DTX: Hüquqazidd çağırışlar edən şəxslər barəsində müvafiq tədbirlər görülüb
Digər xəbərlər

DTX: Hüquqazidd çağırışlar edən şəxslər barəsində müvafiq tədbirlər görülüb

Məlum olduğu kimi, sentyabrın 27-də Vətən müharibəsi zamanı həlak olmuş vətəndaşlarımızın ruhuna ehtiram əlaməti olaraq respublikamızın şəhər və rayonlarında anım tədbirləri keçirilib. Tədbirlərdə xalqımızın haqq savaşında canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi yad olunub, məzarları ziyarət edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bir sıra hallarda bəzi şəxslərin Vətən müharibəsi şəhidlərinin anım mərasimlərindən məqsədyönlü şəkildə, radikal dini-ideoloji ayrı-seçkilik təbliğatı niyyətindən istifadə etməklə, müxtəlif dövlətlərə qarşı dini, irqi zəmində düşmənçilik çağırışları edib, tədbirlərin keçirildiyi yerlərdən videoçəkilişlər apararaq yaymaları cəmiyyətin və dövlətin mənafelərinə ziyan vuran hərəkətlərə yol vermələri təsbit olunub.

Həmin şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət olunaraq qanunazidd davranışlarının qarşısı alınıb, dini, irqi və ya digər mənsubiyyətindən asılı olaraq nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarının Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş qaydada məsuliyyətə səbəb olduğu barədə xəbərdar ediliblər.

Dövlət Təhlükəsizliyi Xidməti bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə və təhlükəsizlik maraqlarına zidd davranışların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

AZƏRTAC