DÜNYA XƏBƏLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏLƏRİ

TÜRKİYƏ, RUSİYA VƏ İRAN LİDERLƏRİNİN GÖRÜŞÜNÜN GÜNDƏLİYİ AÇIQLANIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya dövlət başçısı Vladimir Putin və İran prezidenti İbrahim Rəisinin üçtərəfli görüşünün təxmini gündəliyi açıqlanıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Hurriyet” qəzeti məlumat yayıb.

Bildirilir ki, Türkiyə, Rusiya və İran təminatçı ölkələr olaraq Suriyadakı vəziyyət, o cümlədən bu ölkənin yeni Konstitusiyasının hazırlanması və siyasi problemin həlli prosesini müzakirə edəcəklər.

Bununla yanaşı, zirvə toplantısında terrora qarşı mübarzə, terrorçu PKK/YPG-PYD qruplaşması və suriyalı qaçqınların geri qayıtması kimi mövzular müzakirə predmeti olacaq.

Məlumata görə, Ərdoğan və Putin arasında ikitərəfli görüşdə Suriyada Türkiyənin keçirəcəyi antiterror əməliyyatına dair məsələnin də gündəlikdə olacağı gözlənilir.

Sammitdə Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, enerji və ərzaq böhranı da müzakirə ediləcək. Sözügedən görüş iyulun 19-da Tehranda keçiriləcək.

 

BÖYÜK BRİTANİYADA YENİ BAŞ NAZİRİN SEÇİLMƏSİ PROSESİ BAŞLAYIB

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının yeni sədri və yeni baş nazirin seçilməsi üçün səsvermə prosesi başlayıb. “Trend” agentliyinin məlumatına görə, bu vəzifəyə hakim partiyadan 8 nəfər namizədliyini irəli sürüb.

Bildirilir ki, qanunvericiliyə əsasən, yaxın bir neçə gün ərzində hakim partiyadan olan parlament nümayəndələri son iki namizəd qalana qədər səsvermə keçirəcəklər.

Məlumata görə, son iki namizəd qaldıqdan sonra Böyük Britaniya üzrə Mühafizəkarlar partiyasının üzvləri poçt və ya elektron üsulla səs verə biləcəklər. Qalib namizəd partiyanın yeni rəhbəri və ölkənin baş naziri seçiləcək.

Xatırladaq ki, Boris Conson ötən həftənin əvvəlindən hökumət nümayəndələrinin təzyiqindən sonra istefaya yollanmışdı.

 

“OMİKRON”UN OLDUQCA YOLUXUCU ALT NÖVÜ AŞKARLANIB

Kanadada “omikron” ştamının yeni alt növünə ilk yoluxma halları aşkarlanıb. “Report”un verdiyi xəbərə görə, bu barədə yerli “CTV” telekanalı məlumat yayıb.

Bildirilib ki, yeni “BA.2.75” alt növü yüksək yoluxuculuğu, həmçinin peyvənd və ya xəstəlikdən sonra qazanılan antikorlara qarşı davamlı olduğu güman edilir.

Məlumata görə, alimlər bu mutasiyanın digər variantlarla müqayisədə xəstəliyin daha ciddi gedişatına səbəb olub-olmadığını hələ müəyyən edə bilməyiblər.

“İyulun 6-na olan məlumata görə, ilkin görünüşə əsasən, Kanadada “BA.2.75”in aşkarlanması ilə bağlı beş hadisə qeydə alınıb”, - deyə Kanada Səhiyyə Nazirliyinin sözçüsü açıqlayıb. O bildirib ki, bu alt növün tərifi dəqiqləşdikcə rəqəmlər dəyişə bilər.

Telekanalın xəbərinə görə, koronavirusun bu mutasiyası ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya və Hindistan daxil olmaqla azı on başqa ölkədə aşkarlanıb.

 

URMİYA GÖLÜNDƏ EKOLOJİ FƏLAKƏT PİK HƏDDƏ ÇATIB

Hazırda İranın şimal-qərbində Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri arasında yerləşən Urmiya gölünün suyunun 95 faizi quruyub. “Trend”in məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayəti Fövqəladə Hallar İdarəsinin baş direktoru Əmir Abbas Cəfəri bəyan edib.

Baş direktorun sözlərinə görə, təxminən ötən 20 il ərzində hər il gölün su səviyyəsi orta hesabla 40 santimetr azalıb.

Əmir Abbas Cəfəri əlavə edib ki, quraqlıq, suyun buxarlanması, kənd təsərrüfatının qeyri-məntiqi şəkildə inkişaf etdirilməsi və Urmiyanın suyundan düzgün şəkildə istifadə edilməməsi gölün qurumasının əsas səbəblərindəndir.

Eyni zamanda, baş direktor bildirib ki, hazırda bölgədə su çatışmazlığı ciddi böhrandır. Su ehtiyatlarından düzgün şəkildə istifadə olunmaqla Urmiya gölünün yenidən bərpa olunacağına ümid edilir.

 

COZEF BAYDEN İSRAİLƏ SƏFƏR EDİB

ABŞ prezidenti Cozef Bayden Yaxın Şərq turnesi çərçivəsində iyulun 13-də İsrailə səfər edib. Bayden İsraildə Fələstinlə münaqişənin “iki dövlətli həll yolu” prinsipini müzakirə edəcək. “APA” xəbərinə görə, bu barədə ABŞ prezidenti İsrailin “Ben-Gurion” hava limanında çıxışı zamanı bəyan edib.

“Fikrimcə israillilər və fələstinlilər üçün bərabər gələcəyi təmin etmək üçün ən yaxşı yol iki dövlətli həll yoludur”, - deyə Cozef Bayden vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, yuxarıda qeyd edilən məsələnin yaxın zamanda perspektivi olmasa da, onun həll yoluna davamlı dəstəyi müzakirə ediləcək.

Bununla yanaşı, ABŞ prezidenti ölkəsi ilə İsrail arasında əlaqələrə də toxunub. O,  həmçinin iki xalq arasında bağların möhkəmliyinə, bu münasibətlərin heç vaxt olmadığı qədər yaxınlığına diqqət çəkib.

 

AVROPA İTTIFAQI RUSİYANIN MİLYARDLARLA AVROLUQ AKTİVLƏRİNİ DONDURUB

Avropa İttifaqına üzv ölkələr ümumilikdə 13,8 milyard avroluq Rusiya aktivlərini dondurub. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqı Komissiyasının komissarı Didye Reynders bildirib.

Məlumata əsasən, komissar Avropa İttifaqına üzv ölkələrin ədliyyə nazirlərinin Çexiyanın paytaxtı Praqada keçirilən qeyri-rəsmi görüşü zamanı  mətbuata açıqlama verib.

Didye Reyndersin sözlərinə görə, dondurulmuş aktivlərin əksəriyyəti (12 milyard avrodan çoxu) Aİ-nin yalnız beş ölkəsinin payına düşüb.

Komissar dondurulmuş aktivlərin müsadirə edilməsi və Ukraynanın yenidən qurulmasında istifadə edilməsi ilə bağlı yay tətilindən sonra üzv dövlətlər arasında razılığın əldə olunmasının gözləndiyini bildirib.

 

ABŞ-DA ZAVODLAR ENERJİ QİYMƏTLƏRİNƏ GÖRƏ ÇƏTİNLİKLƏ ÜZLƏŞIB

Amerika sənayesi elektrik enerjisinin yüksək qiymətindən imtina etmək məcburiyyətində qalıb. “APA”nın xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin açıqlamasına görə, ilk növbədə, Avropanın polad və kimya məhsulları istehsalı üzrə sənaye zavodları enerji daşıyıcılarının qiymətlərinin bahalaşmasından zərər çəkib.

Bununla yanaşı, agentlik vurğulayıb ki, hazırda təbii qaz və neft də daxil olmaqla, sürətlə artan enerji qiymətləri ABŞ-ın sənaye sektoruna zərbə vurmağa başlayıb.

Agentlik bildirib ki, bu yaxınlarda ABŞ-ın ikinci ən böyük alüminium zavodu böyük elektrik ödənişlərinə görə 600-ə yaxın işçisini ixtisar etmək məcburiyyətində qalıb.

 

BU ÖLKƏDƏ MİNLƏRLƏ İNSAN SAĞ QALMAQ ÜÇÜN OT YEYİR

Şərqi Afrika ölkəsi Uqandada aylardır davam edən quraqlığın yaratdığı aclıq səbəbindən 46 nəfər həyatını itirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, ölkə parlamentinin Karamoca bölgəsindən deputat Feyt Nakut mətbuata açıqlamasında bölgədə hökm sürən quraqlıq səbəbiylə insanların sağ qalmaq üçün ot yediklərini bildirib.

Deputat bölgə sakinlərinin yeməkləri olmadığı üçün aclıqdan öldüklərini diqqətə çatdırıb: “Karamocanı cənginə alan qıtlıq səbəbiylə iyulun 8-nə kimi 46 nəfər aclıqdan ölüb, 2181 nəfər isə öz evində ölümü gözləyir”.

Feyt Nakut ölkə rəsmilərinin hökumətin baş verənlərə cavabını gözləyərkən, maaşlarından qıtlığın ən çox təsir etdiyi ailələrə yemək almaq üçün vəsait ayırdıqlarını söyləyib.

Eyni zamanda uqandalı siyasətçi ölənlərin sayı artmadan dünyaya yardım üçün müraciət edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.