Dünya bazarında taxılın qiymətinin aşağı düşməsi əhalinin güzəranına müsbət təsir göstərəcək
İQTİSADİYYAT

Dünya bazarında taxılın qiymətinin aşağı düşməsi əhalinin güzəranına müsbət təsir göstərəcək

Çörək bol olarsa, basılmaz Vətən. Ötən əsrin ortalarında xalq şairimiz Səməd Vurğun tərəfindən səsləndirilən bu məşhur misra təsadüfən deyilməyib bu gün aktualdır. Xalqı heç vaxt çörəklə imtahana çəkmək olmaz ona görə Azərbaycan dövləti əhalinin ərzaq təhlükəsizliyi probleminə həmişə həssaslıqla yanaşır. 2022-ci ilin birinci yarısında dünya bazarındakı taxıl qıtlığı, əksər ölkələrdə, xüsusilə Avropada baş verən quraqlıq, Rusiya-Ukrayna müharibəsinin başlanması onsuz da çətin olan vəziyyəti daha da mürəkkəbləşdirdi. Dünya birjalarında, bazarlarında taxılın qiyməti ağlasığmaz dərəcədə yüksəldi.

Təbii, Azərbaycan bir dövlət olaraq dünyada baş verən prosesləri diqqətlə izləyirdi ölkəmizin bu problemdən az ziyanla çıxması üçün qabaqlayıcı tədbirlər görüldü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 iyul 2022-ci ildə imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərmanı bu işdə müstəsna rol oynadı. Fərmanın qəbulundan sonra ilkin mərhələdə Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürən şəxslər tərəfindən istehsal olunan Dövlət Ehtiyatları Agentliyinə, un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 5 il müddətinə məhsul subsidiyası tətbiq olundu.

Fərmana əsasən Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında ərzaqlıq buğda istehsalçılarına müasir təsərrüfatların yaradılması suvarma sistemlərinin alınması üçün güzəştli şərtlərlə verilən kredit mexanizmlərinin təkmilləşdirilməsi dövlət nəzarətinin tətbiqi ilə bağlı təkliflər hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olundu.

2022-ci il avqustun 1-dək, sonrakı illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətləri müəyyən olundu. Dövlətin vaxtında gördüyü həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə taxıl bolluğuna şərait yaradıldı. Nəhayət stimullaşdırıcı tədbirlər öz müsbət nəticəsini verdi. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən, ötən il ölkədə 3,2 milyon tona yaxın taxıl toplanmış, məhsuldarlıq hər hektardan 31,3 sentnerə qaldırılmışdır.

Nəzərə alsaq ki, Prezidentin imzaladığı məlum fərman qarşıdakı tam 5 ili əhatə edir, yəni taxıl istehsalı tədricən, ildən-ilə artacaq, onda ölkədə taxıl bolluğunun olacağına, idxaldan asılılığın minimuma enəcəyinə heç bir şübhə yeri qalmır. Yəni dövlətin ölkədə taxıl bolluğu yaratmaq sahəsindəki ardıcıl siyasəti bir il keçməmiş öz müsbət nəticəsini verib respublikamızda taxıl ucuzlaşıb. Əlaqədar dövlət qurumları çörəyin qiymətinin enməsi xəbərlərini artıq əhaliyə çatdırıblar bu, onları, xüsusilə aztəminatlı ailələri sevindirir.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfəri çərçivəsində bu il martın 13- həmin ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşdə iki ölkənin iqtisadi əlaqələrinin inkişafına xidmət edən, o cümlədən ərzaq təhlükəsizliyi məsələsi müzakirə mövzusu olub.

Nəriman CAVADOV,

"Respublika".