DTX-nin şanlı Qələbədəki rolundan bəhs edən “Qartal Zirvədə
Digər xəbərlər

DTX-nin şanlı Qələbədəki rolundan bəhs edən “Qartal Zirvədə" filminin təqdimatı olub

Onlar Vətən müharibəsində məxfi əməliyyatlarla tarix yazdılar, Xəzər Media Mərkəzinin hazırladığı "Qartal Zirvədə" sənədli filmi ilə isə əbədi olaraq Azərbaycan xalqının qəhrəmanlıq yaddaşında qalacaqlar.

AZƏRTAC xəbər verir ki, bu fikir Xəzər Media Mərkəzinin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Vətən müharibəsindəki şanlı Qələbədəki roluna həsr etdiyi və tamaşaçı auditoriyasının böyük marağına səbəb olan "Qartal Zirvədə" sənədli filmində səsləndirilib.

DTX-nin Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, media qurumlarının rəhbərləri, eləcə də DTX-nin ali zabit heyəti və əməkdaşları iştirak ediblər.

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov tədbirin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə təsadüf etdiyini vurğulayıb, "Qartal Zirvədə" sənədli filminin çəkilməsinin əsas məqsədlərindən danışaraq deyib: "Siz filmdə maraqlı məqamlar görəcəksiniz. Hamımız görəcəyik ki, Qələbə 44 gün ərzində deyil, bütün bu illər ərzində qazanılıb. Prezident İlham Əliyev bu müddət ərzində qüdrətli Ordumuzu yaradırdı. Bu qüdrətli Ordu bu gün öz təntənəsini qeyd edir".

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Vətən müharibəsində şanlı Zəfərin qazanılmasında DTX-nin şərəfli fəaliyyətindən söz açıb. DTX-nin əməkdaşlarının Vətən müharibəsində qəhrəmanlıq nümunələri göstərdiklərini vurğulayan Əli Nağıyev onların yüksək orden və medallarla təltif olunduqlarını diqqətə çatdırıb. Xidmət rəisi "Qartal Zirvədə" sənədli filminin çəkilməsinə görə Xəzər Media Mərkəzinə təşəkkürünü bildirərək qeyd edib: "Böyük iftixarla qeyd edirəm ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin sıralarında altı Vətən Müharibəsi Qəhrəmanı xidmət edir. Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin əsas məqamları bu film vasitəsilə cəmiyyətə hərtərəfli çatdırılıb və ictimaiyyət əməkdaşlarımızın müharibə dövründə göstərdikləri yüksək əzm və fədakarlıqlarla daha yaxından tanış olub".

Çıxışlardan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev "Qartal Zirvədə" sənədli filminin ideya müəllifi, Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşovu "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi" yubiley medalı ilə təltif edib.

Filmin müəllifi Rüstəm İbadova və rejissoru Aslan Qarayevə hədiyyələr təqdim olunub.

Sonra "Qartal Zirvədə" sənədli filmi nümayiş etdirilib.

Vətən müharibəsində DTX-nin həyata keçirdiyi məxfi əməliyyatların təfərrüatları ilə tamaşaçılar ilk dəfə bu sənədli ekran əsərində tanış olublar. Filmdə qeyd olunan faktlar və maraqlı görüntülər böyük maraqla qarşılanıb.