DÖVLƏT PROQRAMLARININ GƏNCƏ-DAŞKƏSƏN İQTİSADİ RAYONUNUN İNKİŞAFINA VERDİYİ MÜHÜM TÖHFƏLƏR
Digər xəbərlər

DÖVLƏT PROQRAMLARININ GƏNCƏ-DAŞKƏSƏN İQTİSADİ RAYONUNUN İNKİŞAFINA VERDİYİ MÜHÜM TÖHFƏLƏR

2003-cü ildən etibarən Azərbaycanın iqtisadi sahədə həyata keçirdiyi siyasətin uğurlarını şərtləndirən əsas amillərdən biri də məhz inkişafın mərkəz və regionlar üzrə tarazlı xarakter daşıması, rentabelli istehsal sahələrinin ölkənin bütün regionlarını əhatə etməsidir. Yerli resurslardan istifadənin səmərəliliyinin artırılması infrastrukturun yeniləşdirilməsi tədbirləri ilə sıx şəkildə bağlıdır. Bu iqtisadi strategiya regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə imkan yaratmışdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin 11 fevral 2004-cü il tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", 14 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", 2014-cü il 27 fevral tarixli "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və 29 yanvar 2019-cu il tarixli "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların iqtisadi inkişafında tamamilə yeni səhifə açmışdır. İnsanların kəndlərdən şəhərlərə axınının qarşısını almış, xüsusilə də qeyri-neft sektorunun, sahibkarlığın inkişafına xüsusi təkan vermişdir.

2004-2018-ci illər ərzində reallaşdırılan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının təhlili göstərir ki, ötən müddətdə ölkənin makroiqtisadi göstəricilərində regionların xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Yerlərdə sahibkarlığın inkişafının sürətləndirilməsi, yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması nəticəsində əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində böyük uğurlar əldə olunmuşdur. Dövlətin sosialyönümlü iqtisadiyyat quruculuğu və insanların layiqli iş yerləri ilə təmin edilməsi istiqamətində apardığı siyasət öz müsbət töhfəsini vermiş, ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2004-2018-ci illər ərzində 1,5 milyonu daimi olmaqla, 2 milyondan artıq yeni iş yeri yaradılmışdır ki, bu iş yerlərinin də 75 faizi regionların payına düşmüşdür.

Dövlət başçısı cənab İlham Əliyevin ölkə iqtisadiyyatının davamlı və rəqabətqabiliyyətli inkişafını təmin etmək üçün qeyri-neft sektorunda istehsal sahələrinin artırılması, eləcə də sənaye potensialının gücləndirilməsi istiqamətində verdiyi tapşırıqlar, respublikanın ikinci şəhəri olan Gəncədə də uğurla icra olunmuşdur. Nəzərdə tutulan iqtisadi layihələr həyata keçirildikdən və istehsal tutumlu sənaye müəssisələri yaradıldıqdan sonra Gəncənin potensialı durmadan artmaqdadır. Hazırda şəhərdə istehsal olunan sənaye məhsulunun əsas hissəsi emal sənayesinin payına düşür. Emal sənayesində, kompüter, elektron və optik məhsulları, qida məhsulları, un və un məmulatları, tikinti materialları, toxuculuq, kağız və karton, mebel, nəzarət ölçü cihazları, avtomobil, qoşqu və yarımqoşquların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri bölmələrində, həmçinin metallurgiya sənayesində ciddi artım müşahidə olunur. İstehsal olunan məhsullar Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrə ixrac olunur. Göstərilən sahələrin inkişafı ilə yanaşı, müasir, yeni istehsal sahələrinin yaradılması üçün də müəyyən işlər görülmüşdür.

Gəncə şəhərinin zəngin tarixinə, memarlıq inciləri nəzərə alınmaqla yeni inşa edilmiş Gəncə Dövlət Dram Teatrı diqqəti çəkir. Mədəniyyət ocağının 478 yerlik böyük tamaşaçı zalı, 22 tamaşaçı yerlik lojalar və 120 yerlik kiçik tamaşaçı zalı var. Yeddimərtəbəli binada, həmçinin iki zaldan, 135 eksponat və rəsm əsərlərindən ibarət Gəncə Teatr Muzeyi, zəngin kitabxana, xoreoqrafiya zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri infrastruktur yaradılıb. Bir sözlə, teatrın yeni binasında tamaşaların nümayişi üçün müasir texniki şərait təmin edilib, yaradıcı heyətin məşqləri ilə bağlı bütün məqamlar nəzərə alınıb. Bu möhtəşəm yeni binalarda mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi Azərbaycanda mədəniyyət sahəsinə göstərilən dövlət qayğısının əyani təsdiqidir.

Gəncə şəhəri Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən yaraşıqlı, nəhəng "Gəncə Mall" ticarət kompleksi inşa edilərək sakinlərin və qonaqların xidmətinə verilmişdir. Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir. Səkkiz mərtəbədən ibarət mərkəzin binasının dörd mərtəbəsi zirzəmi səviyyəsindədir. Zirzəmilərin 1-ci, 2-ci və 3-cü mərtəbələrində 411 avtomobil tutumlu yeraltı dayanacaq yaradılıb. Bundan başqa, supermarket də fəaliyyət göstərir.

Yüngül sənaye sahəsində idxaldan asılılığın azaldılması və ixrac potensialının artırılması, milli tekstil brendlərinin yaradılması istiqamətində həyata keçirilən işlərin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli Sərəncamı ilə Mingəçevir Sənaye Parkı yaradılmışdır. 2018-ci ilin birinci rübündə Mingəçevir Sənaye Parkında rezident kimi qeydiyyata alınmış "Mingəçevir Tekstil" MMC-nin iplik istehsalı üzrə 2 fabriki ("Ring" və "Open End" üsulu ilə) istifadəyə verilmiş və fabriklərdə 750 yeni iş yeri açılmışdır. Hazırda fəaliyyəti daha da genişlənməkdədir.

Bölgənin dilbər guşələrdən olan Daşkəsən- dəmir filizi, Zəyilik alunit, qızıl və mis, Xaşbulaq isə əhəngdaşı kimi zəngin yataqlara malikdir. Daşkəsəndəki filiz yataqlarından səmərəli istifadə edilməsi cənab Prezidentin diqqət mərkəzindədir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının tədbirlər planına uyğun olaraq, "AzerGold" QSC-nin Daşkəsən rayonunda da ölkə iqtisadiyyatına gəlir gətirməsi, o cümlədən Daşkəsən rayonu ərazisində mövcud olan dəmir filizi yataqlarının işlənməsi və istismarı üzrə iş proqramı çərçivəsində yataqlarda üstaçma və dəmir filizinin çıxarılmasına geniş imkan yaratmışdır. Bu isə yeni iş yerlərinin açılmasına səbəb olmuşdur.

Ümumiyyətlə, Daşkəsən rayonunu eyni zamanda əkinçiliyin, maldarlığın, arıçılığın, hətta, turizmin inkişafı üçün yüksək potensiala malikdir. Artıq yeni layihələr icra olunmaqdadır. Xüsusən, kənd yerlərində iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin məşğulluğu və sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət və inkişaf mərhələsinə keçməsi ön plana çıxmışdır.

Aqrar rayonlardan olan Samuxun ərazisindən axan əzəmətli ana Kürün bir hissəsi böyük hidroelektrik potensialına malikdir, iri elektrik enerjisi sənayesi - Gəncə və Yenikənd SES-ləri burada təmsil olunur. Eyni zamanda, əzəmətli ana Kürün hər iki sahilində yerləşən münbit torpaqlardan Samux sakinləri yetərincə bəhrələnir və ölkəmizin iqtisadiyyatına töhfələr verir. Burada böyük sahəni əhatə edən meyvə bağları, iri təsərrüfatlar (taxıl, feya, kartof, qarğıdalı və digər dənli bitkilər) və yeni tipli müəssisələr qurulmuşdur. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən inşa etdirilən "Aqroenerji" kompleksin 9 min günəş paneli quraşdırılmışdır ki, bu da günəş enerjisinin istehsal olunmasına imkan verir.

Respublikada böyük əraziyə malik Goranboy rayonunda da kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait mövcuddur. Belə ki, rayonda əkinçilik, üzümçülük, maldarlıq, pambıqçılıq, meyvə-tərəvəz ənənəvi olaraq məşğuliyyətin əsasını təşkil edir. Rayonun suvarma təchizatı sahəsində əvvəllər müəyyən çatışmazlıqlar mövcud idi. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş, Şəmkir Su anbarının Maşın kanalından gələn su və yeni artezianların, arxların istifadəyə verilməsi bu problemi aradan qaldırmışdır.

Olduqca mənzərəli və ecazkar təbiəti olan Göygöl rayonu da yüksək potensiala malikdir. Rayon sakinləri əkinçilik, maldarlıq, üzümçülük, arıçılıqla məşğuldurlar. Rayonun "Göygöl Şərab Zavodu" ASC, Qızıl balıq Yetişdirmə zavodu fəaliyyət göstərir. Regionda tanınan mineral suları ilə zəngindir. 150 illik tarixə malik "Göygöl Şərab Zavodu" ASC Azərbaycanın ən qədim şərab, konyak, şampan, araq və alkoqolsuz içkilər istehsal edən müəssisəsidir. Cənubi Qafqazın qədim şərabçılıq təsərrüfatlarından biri olan Göygöl Şərab Zavodunun təməli 1860-cı ildə Azərbaycanın o zamanlar Yelenendorf adlandırılan (indiki Göygöl rayonu) ərazisində məskunlaşmış Şvab almanları tərəfindən qoyulmuşdur.

Yer üzünün sehirli və ecazkar məkanlarından olan Naftalan dövlət başçısının diqqət və qayğısı nəticəsində, öz keçmiş şöhrətini bərpa etmiş, sözün əsl mənasında dünya səviyyəsində təbabəti, təbiəti və qonaqpərvərliyi ilə xalqımızın imicini daha da zənginləşdirmişdir. Eyni zamanda, Naftalan dünya əhəmiyyətli balnioloji kurort kimi məşhurlaşmışdır. Naftalan unikal müalicəvi əhəmiyyəti olan "naftalan" nefti ilə tanınaraq, Naftalan sağlamlıq turizmi xidmətləri sahəsində böyük potensiala malikdir. Dünya standartlarına cavab verən otellər, ponsianatlar və parklar ansambl yaradaraq, ecazkar bir mənzərə yaratmışdır. Bildiyimiz kimi, şəhərdə qeyri-neft sektorunda prioritet sahə əsasən turizm sahəsidir. Ölkə başçısının xüsusi diqqəti sayəsində Naftalanda son illər turizm sektorunun inkişaf etdirilməsi istiqamətində bir çox yeni layihələr həyata keçirilmiş və şəhərin infrastrukturu tamamilə yenilənmişdir.

Yaxın gələcəkdə şəhərdə tikintisi davam etdirilən turizm obyektləri istifadəyə verildikdən sonra Naftalan gün ərzində, ümumilikdə, 3500-dən artıq turistə otel və müalicə xidmətləri göstərmək imkanına malik olacaq.

 "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində ölkədə regionların inkişafı ilə əlaqədar tənzimlənmə sisteminin, o cümlədən qanunvericilik bazasının, institusional və iqtisadi mexanizmlərin daha da təkmilləşdirilməsi, investisiya və innovasiya fəallığının artırılması, mütərəqqi texniki avadanlıqlar və texnologiyaların tətbiqi əsasında yerli iqtisadi potensialın gücləndirilməsi artıq öz nəticəsini vermişdir. Beləliklə, ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dayanıqlı inkişafı təmin olunmuş, qeyri-neft sektoru üzrə ixrac həcminin artımına nail olunmuş, regionlarda, kənd yerlərində yaşayan əhalinin məşğulluq və gəlirləri artmış və onların sosial rifah halı yüksəlmiş, bununla da regionların davamlı və tarazlı inkişafı təmin olunmuşdur.

Zabit XƏLİLOV,

"Respublika".