricisidir.

Bu il martın 1- Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə baş tutan görüş zamanı dövlətimizin Konstitusiyasına qanunlarına müvafiq olaraq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının Respublikamıza reinteqrasiyasına dair ilkin müzakirələr aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının martın 13- Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini ikinci dəfə görüşə dəvət etməsi dövlətimizin təkcə öz xalqının deyil, digər xalqların da rifahını düşündüyünün təzahürüdür. Lakin Azərbaycanın bu dəvətinin cavabsız qalması ermənilərin heç məsələni sakit yolla həll etmək istəmədiyini göstərir. Halbuki bu Qarabağda məskunlaşmış erməni əhalisinin mövcud ağır sosial problemlərdən, həmçinin separatçıların təzyiqlərindən qurtulması baxımından da böyük şans idi. Çünki ermənilər bununla Azərbaycan qanunları çərçivəsində öz hüquqlarından yararlanmaq imkanı da əldə edə bilərdilər. Bütün bunlara baxmayaraq, ölkə başçımız yenə məsələyə humanist yanaşdı. Prezident İlham Əliyevin mayın 28- Laçın şəhərinə qayıdan əhali ilə görüşü zamanı Qarabağdakı erməni separatçılarına müəyyən şərtlər əsasında amnistiya verilə biləcəyini vəd etdi. "…Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, "parlament"i buraxmaq. Guya orada "parlament" fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə "parlament" buraxılmalıdır, özünü "prezident" adlandıran ünsür təslim olmalıdır, bütün "nazirlər", "deputatlar" digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər…".

 Xatırladaq ki, Prezident İlham Əliyevin bu addımı ABŞ Dövlət Departamenti tərəfindən yüksək qiymətləndirilib. Departamentin mətbuat katibi Metyu Miller amnistiya məsələsini alqışlayıb. Bütün humanist yanaşmalara baxmayaraq, Qarabağdakı separatçılar görünür, ənənəvi metodlarından əl çəkmək niyyətində deyillər. Əksinə, onlar bölgədə məskunlaşmış mülki erməni əhalisini zorla öz ideyaları altında saxlamağa çalışırlar. Amma bir məsələni diqqətə çatdırmaq lazımdır ki, separatçılar ya təslim olub Qarabağda yaşayan erməni vətəndaşı olacaq, ya da Azərbaycan ərazisini tərk edəcəklər. Əks təqdirdə, Azərbaycan "donuzu darıdan necə çıxaracağını" çox yaxşı bilir.

Nəzrin ELDARQIZI,

"Respublika".