“Dubay Ekspo 2020” çərçivəsində bərpa olunan enerji konfransında
İQTİSADİYYAT

“Dubay Ekspo 2020” çərçivəsində bərpa olunan enerji konfransında

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” mövzusuna həsr olunmuş “Dubay Ekspo 2020” ümumdünya sərgisi çərçivəsində Energetika Nazirliyi tərəfindən bərpa olunan enerji sahəsinə dair konfrans təşkil olunub.

Energetika Nazirliyinin verdiyi məlumata görə, tədbirdə çıxış edən energetika nazirinin müavini Elnur Soltanov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında ölkəmizin 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faizədək  azaldılması ilə bağlı əlavə könüllü öhdəlik götürdüyü haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aydın, uzunmüddətli, dayanıqlı inkişafa əsaslanan baxışlarını əks etdirən strateji hədəflərin sırasında ölkəmizin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə bərpa olunan enerjinin payının növbəti onillik ərzində 30%-ə çatdırılmasının da yer aldığını bildirib.

Energetika Nazirliyinin əməkdaşları tərəfindən ölkəmizdə “yaşıl elektrik enerjisi” istehsalının təşviq edilməsi üçün dəstək mexanizmləri, investisiyaların cəlbinə hesablanmış normativ sənədlər, yaxın gələcəkdə təşkil edilməsi nəzərdə tutulan bərpa olunan enerji hərracları haqqında məlumatlara dair video və təqdimat nümayiş etdirilib. Erməni işğalından azad edilmiş ərazilərimizin “yaşıl enerji zonası” elan edildiyi, Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə bu zonanın yaradılması üzrə müfəssəl Konsepsiya layihəsinin hazırlandığı və müvafiq Baş Planın hazırlanmaqda olduğu diqqətə çatdırılıb. Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji”dən maksimum istifadə hədəfləri və planlarının özəl sektorla əməkdaşlıq üçün açılan imkanları daha da genişləndirdiyi bildirilib.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi, bp, Acwa Power və Masdar şirkətlərinin nümayəndələri tərəfindən isə Azərbaycanda bərpa olunan enerji sahəsində mövcud investisiya mühiti haqqında təqdimatlar nümayiş olunub, ölkəmizdə özəl investisiya hesabına reallaşdırılması planlaşdırılan sənaye miqyaslı külək və günəş enerjisi layihələrinə dair ətraflı məlumat verilib.

İki saat davam edən konfransdan sonra tədbir iştirakçıları ilə birlikdə 2000 kvadratmetrdən çox ərazini əhatə edən “Gələcəyin toxumları” adlı Azərbaycan pavilyonu ziyarət edilib, burada nümayiş olunan texnoloji güllər, beş rəqəmsal ağacdan ibarət texnoloji meşə, multifunksional interaktiv masa instalyasiyası və digər innovativ texnologiyalar vasitəsilə ölkəmiz haqqında məlumatlarla tanış olunub.

Bəybala BƏYBALAYEV,

“Respublika”.