Dünya səyyahları Füzuli, Xocavənd, Şuşa və Ağdamda səfərdə olublar
Digər xəbərlər

Dünya səyyahları Füzuli, Xocavənd, Şuşa və Ağdamda səfərdə olublar

Dünyanın 10 ölkəsindən 24 səyyah Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər ediblər. Onlar Füzuli, Xocavənd, Şuşa və Ağdamda işğal zamanı ermənilər tərəfindən törədilmiş vandalizmin nəticələrini və dağıntıları öz gözləri ilə görüblər. Həmçinin azad edilmiş ərazilərdə hazırda ölkəmiz tərəfindən aparılan tikinti və quruculuq işləri ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan, İsveçdən olan 24 səyyah Qarabağa üçgünlük səfəri Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan marşrutu üzrə həyata keçiriləcək. Səyyahlar səfər zamanı yolboyu Füzuli rayonundan keçərkən işğal zamanı ermənilər tərəfindən törədilən dağıntıların şahidi olublar. Səfərin ilk dayanacağı Xocavənd rayonu olub. Qonaqlar Xocavənd rayonunda qədim yaşayış məskəni sayılan Azıx mağarasında olublar. Burada onlara Azıx mağarasının tarixi və coğrafi mövqeyi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azıx mağarası Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan 3 kilometr aralıda, Quruçayın müasir yatağından 100-120 metr yuxarıda yerləşir. Azıx mağarasının sahəsi 800 kvadratmetrdir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz var. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəlin Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkarlanıb. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkara çıxarılıb. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti, Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilib. 1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleoliy arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunub.

Sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya gələn qonaqlara şəhərin tarixi barədə ətraflı məlumat verilib. Bildirilib ki, işğal zamanı digər ərazilər kimi, Şuşa şəhəri də erməni vandalizminə məruz qalıb, bir çox yaşayış evləri, tarixi, mədəni, dini abidələr dağıdılıb. Həmçinin Şuşa şəhəri mərkəzində Üzeyir Hacıbəylinin, xan qızı Natəvanın və Bülbülün ermənilər tərəfindən güllələnən heykəlləri barədə də ətraflı məlumat əldə ediblər. Qonaqlar, həmçinin Şuşa şəhərində aparılan tikinti quruculuq işləri ilə də tanış olublar.

Daha sonra onlar Şuşa qalasına gəliblər. Şuşa səfərinin son dayanacağı isə Cıdır düzü olub. Qonaqlar buradan açılan əsrarəngiz təbiət mənzərəsini seyr ediblər.

Daha sonra Ağdam şəhərinə səfər edən səyyahlar Pənahəli xanın imarətinin və İmarət stadionunun qalıqlarına baxıblar. Səyyahlara erməni vəhşiliyinə məruz qalan tikili barədə məlumat verilib. Bildirilib ki, erməni vandalizmi təkcə yaşayış yerlərindən deyil, Azərbaycanın tarixi abidələrindən də yan keçməyib.

Sonra səyyahlar şəhər mərkəzində yerləşən Ağdam Cümə məscidində olublar. Bildirilib ki, 1868-ci ilin yadigarı olan Ağdam məscidi də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan olunub, yandırılıb. Məscidin minarələrinin uçurulmamasına səbəb isə erməni işğalçılarının buradan müşahidə məntəqəsi kimi istifadə etmələri olub. Məhz Cümə məscidinin minarələrindən ətrafı rahatlıqla müşahidə etməyin mümkünlülüyü tarixi abidənin xilasına səbəb olub. Buna baxmayaraq, bütün müqəddəs məkanlarımız kimi, bu məscidin də ibadət zalından erməni vandalları heyvan saxlamaq üçün istifadə ediblər.

Qonaqlar erməni vəhşiliyi nəticəsində yerlə-yeksan edilmiş Ağdam şəhərinin dağıntıları ilə tanış olub, Dram Teatrının salamat qalmış divarına baxıblar.

AZƏRTAC