Dünya xalqları Yeni ili necə qarşılayırlar
Digər xəbərlər

Dünya xalqları Yeni ili necə qarşılayırlar

Bilmək maraqlıdır

Yeni il bayramını al-əlvan, bərli-bəzəkli yolkasız təsəvvür etmək qeyri-mümkündür. Bu yolkaların təbii küknar ağacından olması daha yaxşı olardı. Lakin təbiəti qorumaq xatirinə süni yolkalarla da keçinmək olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Bir çoxumuz yolka bəzəmək ənənəsini də xristian dini ilə əlaqələndiririk. Ancaq tarixə nəzər salsaq görərik ki, həyat rəmzi olan yolkanın bəzənməsi xristianlıqdan əvvəl başlayıb. Bir sözlə, bu ənənə hansısa bir dinlə bağlı deyil.

Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə əkin Allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Bir sözlə, insanlar il dəyişməsini, təzə ili qarşılayırdılar.

Yeni il bayramı bütün xalqlar tərəfindən müxtəlif formada və fərqli adətlərlə qeyd edilir.  Avstraliyada yeni ilin ilk günü xərçəng yeyirlər. Belə hesab edirlər ki, xərçəngin geriyə hərəkəti yaxşı əlamət deyil. Onlar həm də Yeni il bayramında donuz əti yeməyi xoşlayırlar.

Bolqarıstanda isə Yeni il axşamı uşaqlara alabəzək hədiyyələr və şirni bağışlamaq dəbdədir. Bu axşam kim daha çox uşaq sevindirərsə, təzə il də bir o qədər həmin insanlar üçün şən keçər.

Hindistanda isə Yeni ili axşam yox, səhər qarşılayırlar. Həmin gün əsəbi, qəzəbli olmaq yaramaz. Hindlilərin inamına görə, belə adamlar ilboyu narahat həyat keçirərlər. Belə bir təsəvvür, həmçinin, Azərbaycanda insanlar arasında da yayılmaqdadır. Onlar inanırlar ki, Yeni ilin ilk günü necə keçərsə, o adam bütün il boyu elə o cür həyat sürəcək.

Əgər bu bayramı İtaliyada keçirmək istəyənlər varsa, ehtiyatlı olmalıdırlar. Çünki italyanlar Yeni il axşamı lazımsız, köhnə əşyaları, hətta mebelləri belə, pəncərədən küçəyə tullayırlar. İtalyanların bu adətlərindən Yeni il axşamı şəhərin küçələrində var-gəl edən əcnəbilər daha çox ziyan çəkirlər. Hətta onların əksəriyyəti italyanların bu adətindən xəbərsiz olduqları üçün xəstəxanaya düşməli olurlar. Yeni il italiyalı uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Kubada Yeni il axşamı böyük çəlləklərə su doldurub pəncərələrə qoyurlar. Saat 12-ni vuran kimi köhnə ilə yaxşı yol diləmək məqsədilə suyu küçəyə atırlar. Bu zaman küçədə olan bu qaydanı bilməyən insanlar islanmaqdan çəkinməlidirlər.

Yunanıstanda isə Yeni ili dekabr ayında yox, yanvarın 3-də qarşılayırlar. Həmin gün kişilərə aid olan bütün hüquq və ixtiyarlar qadınlara verilir. Qadınlar qoyun və ya donuz kəsib təmizləyir, oxuya-oxuya gəzintiyə çıxırlar. Kişilər isə ev süpürür, qab-qacaq yuyur, uşaqlara baxırlar.

Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel, yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir.

Ən qəribə bayram hədiyyələrini isə Qrenlandiya eskimosları bir-birinə bağışlayırlar. Bu, morjların və ağ ayıların buzdan yonulmuş fiqurlarıdır. Qrenlandiyadakı hava şəraiti bu hədiyyələri uzun müddət saxlamağa imkan verir.

İslandiyada isə bütün dekabr ayı boyunca kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta babanın onlara göz qoymasından ehtiyatlanaraq ay boyu özlərini yaxşı aparır, dəcəllik etmirlər. Əks halda, bayram gecəsi sobanın yanına qoyduqları çəkmələrin içində kartof və ya bir parça kömür tapa bilərlər. Onlar isə bunu istəmədikləri üçün hər işi etməyə hazır olurlar.

                                    Hazırladı:

Tofiq HÜSEYN,

                                                     “Respublika”.