DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TRAMP NÖVBƏTI PREZIDENT SEÇKILƏRINDƏ IŞTIRAK ETMƏK NIYYƏTINDƏDIR

ABŞ-ın sabiq dövlət başçısı Donald Tramp ölkədə 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı barədə qərar qəbul edib. “Report” agentliyinin verdiyi xəbərə görə, Tramp belə bir açıqlama ilə “Fox News” telekanalının efirində bəyan edib.

Bildirilir ki, Ağ Evin keçmiş başçısı jurnalist sualın bu barədə qərar edib-etməməsi barədə sualına “bəli” cavabını verib. Həmçinin Donald Tramp hər hansı təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, daha əvvəl Amerika tarixçiləri sabiq dövlət başçısını ölkənin bütün tarixi ərzində ən pis prezidentlərdən biri adlandırıblar. Tarixçilər onun mənəvi keyfiyyətlərini və inzibati bacarığını xüsusilə aşağı qiymətləndiriblər.

 

TÜRKIYƏDƏ PEYVƏNDIN ÜÇÜNCÜ DOZASINI VURMAĞA ICAZƏ VERILIB

Türkiyədə 50 yaşdan yuxarı insanlar və tibb işçiləri koronavirusa qarşı üçüncü doza peyvənd oluna biləcəklər. “Trend” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “COVID-19”un yayılmasına qarşı mübarizə üzrə ölkənin Elmi Məsləhət Şurasının iclasından sonra açıqlamasında qeyd edib.

Nazirin sözlərinə görə, əlavə peyvənd vurmaq istəyənlər iyulun 1-dən etibarən ölkə üzrə müraciət edə bilərlər.

Eyni zamanda, nazir bildirib ki, peyvəndləmə üçün vaksin seçimi yalnız xəstənin öz ixtiyarına buraxılır.

Bununla yanaşı, Fəxrəddin Qoca “COVID-19”a qarşı kollektiv immuniteti əldə etmək üçün vaskinasiyanın vacibliyini xatırladıb.

 

KANADADA ANOMAL ISTILƏR 500-Ə YAXIN INSANIN HƏYATINA SON QOYUB

Kandanın qərbindəki Britaniya Kolumbiyası əyalətində azı 500-ə yaxın insanın anomal istilərin qurbanı olduğu güman edilir. “Report”un verdiyi xəbərə görə, bu barədə yerli polisə istinadən “CBC” telekanalı məlumat yayıb.

Bildirilir ki, polis əməkdaşları son beş gün ərzində Vankuver, Barnabi və Surrey şəhərlərində vətəndaşların 486 qəfil ölümünü qeydə alıb. Bu insanların ölümünün havanın çox yüksək hərarəti ilə bağlı olduğu güman olunur. Məlumata görə, ölənlərin əksəriyyəti məhz təqaüdçülərdir.

Yerli meteoroloji büronun açıqlamasına əsasən, Litton şəhərində çərşənbə axşamı mütləq temperatur maksimumu qeydə alınıb. Burada havanın temperaturu rekord 49,5 dərəcəyə yüksəlib. Britaniya Kolumbiyasında əvvəlki rekord 1941-ci ildə qeydə alınıb və 44,4 dərəcə təşkil edib.

 

LIVANDA ETIRAZ AKSIYASI KEÇIRILIB

Livan ordusu qiymətlərin qalxmasına və yerli valyutanın ucuzlaşmasına qarşı nümayiş keçirən insanların yolları bağladığı və havaya atəş açdığı Tripoli şəhərində patrul əməliyyatları həyata keçirir. Bu barədə “TRT” telekanalı ölkənin “NNA” rəsmi xəbər agentliyinə istinadən məlumat yayıb.

Verilən xəbərə əsasən, ölkənin şimalında yerləşən Tripoli şəhərində Livanın pul vahidinin qara bazarda dollar qarşısında qiymətinin ucuzlamasından asılı olaraq istehlak məhsullarında həddindən çox artım olmasına və elektirik enerjisinin tez-tez kəsilməsinə əhali tərəfindən etiraz edilib.

Şəhərin müxtəlif bölgələrindəki yolları bağlayan və mağaza sahiblərindən dükanlarını bağlamalarını tələb edən etirazçılar bir müddət havaya atəş açıblar.

Məlumata görə, nümayişçilərin havaya atəş açmalarından sonra ordu bölmələrinin şəhərdə zirehli texnika ilə keşik çəkdikləri müşahidə olunub.

 

KIM ÇEN IN ÇINLƏ MÜNASIBƏTLƏRI INKIŞAF ETDIRMƏK ISTƏYIR

Şimali Koreya lideri Kim Çen In  koronavirus epidemiyası dövründə iqtisadi çətinliklərlə üz-üzə olan ölkəsi ilə Çin arasındakı münasibətləri inkişaf etdirmək üçün səylər göstərəcəklərini bildirib. Bu barədə “TRT” telekanalı xəbər verib.

Məlumata əsasən, Kim Çen In iyulun 1-də Çin Komunist Partiyasının qurulmasının 100-cü ildönümü münasibətilə Çinin dövlət başçısı Si Cinpini təbrik edib.

Şimali Koreya lideri Çin dövlət başçısına ünvanladığı təbrik məktubunda ölkəsi ilə Çin arasındakı münasibətləri inkişaf etdirmək üçün səylər göstərəcəklərini qeyd edib.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin açıqlamasında Şimali Koreyaya yardım göndərə biləcəklərini ifadə edərək iki ölkənin çətinliklərlə üzləşdikdə bir-birlərinə kömək etməklə bağlı qədim ənənəyə sahib olduqlarını vurğulayıb.

 

ABŞ IQTISADIYYATIN BƏRPASINDA GÖZLƏNILMƏZ MANEƏLƏRLƏ QARŞILAŞIB

ABŞ hökuməti pandemiya ilə uğurlu mübarizə və məhdudiyyətlərin aradan qaldırılması fonunda hesab edir ki, ölkə iqtisadiyyatı sürətli templə bərpa olunacaq. “Report”un “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ öz planlarının icrasında gözlənilməz maneələrlə rastlaşıb.

Məlumata əsasən, Federal Ehtiyat Bankının rəhbəri Tomas Barkin qeyd edib ki, bizneslə bağlı anomaliyalar iqtisadi artımı çətinləşdirəcək. Belə ki, ölkədə işsizliyin səviyyəsi yüksək olsa da işçi heyəti çatışmır.

Qeyd edilir ki, ABŞ-da işsizlərin sayı pandemiyadan əvvəlki dövrlə müqayisədə 7 milyon nəfər daha çoxdur.

 

QANQ ÇAYI “COVID-19”DAN ÖLƏNLƏRIN CƏSƏDLƏRI ILƏ DOLUB

Hindistanda mövsümi musson yağışlarının yaratdığı daşqınlar Qanq çayında onlarca  insan cəsədi üzə çıxarıb. Bu barədə “BBC” agentliyi xəbər verib. Güman edilir ki, ölkədə “COVID-19”a görə ölümlərin tüğyan etdiyi dövrdə - aprel-may aylarında bəzi ailələrin odun almağa imkanları çatmadığından, ənənəvi kremasiya əvəzinə, cəsədləri Qanq çayının sahil boyu qumluqlarında basdırıblar. İndi musson yağışları həmin məzarlıqların qumunu yuyaraq, cəsədlərin üstünü açıb.

Ölkənin şimalında yerləşən Allahabad şəhərinin rəsmi nümayəndəsi Neeraj Kumar Sinqh son üç həftə ərzində 150-dək cəsədin kremasiya olunduğunu bildirib. Onun sözlərinə görə, həmin ərazidə  təxminən 500-600 cəsəd basdırılıb.

Məlumata görə, baş vermiş hadisə Hindistanda “COVID-19”dan ölənlərin sayının əslində bir milyondan çox olduğuna dair şübhələr doğurub. Rəsmi rəqəmlərə əsasən, Hindistanda koronavirusdan ölənlərin sayı 400 min nəfərdir.

 

İSTANBULDA TERROR AKTI TÖRƏTMƏK ISTƏYƏN IKI NƏFƏR SAXLANILIB

Türkiyənin İstanbul şəhərində PKK terror qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində partlayış törətməyə hazırlaşan iki nəfər saxlanılıb. “Report” agentliyinin məlumatına görə, əməliyyatı İstanbul Polis İdarəsinin terrora qarşı mübarizə şöbəsinin əməkdaşları keçirib.

İstintaq zamanı müəyyən edilib ki, onlar terrorçu PKK/PYD-YPG qruplaşması adından fəaliyyət göstəriblər. Bildirilir ki, həmin şəxslər Türkiyə ərazisinə Suriya kəndlərindən daxil olublar.

Məlumata görə, İstanbulda saxlanılan terrorçular PKK/KCK-nın İnqilabçı Gənclik Hərəkatında fəaliyyət göstəriblər. Onlar İstanbulun dörd rayonunda fərqli yerlərdə terror hücumu keçirməyi planlaşdırırmış.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.