DÖVLƏTİMİZİN GƏNCLƏR SİYASƏTİ HƏM DƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN QORUNMASINA XİDMƏT EDİR
Siyasət

DÖVLƏTİMİZİN GƏNCLƏR SİYASƏTİ HƏM DƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN QORUNMASINA XİDMƏT EDİR

Bu, vətənpərvərlik ruhunun formalaşmasına stimul verir

...Milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır. Çünki bizim çox zəngin mədəniyyətimiz, tariximiz var, ədəbiyyatımız, ana dilimiz var.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Çağdaş dövrümüzün son dərəcə ziddiyyətli, qloballaşma meyillərinin səngimədiyi bir dönəmində milli maraqlara və milli dəyərlərə söykənən, ən mütərəqqi beynəlxalq təcrübəni özündə ehtiva edən Azərbaycan dövlətinin gənclər siyasəti gənc nəslin nümayəndələrini respublikamızda baş verən proseslərdə fəal iştirakçı kimi dəyərləndirir.

Fevralın 2-si gənclərlə görüşdə cənab İlham Əliyev tərəfindən səsləndirilən fikirlərin başlıca istiqamətlərindən biri də qloballaşma pərdəsi altında gizlənmiş müxtəlif ideoloji və siyasi mərkəzlərin gəncləri hədəf kimi müəyyənləşdirməsi, onların davranışlarını manipulyasiya etməsi cəhdləri ilə bağlı idi. Cənab Prezident bununla əlaqədar qeyd etmişdir ki, qloballaşma termin olaraq indi dünya leksikonundan çıxarılsa da, ideya olaraq qalır, başqa ad altında kök salır. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir. Ancaq Azərbaycanda həyata keçirilən düzgün gənclər siyasəti bu vaxta qədər bəzi dağıdıcı ideoloji mərkəzlərin bu planlarının qarşısını vaxtında alıb. Dövlət başçısının səsləndirdiyi bu fikirlər Azərbaycanın gələcəyi olan gənclərimizın həyat fəaliyyətləri üçün, heç şübhəsiz, bir proqrama çevriləcəkdir.

Sirr deyil ki, hər bir xalqın gəncliyi onun gələcəyidir. Bir xalqın gəncliyini təsir altına salmaq o xalqın gələcəyi ilə bağlı söz sahibi olmaq deməkdir. Bu gün "vahid dəyərlər" adı altında bəzi "universal" dəyərləri milli dəyərlər yerinə qoymaqla gənc nəsli öz adət-ənənələrindən, mənəvi irsindən uzaqlaşdırmaq cəhdləri də əslində elə bu çirkin məqsədə xidmət edir. Azərbaycana qarşı da belə addımlar ardıcıl olaraq həmişə atılır. Dövlət başçımız tərəfindən təsbit olunmuş reallıq və düzgün ifadə edilən ideoloji istiqamət gənclərimizin qloballaşma güclərinin strateji toruna düşməmələri üçün xüsusi əhəmiyyətə malikdir.

Hər bir ölkənin ictimai-siyasi, elmi-mədəni-humanitar, sosial-iqtisadi həyatında gənclər mühüm rola malik olub, potensial qüvvə kimi önəmli yer tutur. Azərbaycanda gənclər siyasəti, gənclərə dövlət qayğısı, gənclərin inkişafı, gənclərin sağlam həyat tərzinin təşkili hər zaman dövlətin diqqət mərkəzində olub. Bu baxımdan, ölkəmizdə gənclərlə iş sektorunda görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, həmçinin onların cəmiyyətdə özlərini təsdiq etməsində başlıca rol oynayır.

Ölkəmizdə gənc nəslin qarşısında dayanan mühüm məsələlərdən biri onların Azərbaycan cəmiyyətinin həyatında layiqli iştirakının təmin olunmasıdır. Həmçinin qeyd etmək lazımdır ki, milli-mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Gənclər ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış edir, irimiqyaslı layihələrin icrasına qoşulur, idarəetmədə rolunu artırır, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyini möhkəmləndirir. Gənc nəslin fəaliyyətinin ana xətlərindən biri də könüllülük hərəkatı ilə bağlıdır.

Azərbaycan dövləti gənclərin ictimai həyatda fəallığının artırılması istiqamətində də əhəmiyyətli addımlar atır. Son zamanlar təkcə paytaxtda deyil, regionlarda da yaşayan gənclərin məşğulluq məsələlərinə xüsusi həssaslıq göstərilir. Dövlət strukturları istedadlı gənclərin üzə çıxarılması, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə yardımların göstərilməsi ilə bağlı bir sıra tədbirlər görməkdədir. Bu sahədə yardım yalnız maddi xarakter daşımır, gənclər üçün peşə məsləhətlərinə və karyera inkişafına dair metodiki vəsaitlərin hazırlanması və məsləhət xidmətlərinin təşkili də məşğulluq problemlərinin həllində özünəməxsus rol oynayır.

Ölkə üzrə təşkil edilən əmək yarmarkalarında gənc nəslin nümayəndələrinin işlə təmin olunması üçün geniş imkanlar yaradılır.

Xüsusilə, diqqətçəkən məqam bundan ibarətdir ki, Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan gəncləri milli-mənəvi dəyərlərin qorunmasında digər ölkələrin gənclərindən fərqlənirlər. Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Milli dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Uzun illər, əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, onları qorudu.

Bir dövləti məhv etməyin ən başlıca yolu gəncləri səhv yola yönəltməkdir. Gəncləri əyri yola sövq etmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Təsadüfi deyil ki, cənab Prezident sorosçuların məqsədinin məhz gənclər olduğunu qeyd etmişdir: "Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər".

Bu gün biz müstəqillik dövründə yaşayırıq. Bu, böyük xoşbəxtlikdir. Hər bir vətənpərvər azərbaycanlı gənc haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır.

Ölkəmizdə gənclərin sağlam, vətənpərvər ruhda inkişafı, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakı, asudə vaxtlarının səmərəli təşkili üçün dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən yetərincə şərait yaradılıb. Gənclərimiz də Prezidentimiz tərəfindən yaradılan şəraitdən layiqincə faydalanmağa, onlara göstərilən etimadı doğrultmağa, ölkəmizin inkişafına töhfələr verməyə çalışırlar. Hər bir Azərbaycan gənci ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünməlidir.

Bugünkü Azərbaycan igidlik və mərdlik məktəbini ləyaqətlə keçən bir gəncliyə sahibdir. Bu da ölkəmiz üçün böyük sərvətdir. Bu, həm də Azərbaycanın gələcəyinin əmin əllərdə olması deməkdir.

Emin QASIMOV,

"Respublika".