Dünyaya açılan bu yollar həm də inkişafın göstəricisidir
SİYASƏT

Dünyaya açılan bu yollar həm də inkişafın göstəricisidir

Qədimliyi ilə müasirliyin sintezindən gündən-günə dəyişən Bakı. Onun taleyinə çox özəlliklər yazılıb. Mavi Xəzərə söykənən bu şəhərin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi təkcə gediş-gəlişin rahatlığı, əlverişliliyi deyil, Azərbaycanı dünyaya tanıtmaq baxımından da böyük əhəmiyyətə malikdir. Avtomobil, dəmir, su və bir də hava yolu... Dünyaya açılan bu yollar həm də mədəniyyətdir, inkişafın göstəricisidir.

Bakı Beynəlxalq Hava Limanı iki qitə - Avropa ilə Asiya qitələri arasında ən mühüm nəqliyyat mərkəzidir. Liman Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas hava dəhlizinin üzərində yerləşir. Bu isə ölkənin beynəlxalq layihələrdə əhəmiyyətinin artmasını təmin edir ki, bunlar da Azərbaycanın planetin ən mühüm regionu kimi tanınmasını şərtləndirir.

Mülki aviasiyamız sürətlə inkişaf edir. Bütün görülən işlər isə uçuşların təhlükəsiz həyata keçirilməsinə, müxtəlif ölkələrin daha yaxın olmasına xidmət edir.

İşğal edilmiş ərazilərimizdə hava məkanı təxminən 30 il müddətində uçuşlar üçün bağlı olmuş, həmin ərazilərdəki mülki aviasiya infrastrukturu tamamilə dağıdılmışdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun rəşadəti sayəsində işğaldan azad olunmuş torpaqlarımızda Böyük Qayıdışımızı təmin edən möhtəşəm layihələrin əsası qoyulur. O cümlədən beynəlxalq uçuşların həyata keçirilməsi məqsədilə həmin ərazilərdə aeronaviqasiya təminatının bərpası üzrə işlər aparılır.

Torpaqlarımız işğaldan azad edildikdən sonra, bu ilin əvvəlində ölkə başçımız İlham Əliyev Füzuli şəhərində sayca 7-ci beynəlxalq hava limanının tikintisi barədə sərəncam imzalamış, hava limanının təməlqoyma mərasimi yanvar ayının 14-də baş tutmuşdur.

İşğaldan əvvəl Füzulidə mövcud olan köhnə aeroportun yerində tikilən beynəlxalq hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metrdir. 8 ədəd A-320 tipli təyyarənin yerləşə biləcəyi perronda həm də 170 avtomobillik dayanacaq da tikilib. Bu il sentyabr ayının 5-də birinci sınaq uçuşu yerinə yetirilmiş, ilin sonunda isə aerovağzalın tam istifadəyə veriləcəyi planlaşdırılır.

Hava limanının inşasına ölkə başçısının bölgəyə səfərindən dərhal sonra başlanılmış, aeroportun tikintisində müasir texnologiyalardan istifadə edilmiş, iki müasir tipli asfalt-beton qurğusu alınmış, həmçinin üç doğrayıcı-çeşidləyici qurğu və bir ədəd beton zavod, bir ədəd qarışdırıcı mexaniki qurğu quraşdırılmışdır.

Türkiyə və Azərbaycan şirkətlərinin birgə əməkdaşlığı ilə qısa müddət ərzində inşa olunan, bölgənin ən böyük layihələrindən biri Füzuli Beynəlxalq Hava Limanı layihəsinə aerovağzal binası, müasir standartlara cavab verən ölçüdə uçuş-enmə zolağı və işıq siqnal sistemləri, perron, yönəldici yol, transformator yarımstansiyaları və köməkçi binalar daxildir.

Bu günlərdə açılış mərasimi keçirilən, vacib layihələrdən biri olan Füzuli Beynəlxalq Hava Limanı Azərbaycanın logistik imkanlarını genişləndirəcək ki, bu da bölgəni iqtisadi cəhətdən daha da inkişaf etdirəcək, işğaldan azad edilmiş ərazilərimizdə xarici iş adamlarının bu bölgəyə investisiya yatırmasına şərait  yaradacaq.

Bakı, Naxçıvan və Türkiyəni birləşdirən yolun üzərində yerləşən Füzuli Beynəlxalq Hava Limanı vasitəsilə Qarabağa, Şuşaya maraq göstərən turistlər, xarici qonaqlar, iş adamları, elm və sənət xadimləri rahat şəkildə bölgəyə gələ biləcəklər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabr ayının 26-da ölkəmizə rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında qarşılamışdır. Açılış mərasimində iştirak edən dövlət başçıları ən müasir səviyyədə inşa olunan, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olmuşlar. İstənilən tip hava gəmisini qəbul etmək imkanına malik hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasına imkan verir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb. 8 ay ərzində ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının inşası işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa ediləcəyinin və öz torpaqlarına qayıdacaq insanların yüksək səviyyəli həyat şəraiti ilə təmin olunacağının göstəricisidir. Bu hava limanının istifadəyə verilməsi, nəinki Füzulinin, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafında, Hadrut və Şuşanın turizm potensialının dünyaya tanıdılmasında mühüm rol oynayacaq.

Həm sərnişin, həm də beynəlxalq yük daşımaları baxımından Zəngilan rayonunda da hava limanına böyük ehtiyac var. Zəngəzur dəhlizinə inteqrasiya olunacaq bu hava limanı həm də Şərq-Qərb nəqliyyat dəhlizinə birləşəcək. Füzuli Beynəlxalq Hava Limanı ilə iqtisadi göstəriciləri demək olar ki, eyni olan Zəngilan Beynəlxalq Hava Limanının da uzunluğu 3 kilometr, eni 60 metrdir. 60 min kvadratmetr uçuş- enmə zolağı 8 hava gəmisinin dayanması üçün sahə, sərnişinlərə xidmət göstərəcək terminal, hava gəmilərinin idarə edilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Həm Füzuli, həm də Zəngilan Beynəlxalq Hava limanları bir saatda 200 sərnişinə xidmət edə biləcək. Zəngilan Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində iştirak edən ölkə başçısı bu limanın dövlətimizin gücünün, qüdrətinin və əbədi, əzəli torpaqlarımıza Böyük Qayıdışın bariz nümunəsi olduğunu qeyd edərək deyib: "Azad edilmiş torpaqlarda ikinci hava limanının tikintisinə start verilibdir... Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və Şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır".

İşğaldan azad olunmuş ərazilərimizdə bütün növ, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının qısa müddətdə və yüksək keyfiyyətlə tikilməsi iqtisadi baxımdan səmərəli olmaqla bərabər, bu rayonların strateji əhəmiyyətini artıracaq, regionun nəqliyyat imkanları daha da genişləndiriləcək, bu torpaqlarda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verəcək, bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq. Qarşıdakı yaxın illərdə Qarabağın inkişafında bu limanların böyük rolu olacağı artıq reallıqdır.

Bu gün "Azərbaycan Hava Yolları" durmadan uçuşlarının sayını artırır, coğrafiyasını genişləndirir.

Görülən işlər, aparılan islahatlar Azərbaycanın Mülki Aviasiyasının uğurlu sabahının göstəricisi və qarantı olaraq mülki aviasiyamızın təkcə regional səviyyədə deyil, həm də qlobal miqyasda inkişaf etməsinə kömək edəcək.

Şanlı Zəfərimizin, əbədi qayıdışımızın, ölkəmizdə inkişafın, tərəqqinin bir səhifəsi olan, işğal olunmuş ərazilərimizdə tikilən Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları bölgədə faydalı əməkdaşlığın əsasını qoyacaq, mülki aviasiyamızın inkişafına öz töhfəsini verəcəkdir.

Mehparə ƏLİYEVA,

"Respublika".