DÖVLƏTÇİLİYƏ XİDMƏT NÜMUNƏSİ
Siyasət

DÖVLƏTÇİLİYƏ XİDMƏT NÜMUNƏSİ

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsində dahi insanlara xas olan bütün mənəvi keyfiyyətlər cəmlənmişdi: fitri idarəetmə istedadı, iti fəhm və dərin zəka, siyasi uzaqgörənlik və müdriklik, böyük vətənpərvərlik və yüksək humanizm, qətiyyət və cəsarət, şəfqət və comərdlik, insansevərlik və qədirbilənlik.

Zəngin mənəviyyata və dünyagörüşünə malik şəxsiyyət kimi ulu öndər Heydər Əliyev dövrünün problemlərinə əsl vətəndaş təəssübkeşliyi ilə yanaşmış, xalqının nicatı və gələcəyi üçün yorulmadan çalışmışdır. Onun mənalı və şərəfli həyat yolu, Azərbaycan xalqı qarşısındakı xidmətləri və zəngin irsi gələcək nəsillərə ibrət nümunəsidir.

Heydər Əliyev dövrü bütün obyektiv və subyektiv çalarları, taleyüklü məqamları və dövlətçiliyin qorunması uğrunda məsul qərarları ilə Azərbaycan tarixinin xüsusi bir mərhələsidir. Şübhəsiz ki, bu dövrün dəyəri zaman keçdikcə daha düzgün anlaşılacaq, istər dövlət idarəetməsi sahəsində, istərsə də beynəlxalq əlaqələr tarixində zəngin bilik və təcrübə mənbəyi kimi istifadə olunacaqdır. Bu gün Heydər Əliyev şəxsiyyətini müxtəlif aspektlərdən analiz etməklə onun bütün sahələrdə mükəmməlliyinin şahidi ola bilərik; qətiyyətli dövlət başçısı, müdrik siyasətçi, xalqını və Vətənini dərindən sevən vətəndaş…

Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərinin nəticəsidir ki, bu il ölkənin hər yerində ulu öndər Heydər Əliyevin xatirəsi sevgi və ehtiramla xatırlanır, anadan olmasının 100 illik yubileyi əhəmiyyətli tədbirlərlə qeyd olunur.

Tarixi ədalət naminə deyək ki, Azərbaycanın müstəqilliyinin təməli ötən əsrin 90-cı illərinin hadisələri ilə deyil, daha öncə qoyulmuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövründə o, böyük təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, əzmkar fəaliyyəti ilə xalqımızın milli kimliyinin, təfəkkürünün, dilinin, mədəniyyətinin, milli adət-ənənələrinin və düşüncə sisteminin düzgün formalaşmasına böyük əmək sərf etmişdir. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsinin real siyasi amilə çevrilməsidir. Onun hakimiyyətə gəlişi ilə milli şüurun oyanışı başlamış, müstəqilliyimiz əbədi və dönməz xarakter almışdır.

Ötən əsrin 60-cı illərində dövlət təhlükəsizlik orqanlarında çalışan Heydər Əliyev ölkədə baş verən prosesləri diqqətlə izləyir, vəziyyətin mürəkkəb və kritik olduğunu, getdikcə daha da pisləşdiyini görürdü. Bu vəziyyətin əsas səbəbləri idarəetmədəki konfliktlər, hakimiyyət uğrunda açıq və gizli mübarizələr, eyni zamanda ölkədə rüşvətxorluq və korrupsiya hallarının artması idi. İstisnasız olaraq bütün sahələr üzrə köklü, ürəkaçan islahatlara ehtiyac yaranmışdı. İttifaq səviyyəsində Azərbaycanın nüfuzu deyildi. O dövrü Heydər Əliyev belə qiymətləndirirdi: "Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi".

Təhlükəsizlik orqanının rəhbəri kimi bu vəziyyət Heydər Əliyevi çox narahat edirdi, lakin bəzi məsələlər onun səlahiyyəti daxilində deyildi. Respublika rəhbərliyinə Heydər Əliyevin təyin olunması təklifləri ilə bağlı müəyyən tərəddüdlərə baxmayaraq, onun bütün məsələlərə bələd olması, neqativ hallara qarşı barışmazlığı və rəhbər üçün tələb olunan bütün keyfiyyətlərə malik olması bu doğru qərarın verilməsinə əsas oldu.

Sovet rejiminin bütün xüsusiyyətlərinə bələd olan Heydər Əliyev respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafı üçün Sovet İttifaqının iqtisadi potensialından istifadə etməyə üstünlük verdi. Mərkəzi Komitənin birinci katibinin yanaşması qəlibləşmiş sovet-kommunist təfəkkürünün stereotiplərindən uzaq idi. Yeni rəhbər yaranmış vəziyyətə görə məsuliyyət daşıyanların adını açıqlamaqla şəffaflıq və aşkarlıq nümunəsi ortaya qoydu. Heydər Əliyev həmçinin problemlərə qeyri-standart yanaşma sərgiləməklə mövcud şəraitin dərindən təhlilinə əsaslanan, gələcəyə yönəlik cəsarətli planlar təklif edirdi. Heydər Əliyev "ədaləti ədalətsizliklə bərpa etmək olmaz" şüarı ilə dövlət idarəetmə sistemində qanunun aliliyi və ədaləti əsas meyar kimi müəyyənləşdirir, vəzifə səlahiyyətləri ilə bağlı cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibətini nümayiş etdirir və xalqın sosial-iqtisadi vəziyyətinə və yaşayışına neqativ təsirini göstərirdi. Respublika rəhbəri xalq malına xor baxanlara, vəzifə səlahiyyətlərindən sui-istifadə edib hədsiz sərvət toplayanlara, rüşvətxorlara, gizli iqtisadiyyatın himayədarlarına qarşı son dərəcə kəskin, prinsipial və birmənalı mövqe tutmuşdu: günahkar cəzasını almalıdır! Heydər Əliyev respublikanın həm ideoloji, həm də iqtisadi həyatına yeni nəfəs, yeni impuls, yeni ovqat gətirdi. Ən əsası da o idi ki, yeni rəhbərin dedikləri və həyata keçirdiyi işlər insanlarda tezliklə vəziyyətin yaxşılığa doğru dəyişəcəyi ümidi yaratmışdı. O dövrdə cəmiyyət həyatındakı çoxsaylı müsbət dəyişiklikləri Heydər Əliyev dahi Nizaminin "Qoy ədalət zəfər çalsın!" sözlərini sitat gətirərək həyata keçirirdi. Bu ədalətin carçısı, daşıyıcısı və bayraqdarı isə ilk növbədə ulu öndərin özü idi.

Heydər Əliyev əməksevər, çalışqan adamlara yüksək qiymət verir, özəlliklə, kortəbii şəkildə vəzifəsini icra edənləri, "buyruq qullarını" deyil, işinə yaradıcı yanaşanları, yenilik təşəbbüskarlarını dəstəkləyirdi. Bu cür xarakterə malik kadrlardan komanda yaratmaqla Azərbaycanı ittifaq səviyyəsində irəli çıxara biləcək irimiqyaslı tədbirlərin önü açıldı, o cümlədən kadr korpusunun milliləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirildi, ehtiyac duyulan mütəxəssislərin yetişdirilməsi üçün hər il yüzlərlə gənc ittifaqın qabaqcıl ali məktəblərinə göndərildi, milli kadrların dövlət idarəetmə orqanlarına yerləşdirilməsi işi gücləndirildi.

Heydər Əliyevin Azərbaycanda birinci hakimiyyəti dövrü ölkə iqtisadiyyatında canlanma və yüksəlişlə, yaradıcılığın çiçəklənməsi və quruculuq işləri ilə yadda qalmışdır. Onun rəhbərliyi altında sənaye və kənd təsərrüfatında, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində böyük uğurlar qazanılmış, iqtisadiyyatın ayrı-ayrı sahələri inkişaf etdirilmiş, yeni texnologiyalara əsaslanan sənaye sahələri, mütərrəqqi mədəniyyət və təhsil müəssisələri, tibb mərkəzləri yaradılmış, infrastruktur təkmilləşdirilmiş, ölkənin ucqar bölgələrində yaşayış şəraitinin yaxşılaşdırılması üçün böyük işlər görülmüşdü. Azərbaycanın bu tərəqqisi barədə sonralar Heydər Əliyev deyirdi: "1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifahının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə doqquzuncu, onuncu və on birinci beşilliklər Azərbaycanın yeni tarixində mühüm yerləri tutur".

Ulu öndər dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına üstünlük verirdi. Onun ədalət anlayışına münasibəti çox həssas və prinsipial idi. Bilirdi ki, ədalət həm mənəvi-estetik kateqoriya, həm fəlsəfi anlayış, həm də idarəetmə sənətinin vazkeçilməz imperativlərindən biridir. Bu səbəbdən, ədalət kateqoriyası ümummilli liderin idarəçilik fəlsəfəsinin əsas aparıcı qayəsinə, leytmotivinə çevrilmişdi.

Azərbaycana rəhbərliyinin ilk dövründə Heydər Əliyev Ədliyyə Nazirliyinin yenidən təsis olunmasını təşkil etmiş, 27 oktyabr 1970-ci il tarixli qərarla Ədliyyə Nazirliyinin işi təkmilləşdirilmiş və onun sabit inkişafı üçün zəmin yaradılmışdır.

Milli ruhun yüksəlişini şərtləndirən əsas amillərdən birinin anadilli təhsil olduğunu qeyd edən Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə respublikada yüzlərlə uşaq bağçası, məktəb binası tikilib istifadəyə verilmiş, ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə çatdırılmışdı. Azərbaycan dilinin dövlət dili statusu ilə Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında təsbit edilməsi məhz Heydər Əliyevin xidmətidir. Sovet rejiminin türk xalqlarına qarşı aqressiv yanaşmasını və repressiv tədbirləri nəzərə alsaq, o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli bir addım idi.

Ulu öndər milli hərbi kadrların hazırlanması məqsədilə hələ 50 il əvvəl C.Naxçıvanski adına hərbi liseyin əsasını qoymuşdu. Günümüzün gerçəklərindən baxdıqda, bir daha əmin oluruq ki, Heydər Əliyevin milli müstəqillik strategiyası onun birinci hakimiyyəti dövründəki fəaliyyətinin tərkib hissəsidir. Dövlətin suverenliyi, iqtisadi müstəqillik, xarici siyasət sahəsində uğurlar ötən əsrin 70-80-ci illərində Heydər Əliyev tərəfindən yaradılmış böyük və münbit potensiala əsaslanır.

Ümummilli liderin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi dövlətimizin müasir dünyada koordinatlarını müəyyən etmiş, milli dövlətçiliyimizin ideologiyasına çevrilərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Heydər Əliyev respublikanın o dövrdəki iqtisadi inkişafını tənqid edənlərə cavab olaraq demişdi: "Mən 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçildim. Səkkizinci beşilliyin dördüncü ili gedirdi. Və aydın idi ki, beşillik planı yerinə yetirmək mümkün olmayacaq. Kadr işində və ideoloji işdə ciddi səhvlər vardı, mənfi hallar geniş yayılmışdı, rəhbər işçilər müxtəlif pozuntulara yol verirdilər. Bu vəziyyət zəhmətkeşləri çox narazı salmışdı. Vəziyyəti köklü surətdə dəyişmək üçün cəsarətli, prinsipial tədbirlər tələb olunurdu. Elə biz də onlardan başladıq. Bütün mənfi hallara qarşı fəal mübarizə genişləndirildi - yeri gəlmişkən, bu istiqamət Azərbaycan KP MK-da işlədiyim bütün dövr ərzində öz aktuallığını qoruyub saxladı".

Heydər Əliyev fenomeni Azərbaycanın keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrilməsində öz sözünü demişdi. SSRİ dövlətinin rəhbərliyinə gətirilərək Siyasi Büronun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrinə təyin olunması onun yüksək idarəetmə bacarığının və rəhbərlik qabiliyyətinin təsdiqi idi.

Azərbaycanın bir çox göstəricilərinə görə, SSRİ-nin qabaqcıl respublikalarından birinə çevrilməsinin məhz Heydər Əliyev sayəsində baş verdiyi danılmazdır. Sözünün çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim, xarizmatik lider idi. Etiraf etmək lazımdır ki, tarixi hadisə və həqiqətlərin fonunda Heydər Əliyev kimi kadrlara mərkəzdə böyük ehtiyac var idi. Bu güclü və güclü olduğu qədər də kirəcləşmiş sistemə yeni nəfəs lazım idi. Heydər Əliyev Nazirlər Soveti sədrinin birinci müavini kimi hökumətin işinə yeni impuls verdi. Azərbaycanda işləyərkən qazandığı nüfuz, təcrübə onu digər İttifaq respublikalarının birinci şəxslərindən əhəmiyyətli dərəcədə fərqləndirirdi. Hamı əmin idi ki, birinci müavin rəhbərlik etdiyi sahələri ətalət yuxusundan ayıldacaq, həmin infrastrukturlarda davamlı və dinamik inkişafın bazasını yaradacaqdır. Bu, belə də oldu.

Ulu öndərin ittifaqın hökumət rəhbərliyində təmsil olunması Azərbaycanın inkişafı üçün böyük önəm kəsb etmişdi. Heydər Əliyev artan nüfuzundan və yüksək vəzifəsindən istifadə edərək Azərbaycanın Sovet İttifaqının maliyyə imkanlarından yararlanmasına, bir sıra böyük layihələrin respublikamıza yönəldilməsinə nail olmuşdu. Məsələn, həmin dövrdə neft-qaz sənayesinin maliyyələşdirilməsi üçün məsələ qaldırmış, nəticədə "Çıraq", "Azəri" yataqları kəşf edilmiş, Dərin Özüllər Zavodu inşa edilmiş və bir sıra yeni sahələr yaradılmış, infrastruktur təkmilləşdirilmişdir. Azərbaycanın yazıçı və şairlərinin, rəssam və incəsənət xadimlərinin yubileylərinin İttifaq miqyasında keçirilməsi, sənaye və xalq təsərrüfatına aid strateji müəssisələrinin ölkəmizdə qurulmasının əhəmiyyəti sonralar anlaşılacaqdı.

Müstəqil Azərbaycanın qurulduğu ilk illərlə bağlı Heydər Əliyev deyirdi: "Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır".

Ulu öndər Azərbaycanın getdiyi yolun üfüqlərində onun müstəqilliyini görən dahilərdən idi. Gəncliyində memar olmaq istəyən Heydər Əliyevin taleyinə bir dövlətin müstəqilliyinin memarına çevrilmək yazılmışdı. O, 1993-cü ilin iyununda Azərbaycan rəhbərliyinə qayıtmaqla yeni bir dövrün əsasını qoydu. Müdrik siyasətçinin ağıllı tədbirləri sayəsində vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Xarici düşmənlərin daxilimizdəki əlaltıları ilə birlikdə Azərbaycanı parçalayıb yox etmək, müstəqilliyinin əlindən alınması planları boşa çıxarıldı. Vətənimiz və xalqımız düşmənlərin hazırladığı fəlakət uçurumuna düşmədi, bu bəlanı atlatdı.

Ümummilli lider deyirdi: "Biz nadir bir dövlətçilik irsinin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan dövlətimizin həm dünəninə, həm bugününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır".

Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmizin iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafını, Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakını, Böyük İpək yolunun bərpasını, transmilli nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsini, Qərbin enerji təhlükəsizliyinə töhfəsini verən neft-qaz kəmərinin çəkilişini təmin etdi.

Müstəqillik dövründə yaşadığımız ən böyük problem olan ərazilərimizin bütövlüyünün təmin edilməsi, Azərbaycanın haqq sözünün dünya ictimaiyyətinə çatdırılması və həqiqətlərin beynəlxalq tribunalardan səsləndirilməsi Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində mümkün olmuşdur. Rusiyanın dəstəyi ilə erməni silahlı dəstələrinin torpaqlarımıza təcavüzü başlayan ilk zamanlarda Heydər Əliyev Azərbaycanda və ya sovet rəhbərliyində olsaydı, keçmiş Dağlıq Qarabağ problemi də yaranmazdı, bəlkə də ötən dövrdə tarixi ədalətsizliklə Ermənistana hədiyyə edilmiş Zəngəzurun qaytarılması üzrə praktik hərəkətlərin şahidi olacaqdıq. Heydər Əliyev faktoru, onun gücü və nüfuzu düşmənləri belə təxribatlardan çəkindirirdi.

Heydər Əliyev öz zəngin idarəçilik təcrübəsini və siyasi bacarığını əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. Onun "mən bütün həyatımı Azərbaycana, xalqıma həsr etmişəm... Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram!" deməsi dahi liderin öz xalqı, Vətəni uğrunda misilsiz fədakarlığını göstərir.

Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etməsi demokratik-hüquqi dövlətin qurulması üçün köklü islahatların aparılmasına zəmin yaratdı. Bu islahatlar Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət olmaq yolunda beynəlxalq nüfuzunun artmasına səbəb oldu.

Ümummilli lider Heydər Əliyev hüquq sistemində islahatların sürətləndirilməsi üçün Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü. Totalitar rejimdən qalan hüquq sistemini və qanunları sivil və demokratik cəmiyyətin tələblərinə, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat verəcək şəkildə uyğunlaşdırılmasına başlanıldı, hüquqi dövlətin Azərbaycan modeli ilk Milli Konstitusiyamızın hazırlanması ilə gerçəkləşdirildi. Hüquqi dövlət quruculuğu prosesində ədliyyə orqanlarında köklü dəyişikliklər aparıldı, ədliyyə sisteminin inkişafı ilə bağlı tarixi əhəmiyyətli qərarlar qəbul olundu və həyata keçirildi. Sovet rejiminin maraqlarına xidmət edən məhkəmə sistemi ləğv edilərək insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən yeni məhkəmə sistemi yaradıldı. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı maraq prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri ilə tərəfdaşlıq üçün açıq ölkəyə çevrildi. Heydər Əliyevin xarici siyasətinin ən uğurlu addımlarından biri də Azərbaycanı türk dünyasından təcrid olunmuş vəziyyətdən çıxarmasıdır. Bu gün güclü beynəlxalq aktora çevrilməkdə olan Türk Dövlətləri Təşkilatının yaradılmasının təşəbbüs və təşkilatçılarından biri məhz Heydər Əliyevdir.

Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin zəngin irsinə böyük hörmətlə yanaşır, onu qoruyur və ondan bəhrələnir. Bu gün ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan Respublikasının müstəqil dövlətçilik tarixinə yeni şanlı səhifələr yazır və bundan sonra da müasir tariximizin yeni səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

Cabir AHMET,

hüquq elmləri üzrə

fəlsəfə doktoru.