Dünya İqtisadi Forumunun inklüziv inkişaf indeksində Azərbaycanın üçüncü yeri tutması böyük uğurdur
İQTİSADİYYAT

Dünya İqtisadi Forumunun inklüziv inkişaf indeksində Azərbaycanın üçüncü yeri tutması böyük uğurdur

Bu gün dünyanın diqqəti Azərbaycandadır. Ölkəmizin siyasi uğurları, sosial-iqtisadi tərəqqisinin əsas amilləri hamını düşündürür. Qazanılmış nailiyyətlərin səbəbləri açıqlanır, öyrənilir və geniş təbliğ olunur. Ölkə başçısının dediyi kimi: “Bizim iqtisadi potensialımız güclüdür... Dünya İqtisadi Forumunun hesablamalarına görə, rəqabət qabiliyyətliliyi baxımından bizim iqtisadiyyatımız MDB məkanında birinci yerdədir. İnsan inkişafı indeksi ilə bağlı verilən məlumatlar da onu göstərir ki, bizim iqtisadiyyatımız və ölkədə gedən iqtisadi-sosial islahatlar uğurludur. Beynəlxalq aparıcı reytinq agentlikləri böhran illərində bizim reytinqimizi artırıblar. Yəni bu onu göstərir ki, biz düzgün istiqamətdə inkişaf edirik”.

Ötən illərdə ölkə iqtisadiyyatında aparılan islahatlar siyasi islahatlarla paralellik təşkil etmiş, ümumi daxili məhsul, valyuta ehtiyatları, sərmayə qoyuluşu artmış, güclü sahibkarlıq sinfi yaranmış, qeyri-neft sektorunun inkişafında böyük uğurlar əldə edilmiş, Azərbaycanda istehsal olunan emal məhsullarının xarici ölkələrə ixrac səviyyəsi yüksəlmişdir. Bölgələrdə gedən quruculuq işləri, yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafına vəsaitin ayrılması, güzəştli şərtlərlə kreditlərin, kənd təsərrüfatının inkişafı üçün dövlət tərəfindən subsidiyaların ayrılması və s. görülən praktik işlərin nəticəsidir.

Məhz bu göstəricilər beynəlxalq qurumlar tərəfindən dəyərləndirilir, dünya ölkələri sırasında Azərbaycanın yeri müəyyənləşdirilir. Dünya İqtisadi Forumunun hesabatlarında ölkəmiz müxtəlif nominasiyalarda qiymətləndirilir. 1971-ci ildə yaradılan Dünya İqtisadi Forumu (WEF) hər il Davosda dövlət başçılarının görüşünü keçirir və bu toplantılarda iqtisadiyyatla yanaşı, digər narahatlıq doğuran problemlər də müzakirə olunur. İsveçrədə professor Klaus Şvab tərəfindən təsis edilən təşkilata o, özü rəhbərlik edir. Bütün dünyada minə yaxın şirkət və təşkilatı var.

1979-cu ildə qlobal rəqabət haqqında illik hesabatında dünyanın yüzdən çox ölkəsi iki meyara: potensial böyümə indeksi və rəqabət qabiliyyətinə görə qiymətləndirildi. Burada həmçinin ölkənin vətəndaşlarının rifah halının səviyyəsini təmin etmək qabiliyyəti, daxili mənbələrdən istifadənin səmərəliliyi, yaşayış səviyyəsinə dəstək, əmək məhsuldarlığı və xidmətlərin keyfiyyəti də nəzərə alınmışdır.

Qeyd edək ki, Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun (DİF) ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutub. Ümumi Daxili Məhsulun alternativi kimi işlənib hazırlanmış inklüziv inkişaf indeksi insanların öz ölkələrində iqtisadi tərəqqini qiymətləndirdikləri meyarları daha dəqiq əks etdirir. Həmin ildəki hesabatda Azərbaycan yalnız Litva və Macarıstandan geri qalaraq, yeddi mümkün baldan 4,69 bal alıb.

İnkişaf etmiş ölkələrin indeksində Norveç, İslandiya və Lüksemburq liderlik edirlər.

DİF-in inklüziv inkişaf indeksində Azərbaycanın 3-cü yeri tutmasını mühüm hadisə kimi dəyərləndirən ekspertlərin fikrincə, hər il Dünya İqtisadi Forumunun (DAVOS) keçirilməsi Azərbaycan üçün də çox önəmlidir, çünki dövlət başçısı hər dəfə bu foruma dəvət alır. Son vaxtlar artıq Azərbaycan nəqliyyat mərkəzinə çevrilməkdədir. Ümumiyyətlə, həm neft-qaz ehtiyatlarına, həm də beynəlxalq nəqliyyat dəhlizinə görə bu gün dünya ölkələrində Azərbaycana qarşı böyük maraq var. Nəticədə reytinq cədvəlinə görə, Azərbaycan Dünya İqtisadi Forumunun ənənəvi inklüziv inkişaf indeksində üçüncü yerə layiq görülüb.

Dünya İqtisadi Forumu daha bir cəhətdən də ölkəmiz üçün önəmlidir. Bu da foruma ölkə başçıları ilə yanaşı, böyük şirklətlərin rəhbərlərinin də qatılması ilə bağlıdır. Prezident İlham Əliyev hər dəfə Davos Forumu çərçivəsində bir neçə beynəlxalq şirkət rəhbəri ilə görüşlər keçirir, danışıqlar aparır, müəyyən anlaşmalar, müqavilələr də imzalanır. Bu mənada, iqtisadi forumun ölkəmiz üçün əhəmiyyəti çox böyükdür. Bu, eyni zamanda ölkəyə xarici investisiya cəlb edilməsinə zəmin yaradır. Təbii ki, investisiya ilk növbədə stabil və iqtisadi problemlərin, risklərin olmadığı ölkələrə yatırılır. Azərbaycanın da müstəqillik dövrü ərzində gördüyü işlər, əldə etdiyi nailiyyətlər göz qabağındadır. Bunu dünya ölkələri də çox yaxşı görürlər.

2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Strateji Yol Xəritəsini imzaladıqdan sonra qeyri-neft sektorunda, xüsusən də kənd təsərrüfatında çox mühüm işlər görülüb. Azərbaycanda ilk dəfə olaraq 2017-ci ildə ixrac idxalı üstələyib, 6 milyarda yaxın müsbət ticari balans əmələ gəlmişdir. Bütün bunların nəticəsində, ilk dəfə olaraq, Azərbaycanın iqtisadi inkişafına Dünya İqtisadi Forumunda yüksək qiymət verildi.

Son illərdə İnklüziv İnkişaf İndeksi dünyada iqtisadi inkişafı əks etdirən və sosial bərabərsizliyin aradan qaldırılmasının əsas göstəricisi sayılır. Milli gəlirlərin bölüşdürülməsindəki inklüzivlik bütövlükdə ölkənin dayanıqlı iqtisadi inkişafına və sosial təsisatların güclənməsinə səbəb olur.

Strateji Yol xəritələrində Azərbaycanda inklüziv inkişafa nail olunması əsas hədəflərdən biri kimi göstərilir. 2018-ci ilin dövlət büdcəsi xərclərinin 33 faizinin sosial xərclərə sərf edilməsi də büdcə xərclərinin inklüzivliyinin artırılmasına hesablanmışdır. Eyni zamanda, ölkədə internet infrastrukturunun inkişafı, əhalinin 75 faizdən çoxunun internetdən istifadə etməsi, “ASAN xidmət” mərkəzlərinin sayının artırılması, mobil ASAN xidmətinin fəaliyyətinin intensivləşməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün çoxsaylı proqramların qəbul edilməsi, 2000-dən çox ailə təsərrüfatlarının yaradılması kimi tədbirlər də Azərbaycanda inklüziv inkişafı gücləndirmişdir. Bütün bunların nəticəsi kimi Dünya İqtisadi Forumunun İnklüziv İnkişaf İndeksində Azərbaycanın inkişaf etməkdə olan ölkələr arasında 3-cü yer tutması böyük uğurdur.

Dünya İqtisadi Forumu tərəfindən nəşr edilmiş “Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatı da diqqətəlayiqdir. Belə ki, həmin hesabatda Azərbaycan 2018-ci ildəki göstəricidən 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub. Bu göstərici 12 indikator əsasında müəyyən edilib ki, bunlardan 8-i üzrə ölkəmiz MDB iştirakçıları arasında yüksək nəticələr əldə edib.

2020-ci il yanvarın 18-də Dünya İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi yerləşdirilmişdir. Həmin məqalədə deyilir: “Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkan verir.

Mən 2007-ci ildən başlayaraq artıq 14-cü dəfədir ki, Davosda İllik Toplantısında iştirak edəcəyəm. Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Bu, bizə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir.

Bu islahatlar nəticəsində 2007-ci ilin əvvəli ilə müqayisədə 2019-cu ildə ölkə iqtisadiyyatının həcmi 80 faizi, o cümlədən qeyri-neft sektorunun həcmi 2,1  dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, ölkədə yoxsulluq səviyyəsi 4 dəfədən çox, işsizlik səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq 4,9 faizə çatıb. Bu dövrdə ölkəmiz iki dəfə “Doing Business 2009” və “Doing Business 2019” hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb.

2007-ci ildən keçən dövr ərzində ölkəmizə 111 milyard ABŞ dollarından çox xarici investisiya cəlb olunub ki, bu da iqtisadiyyatın bütün sahələrində irəliləyişləri təmin edib. Nəticə etibarilə, Davos İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 2006-2007-ci ildə 64-cü yerdə idisə, 2017-2018-ci ildə 137 ölkə arasında 35-ci yerə qədər yüksəlməklə, 2019-cu ildə “Əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada 2-ci yeri tutan  ölkələr sırasında “Hökumət tənzimlənməsinin yükü”, “Əcnəbi işçilərin işə qəbulunun asanlığı” üzrə 3-cü yerdə, “Hökumətin dəyişməyə cavabdehliyi” üzrə 5-ci yerdə, “Biznesə başlama üçün tələb olunan günlərin sayı” üzrə 8-ci yerdə, “Hökumətin uzunmüddətli strategiyası” üzrə isə 10-cu yerdə qərarlaşıb”.

Dünya İqtisadi Forumunun hesabatında  yer alan istiqamətlərdən biri də əqli mülkiyyətin qorunması sahəsidir və ölkəmizin bu sahə üzrə göstəriciləri müsbət sayıla bilər. Belə ki, “İnstitutlar” indikatorunun “Əqli mülkiyyətin qorunması” sub-indeksi üzrə Azərbaycan 70,4 balla 30-cu yerdədir. Bu indikator üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Mərkəzi və Şərqi Avropa ölkələrini də geridə qoyur.

“Qlobal Rəqabətlilik İndeksi”nin son beş ilin nəşrlərinə görə, Azərbaycanın “Əqli mülkiyyətin qorunması” sub-indeksi üzrə göstəriciləri (2015-ci ildə 92-ci yer, 2016-cı ildə 71-ci yer, 2017-ci ildə 37-ci yer, 2018-ci ildə isə 36-cı yer) yüksələn xətt üzrə dəyişib.

Kornell Universitetinin (ABŞ), İNSEAD Biznes məktəbinin (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə nəşri olan və 2020-ci ildə 131 ölkəni əhatə edən (2019-cu il reytinqinə 129 ölkə daxil idi) “Qlobal İnnovasiya İndeksi-2020” (Qİİ-2020) dərc edilmişdir. “İnnovasiya resursları” sub-indeksi üzrə Azərbaycan MDB çərçivəsində reytinqdə 76-cı yeri tutur.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin məsələ üzrə şərhində deyilir: “İnnovasiya” göstəricisi də müəyyən dərəcədə əqli mülkiyyətlə əlaqəlidir. Hesabatın “Patent ərizələri” sub-indeksi üzrə Azərbaycanın reytinqi yüksəlib və bu, ölkəmizin “İnnovasiya” indeksi üzrə 68-ci yerdə qərarlaşmasına səbəb olub. Bütün bunlar dövlət başçısının rəhbərliyi altında ölkədə aparılan davamlı və səriştəli uzaqgörən iqtisadi islahatların verdiyi bəhrədir”.

Zümrüd QURBANQIZI,

“Respublika”.