Dünya Bankının nümayəndələri Milli Məclisdə olublar
Siyasət

Dünya Bankının nümayəndələri Milli Məclisdə olublar

Oktyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bir qrup deputatı Dünya Bankının nümayəndələri ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov ölkəmizin Dünya Bankı ilə əlaqələrə xüsusi önəm verdiyini qeyd edib. O, Azərbaycanın Dünya Bankı ilə iqtisadi sahədə standartların, xüsusilə büdcə proseslərindəki standartların tətbiqi ilə bağlı əməkdaşlığını yüksək qiymətləndirərək, ölkəmizdə büdcə və onun Milli Məclisdə qəbulu prosedurlarından söz açıb.

Görüşdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Aydın Hüseynov və Məzahir Əfəndiyev Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının tarixinə nəzər salıb, bu səmərəli əməkdaşlığın məhsuldar nəticələrini qeyd edib, büdcə sisteminin dayanıqlılığı barədə fikirlərini bölüşüblər.

Dünya Bankının nümayəndə heyətinin rəhbəri İan Halvdan Ross Xoksvort səmimi görüş üçün təşəkkürünü bildirərək, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığa sadiq olduğunu qeyd edib. İan Xoksvort və Dünya Bankının çıxış edən digər nümayəndəsi Mark Robinson Orta Müddətli Xərclər Çərçivəsi üzrə İnstitusional Potensialın İnkişafı Proqramının xüsusiyyətləri barədə danışıb, proqramın 5 fəaliyyət istiqaməti üzrə görülən işlər haqqında məlumat verib, büdcə proseslərinin idarə olunması məsələləri ilə bağlı fikirlərini ifadə ediblər.

Söhbət zamanı tərəfləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin əməkdaşları və digər rəsmi şəxslər də iştirak ediblər.

AZƏRTAC