Dövlətçiliyə, xalqına təmənnasız xidmət
Sosial həyat

Dövlətçiliyə, xalqına təmənnasız xidmət

"Ağlım kəsəndən bəri başqa alternativim olmayıb. Anam şərqşünas-alim idi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq etmişdir. Lakin məktəbi bitirdikdən sonra sənədlərini Tibb İnstitutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq olmuşdur. Bax, onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirmişdir. İxtisas seçimimə isə İlhamın anası - həkim oftalmoloq Zərifə xanım təsir göstərmişdir". Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva müsahibələrinin birində peşə seçimi ilə bağlı sualı belə cavablandırmışdı.

Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 nömrəli orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1988-ci ildə İ.M.Seçenov adına Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1990-1995-ci illərdə Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləmişdir. O, 2005-ci ildə "Eftanaziya və təbabətdə humanizm problemi" mövzusunda dissertasiya işi müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.

Mehriban xanım Əliyeva 1995-ci ildən aktiv ictimai fəaliyyətlə məşğuldur. Belə ki, o, 1995-ci ildə yaratdığı Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və 1996-cı ildə təsis edilən mədəni-maarifçilik yönümlü "Azərbaycan-İrs" jurnalının fəaliyyəti ilə Azərbaycan cəmiyyətində hələ ötən əsrin 90-cı illərinin ortalarından tanınmağa başlamışdı.

"Azərbaycan-İrs" jurnalı Azərbaycan, ingilis və rus dillərində nəşr olunmaqla qısa zamanda beynəlxalq aləmdə geniş oxucu auditoriyası toplaya bildi. Onun səhifələrində Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti barədə məqalələr çap edilir, xarici ölkələrdə Azərbaycan mədəniyyəti daha geniş şəkildə təbliğ olunurdu.

2002-ci ildə Mehriban xanım Əliyeva Azərbaycan Bədii Gimnastika Federasiyasına rəhbərlik missiyasını da öz üzərinə götürdü. Bundan sonra Azərbaycan idmançılarının bu sahədə əldə etdikləri uğurların sayı artdı. 2003-cü ildən etibarən Bakıda bədii gimnastika üzrə Dünya kubokunun mərhələ yarışlarının keçirilməsinə start verildi. 2005-ci ildə Azərbaycan ilk dəfə dünya çempionatını, 2007-ci ildə isə ilk Avropa birinciliyini keçirmək hüququ qazandı, idmançı qızlarımızın nailiyyətləri artdı, ən başlıcası isə idmanın bu növü ilə məşğul olmaq istəyən qızların gimnastika bölmələrinə kütləvi axını başladı. Azərbaycanda beynəlxalq yarışların keçirilməsi xoş bir ənənəyə çevrildi.

Bu möhtəşəm qələbələrdən sonra Mehriban xanım Əliyeva haqqında Azərbaycan cəmiyyətində formalaşan fikirlər mətbuatda yayılan aşağıdakı sətirlərlə də bir daha təsdiqləndi: "Bütün bu uğurların bir canlı rəhni, mənəvi anası, ilham mənbəyi var - Federasiyanın prezidenti Mehriban Əliyeva! Öz nəcibliyi, humanizmi, insanpərvərliyi, qızıl ürəyi ilə dəstək verdiyi və günü bu gün də təhsil, səhiyyə, mədəni irsin qorunması sahəsində uğurla gerçəkləşdirilən onlarla layihə kimi idmanın bu sahəsinin inkişafını da o, öhdəsinə götürüb. Bu yol nəcib yoldur, Azərbaycan Prezidentinə kömək, Azərbaycan xalqına təmənnasız xidmət yoludur".

Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyəti isə ölçüyəgəlməzdir. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, gənclərin milli dövlətçilik ideyaları ilə tərbiyə edilməsi, qloballaşmada milli-mənəvi dəyərlərin qorunub-saxlanılması kimi mühüm məsələlərin həllini qarşısına məqsəd qoyan Fond, eyni zamanda elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya sahələrində maraqlı layihələr həyata keçirir. Fondun məqsədyönlü fəaliyyəti nəticəsində bu qurum Azərbaycandan kənarda da yüksək nüfuz qazanıb.

Heydər Əliyev Fondu milli düşüncə sistemimizdə xüsusi yer tutan mərhəmət, insanpərvərlik, xeyirxahlıq kimi ali dəyərlərə tapınaraq cəmiyyətin mənəvi saflaşmasına çalışır, həyata keçirdiyi xoşməramlı missiya ilə cəmiyyətə yüksək mənəvi dəyərlər təlqin edir. Həm də bu dəyərlər ənənəvi təbliğat qəliblərində təqdim olunmur, görülən işlərin hər bir cəmiyyət üzvünün öz evində, ailəsində, gündəlik həyatında duyub hiss edə biləcəyi müsbət nəticələrlə əxz etdirilir: "Bu gün biz müasir texnika və qloballaşma əsrində yaşayırıq. Fikrimcə, zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha sıx ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganəlik artır, insanlar arasında uçurum dərinləşir. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu-qonşunu eşitmir, qardaş-qardaşa kömək əlini uzatmır. Bu gün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəz edilməsidir", - deyən Mehriban xanım Əliyeva xoş əməlləri ilə insanları səmimi birlik və həmrəyliyə dəvət edir.

Heydər Əliyev Fondunun qarşıya qoyduğu məqsədləri incələyərkən aydın olur ki, əslində, bu məqsədlərin heç biri əlahiddə xarakter daşımır və hər biri Azərbaycanı qəlbən sevən bütün fərdlərin arzularıdır. Onların hər biri arzu kimi daim daxili dünyamızda yaşayıb, sadəcə bir insan bu arzuları məqsədə çevirərək qarşıya qoymaq, həyata keçməsinə nail olmaq gücündə deyil. Lakin fərdi güclər birləşəndə və ümumi gücü qarşıya qoyulmuş hədəflərə doğru yönəldəndə bu məqsədlərin reallaşacağı məqam o qədər də uzaqda olmur.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən irəli sürülmüş elə bir ideya yoxdur ki, o, məzmununda, mahiyyətində Azərbaycanın indisi və gələcəyi ilə bağlı arzuları ifadə etməsin. Mehriban xanım yaxşı bilirdi ki, bu gün qloballaşan dünyamızda Azərbaycan vətəndaşları üçün ölkəmizdə təhsilin inkişafı vacib məsələlərdən biridir. Məhz elə buna görə də, fond yarandığı ilk gündən Azərbaycanda təhsilin inkişafını özünün başlıca fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirdi.

"Yeniləşən Azərbaycana yeni məktəb" devizi altında istər paytaxtda, istərsə də bölgələrimizdə müasir tələblərə cavab verən məktəblər tikilib sabahımız olan uşaqların istifadəsinə verildi.

Fondun təhsil sferasında həyata keçirdiyi ən genişmiqyaslı proqramlardan biri də "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramıdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların problemləri bu incəqəlbli xanımı həmişə narahat edir, bu istiqamətdə gördüyü işlərlə o, həm də əslində içimizdə, daxili dünyamızda olan qüvvəni həyəcanlandıraraq hərəkətə gətirməyə çalışır, o qüvvəni xeyirxah işlərə istiqamətləndirir.

İnsanın həyatında xoşbəxt anlar çox olur. Amma ağır bir mərəzdən qurtulduğunu, ölümün həyatının astanasından geri çəkildiyini duyan xəstənin çöhrəsindəki ilahi sevincin sözlə ifadəsi yoxdur. Bəs, bu anı yaşatmış insanın xoşbəxtliyi necə. Bənzərsiz bir şeydir!.. Bax, Mehriban xanımın səhiyyə sahəsində gördüyü işlərin sonu həmişə belə nəticələnir, xeyirxah əməli həyat verdiyi insanların dünyaya sığmayan sevincinin içində əriyib yox olur.

Bəli, son illər Heydər Əliyev Fondunun köməyi ilə tikilən məktəblər, uşaq bağçaları, mədəniyyət ocaqları, Azərbaycan mədəniyyətinin təbliği və milli irsimizin qorunması istiqamətində görülən möhtəşəm işlər, dünya mədəniyyətinə verdiyi töhfələr onu təkcə ictimai-siyasi xadim kimi yox, həm də görkəmli mədəniyyət hamisi kimi gözlərimizdə ucaldır. Mədəniyyətimizin köklərini minilliklərə bağlayan Mehriban xanım unudulmaqda, itib-batmaqda olan mədəniyyət incilərimizə həyat bəxş etdi, onları dünya arenasına çıxardı.

Bütün bunlar onun UNESCO və ICESCO kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı fonunda daha aydın görünür. Bu gün Azərbaycan mədəniyyətinin bir çox nümunəsinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması görülən işlərin uğurlu nəticələridir.

O, bütün bunları sevərək, Azərbaycanı, onun gələcəyini düşündüyü üçün edir, heç bir təmənna güdmədən, qürrələnmədən... Çünki sadəlik, alicənablıq Mehriban xanım Əliyevanın şəxsində öz əsl mahiyyətinə qovuşur, axı bu, sadəlik xatirinə sadəlik, alicənablıq xatirinə alicənablıq deyil, bir Tanrı bəxşişidir. Bütün ömrü boyu insan şəxsiyyətini rövnəqləndirən mənəvi ziynətdir və bu ziynət Mehriban xanıma çox yaraşır.

2005-ci ilin parlament seçkiləri ərəfəsində üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə Mehriban xanım Əliyevanın iştirakı, öz namizədliyini irəli sürməsi də bütün Azərbaycan seçicilərinin ümumi arzusu idi. Vətəndaşlar Mehriban xanım Əliyevanın namizədliyinin məhz onların təmsil etdikləri dairədən irəli sürülməsi təşəbbüsündən çıxış edir, Azərbaycan Prezidenti ilə birgə ölkəmizin ayrı-ayrı regionlarına baş çəkərkən bu diləyi Mehriban xanıma yetirirdilər və bu, tamamilə təbii görünürdü, çünki Heydər Əliyev Fondunun prezidentinin parlamentdə hər hansı bölgəni təmsil etməsi, həmin regionun yüksəlişi, burada yaşayan insanların sosial-iqtisadi problemlərinin həlli, infrastrukturun yeniləndirilməsi, sakinlərin maddi rifah halının daha da yaxşılaşdırılması demək idi. Belə də oldu. Mehriban xanım Əliyeva 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən millət vəkili kimi vətəndaşların, öz seçicilərinin inamına sadiqliyini nümayiş etdirdi, Azərbaycanın milli dövlətçilik düşüncəsində sözün əsl mənasında millət vəkilinin parlaq obrazını yaratdı. İlklərə imza atmaq sanki alın yazısıdır. Onun öz xeyir əməlləri ilə Azərbaycan tarixinə daxil etdiyi ilk kəlmələri isə dünya çapında yerimizi daha da aydınlaşdırmışdır.

2015-ci il iyunun 12-dən 28-dək ötən müddətdə Bakıda keçirilən ilk Avropa Oyunlarının uğurla başa çatmasında da ölkənin birinci xanımının böyük rolu olmuşdur. Onun xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. "Bakı-2015" Avropa Oyunlarında iştirak etmiş idmançılarla görüşü zamanı ölkə başçısı İlham Əliyev Təşkilat Komitəsinin sədri kimi Mehriban xanım Əliyevaya ən ali mükafat, "Heydər Əliyev" ordenini təqdim edərkən demişdir: "Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu oyunların keçirilməsinə çox böyük töhfə vermişdi. Deyə bilərəm ki, bu oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdu".

Mehriban xanım isə bu xoş, səmimi sözlərə, yüksək mükafata görə minnətdarlığını bildirərək fikrini belə ifadə etmişdi: "Çox sağ olun ki, Sizin və Azərbaycan xalqının birliyi nəticəsində ölkəmiz belə inanılmaz nailiyyətlərə imza atıb. Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə daha da tam gücümüzlə xidmət etməyə hazırıq".

Xoş əməllər heç zaman cavabsız qalmır. Qəlbindəki mərhəmət, humanizm duyğularıyla kiminsə sınıq qəlbini ovudan, insanlara sevgi bəxş edən hər bir kəs özü haqqında xoş, müsbət fikir formalaşdırır. Zaman-zaman müxtəlif səviyyələrdə təsis edilmiş mükafatlar böyük toplumun ifadəsinə çevrilib öz ünvanına çatır.

Bəşəriyyətin humanizm, mərhəmət tərənnümçüsü kimi ona da çox mükafatlar verilib. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub-saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən "İlin qadını" seçilib. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə sahib olub.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı ilin noyabrında ICESCO-nun xoşməramlı səfiri adını qazanıb.

Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında "Qızıl ürək" beynəlxalq mükafatını əldə edib.

Fransanın "Şərəf Legionu" ordeni, Polşanın "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, Pakistanın "Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi" mükafatı, Azərbaycanın qadın ictimaiyyətinin "Qadın və inkişaf" mükafatı və digər ödüllər də onun layiq görüldüyü mükafatlar cərgəsindədir. 2009-cu ildə isə Mehriban xanım Əliyeva Azərbaycanda "Heydər Əliyev Mükafatı" ilə təltif edilmişdir. 2010-cu ildə UNESCO-nun "Qızıl Motsart" medalı, 2011-ci ildə Krans Montana Forumunun Qızıl medalı, 2012-ci ildə "Prix de la Fondation" mükafatını alan Mehriban Əliyeva 2014-cü ilin mayında sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.

Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub-saxlanılması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə "The Business Year" jurnalı tərəfindən 2014-cü ilin mayında "İlin Birinci xanımı" mükafatını alıb. 2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafındakı səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və Birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif olunub.

2018-ci ildə İtaliyanın "Xidmətlərinə görə" Böyük Xaç Kavaleri ordeni, 2019-cu ildə isə Rusiya Federasiyasının "Dostluq ordeni" ilə mükafatlandırılıb.

Bütün bunlarla yanaşı, Mehriban xanım qayğıkeş həyat yoldaşı, ana, sevimli nənədir. Ailə dəyərlərinə böyük hörmətlə yanaşan Mehriban xanım deyir: "Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm... Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dalğın və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər".

Azərbaycanın bu gün Qərblə Şərq, Qərblə İslam Dünyası arasında önəmli, etibarlı körpü rolu oynaması, sivilizasiyalar və mədəniyyətlərarası dialoqla bağlı Azərbaycanın bir çox ölkələrə nümunə olması haqqında dünyada müsbət təsəvvürün formalaşmasında Prezident İlham Əliyevlə yanaşı, Mehriban Əliyevanın da müstəsna xidmətləri vardır və bu məqama xarici mətbuat da xüsusi diqqət yetirir. ABŞ-ın nüfuzlu "Washington Times" qəzetində onun haqqında dərc edilən məqalədə yazılır: "Azərbaycanın birinci xanımı Mehriban Əliyeva müsəlman dünyası qadınları üçün ən yaxşı nümunədir".

Zümrüd QURBANQIZI,

"Respublika".