DSX: Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən iki nəfər saxlanılıb
Digər xəbərlər

DSX: Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən iki nəfər saxlanılıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin olunması tədbirləri uğurla davam etdirilir.

Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin AZƏRTAC-a daxil olan birgə məlumatına görə, iyulun 26-da saat 20:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən iki nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılan şəxslərin Şəki rayon sakinləri 1987-ci il təvəllüdlü Nəsibov Kamal Ramiz oğlu və 1991-ci il təvəllüdlü Əliyev Elnur Möhübbət oğlu olmaları, əraziyə K.Nəsibova məxsus "Priora" markalı 99 KG 752 dövlət nömrə nişanlı avtomobillə gəlmələri müəyyənləşdirilib. Avtomobilə baxış zamanı salonun içərisindən çəkisi 7 qram narkotik vasitə marixuanaya bənzər maddə, iki ədəd tapança, bir ədəd 16 millimetr çaplı ov tüfəngi, beş ədəd patron, bir ədəd cib bıçağı, bir ədəd xəncər, 3300 Azərbaycan manatı və 200 ABŞ dolları aşkarlanaraq götürülüb.

Hazırda Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AZƏRTAC